Şimal qonşumuzun Xəzərdə hərbi müstəvidə atdığı son addımlar bu qənaətə gəlməyə əsas verir ki, Rusiya qarşıdakı dövr ərzində ən böyük zərbə qruplaşlarından birini məhz bu dənizdə yaratmağı düşünür. Bütün bunların Rusiyanın Yaxın Şərqdə hərbi əməliyyatlara fəal cəlb olunması, Qərblə ziddiyyətlərinin savaş həddinə çatması fonunda baş verməsi isə müəyyən suallar doğurur. Belə iddialar səsləndirilir ki, Kreml əslində Xəzəri hərbi hədəfə çevirir.
Bu barədə danışmazdan öncə qeyd edək ki, son məlumatlara görə, Rusiyanın Xəzər donanması bundan sonra Dağıstan Respublikasının Kaspiysk şəhərində yerləşəcək. Rusiya müdafiə naziri Sergey Şoyqu bəyan edib ki, Həştərxandan Kaspiyskə köçəcək donanmanın hərbi qulluqçularının sayı da xeyli artacaq. Nazir bildirib ki, donanmanın köçürülməsi ilə əlaqədar Kaspiyskdə genişmiqyaslı tikinti işləri aparılacaq. Şoyqu qeyd edib ki, donanmanın köçürülməsi Xəzər regionunda təhlükəsizliyin ciddi tərkib hissəsidir. Amma o, burada hansı təhlükələrdən söhbət getməsinə aydınlıq gətirməyib. Sadəcə, deyilənlərdən belə bəlli olur ki, Moskva Xəzərdə hərbi gücünü yenidən artırır. Təhlilçilər isə bunu bir neçə səbəblə əlaqələndirir. Əvvəla, İŞİD və digər terrorçu qüvvələrin Şimala Qafqaza, o cümlədən Dağıstana qayıdışı Kremli Xəzərdə də hərbi qüvvələrini artırımağa vadar edir. Digər tərəfdən, İŞİD-in Orta Asiya sərhədlərində peyda olması fonunda onun Türkmənistan üzərindən Xəzərə çıxışına dair təhdidlər hələ də aktuallığını qoruyur. Məhz bu səbəbdən Kreml Xəzərdə hərbi varlığını gücləndirir. Çünki terrorçu qruplaşmaların Rusiyanın Xəzər donanmasını hədəfə alacağını yaxşı bilir.
Ümumiyyətlə, 2015-ci ildə Suriya hərbi kampaniyasına başlayandan sonra Rusiya Xəzəri hərbi əməliyyatlar zonasına çevirib. Məhz buradan Rusiya gəmiləri Suriyadakı hədəflərə silahlanmaya yeni qəbul edilən “Kalibr” qanadlı raketləri ilə bir neçə dəfə zərbələr endirib. Elə o vaxtdan terroçuların diqqəti həm də Rusiyanın Xəzər donanmasına yönəlib. Daha bir məsələ isə Xəzərin hərbi baxımdan Rusiyanın nəzarətində olduğuna Qərbin diqqətini cəlb etməklə izah olunur. Moskva bununla, istənilən halda, Xəzəri Qərbə güzəştə getmək niyyətində olmadığını göstərir. Bu o vaxt baş verir ki, Avropa və ABŞ Xəzəryanı ölkələrlə enerji sahəsində əməkdaşlığı genişləndirməyi düşünür.
Digər tərəfdən Xəzərin strateji əhəmiyyəti də burada xüsusi vurğulanır. Belə ki, Rusiya və Qərb arasında artan ziddiyyətlərin sonda təhlükəli savaşa gətirib çıxara biləcəyinə dair xəbərdarlıqların sayı artır. Belə vəziyyətdə Moskva Xəzəri hərbi zərbələrin endirildiyi əsas məkan qismində gördüyündən, burada hərbi gücünü artırır. Rus hərbi ekspert Aleksey Leonkov bildirir ki, Xəzər donanmasının bölmələrinin Həştərxan vilayətindən Kaspiyskə daşınması Həbi Dəniz Qüvvələrinin bu operativ birləşməsinin imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. Buradan Rusiya bütün Cənubi Qafqaz regionu və geniş Yaxın Şərq regionu üzərində raket çətiri yarada bilər: “Yeni bazaya köçəndən sonra Xəzər donanmasının qüvvələri döyüş növbətçiliyi rayonuna daha operativ şəkildə hərəkət edə biləcək. “Kalibr” raketlərinin sayəsində Xəzər donanmasının zərbə zonası olduqca böyükdür. Rusiya bu baza hesabına özünün Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərqdəki müttəfiqlərini etibarlı şəkildə qoruya bilər”. Ehtiyatda olan general, Rusiya silahlı qüvvələrinin Ehtiyatda olan Zabitlər Milli Assosiasiyasının direktoru Vladimir Boqatıryov isə vurğulayyır ki, bazanın yerinin dəyişməsi silahlı qüvvələrin inkişaf planının bir hissəsidir: “Xəzər donanması müəyyən vaxtdan etibarən bu regionda operativ hərbi-dəniz birləşməsi kimi çox mühüm rol oynamağa başlayıb. Bundan əlavə, Xəzər hövzəsi “Kalibr” raketlərinin imkanları sayəsində Yaxın Şərq, Qara dəniz, Orta Asiya və digər istiqamətlərdə strateji rol oynaya bilər”. Rusiya Hərbi Dəniz Donanmasının keçmiş qərargah rəisi, admiral Viktor Kravçenko isə deyir ki, donanmanın Kaspiyskə yerdəyişməsi onun operativ imkanlarını genişləndirəcək: “Bizim Xəzərdə güclü yumruğumuz olacaq. Bütün qüvvələr bir yerdə cəmləşəcək və donanma hava şəraitindən asılı olmayacaq”. Bütün bunlar isə həm də Rusiyanın Xəzərdə təhlükəli hərbi oyun oynadığını göstərir. Onu da qeyd edək ki, Moskva ilə yanaşı Tehran da Xəzərdə hərbi gücünü artırır. Elə bunun nəticəsidir ki, bu günlərdə İran Xəzər dənizindəki donanmasının döyüş tərkibinə ölkədə istehsal olunmuş “Sipər” raket gəmisi daxil edib. “Sipər” raket gəmisi kommunikasiya təchizatı və silah kompleksi nöqteyi-nəzərindən ən müasir gəmilərdən biridir. Yüksək manevrə və sürətə malik olan, “yer-yer” tipli raketlərlə və havadan müdafiə vasitələri ilə təchiz olunan gəmi ilə İran burada döyüş qabiliyyətini daha da artırıb.
NAHİD