Seyid Camal Əzimbəyli: “Ölkədə seçkilərin azad və sərbəst şəkildə həyata keçirilməsi məqsədilə kifayət qədər müasir tələblərə uyğun qanunvericilik bazası mövcuddur”
Tarixi təcrübə göstərir ki, hər bir dövlətin mütərəqqi inkişafı müxtəlif səbəblərlə yanaşı, həm də demokratik seçkilərdən asılıdır. Seçkilər idarəetmənin mərkəzi institutu, insanların cəmiyyətin siyasi-ictimai həyatında iştirakının ən kütləvi formasıdır.
Xalq dövlətin idarə edilməsində iştirak hüquqlarını əsas etibarilə seçkilər vasitəsilə reallaşdırır və bu zaman hakimiyyət də idarəedilənlərin razılığı ilə legitimliyini təmin edir. Bu razılığı hökumətin səlahiyyətinə çevirən ən başlıca mexanizm isə ilk növbədə azad, ədalətli və obyektiv seçkilərin təşkilidir. Azərbaycan da ötən illər ərzində bu sahədə böyük təcrübə əldə edib.
Məlum olduğu kimi, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Müşahidələr göstərir ki, namizədlərin irəli sürülməsi, imzatoplama, namizədlərin qeydə alınması, təbliğat-təşviqat kampaniyaları tam normal şəraitdə təşkil olunub. İndiyə qədər sadalanan prosedurlar çərçivəsində heç bir narazılıq, insident qeydə alınmayıb. Hansısa namizəd nəyə görəsə seçki prosesindən narazı qalmayıb. Belə olsaydı, bu mütləq özünü göstərərdi.
Seçki qanunvericiliyinə əsasən, seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Beləliklə, seçkiqabağı təşviqat 2018-ci il martın 19-u başlayıb. Qanuna uyğun olaraq, təşviqat aprelin 10-u saat 8:00-da başa çatacaq. Artıq prezident seçkilərinə sayılı günlər qalıb. Bu müddət ərzində hansısa insidentin baş verməməsi bu sahədə işlərin son dərəcə ədalətli təşkil olunmasından xəbər verir. Çünki istənilən seçkinin ədalətli və şəffaf həyata keçirilməsi həmin ölkədə cəmiyyətin demokratik mühitinin yüksək olması mənasını verir. Azərbaycanda bütün bunlar yüksək səviyyədə təmin olunur. Ermənistana baxsaq görərik ki, nəinki seçki günü, seçkiyə hazırlıq kampaniyasında ciddi insidentlər baş verir. Namizədlər, seçicilər sui-qəsdə məruz qalır və s.
Azərbaycanda belə məqbul şəraitin yaradılması nəyin nəticəsidir?
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəyli bunu bir sıra faktorlarla əlaqələndirdi: “Əvvəla həqiqətən də prezident seçkisinə start veriləndən sonra keçən müddət ərzində heç bir insident, narazılıq qeydə alınmayıb. Bunun özü böyük göstəricidir. Əminəm ki, seçki günü və ondan sonra da belə olacaq. Bütün bunlar təsadüfi deyil. Çünki seçki kampaniyası dönəmində o zaman insident yaşanır ki, namizədlərə bərabər şərait yaradılmır. Azərbaycanda bütün namizədlərə bərabər şərait yaradılıb. İstənilən iddialı şəxs qanuna uyğun olaraq namizədliyini verib, imza toplayıb. Hansı prezidentliyə iddialı şəxs imza toplaya bilibsə, namizəd olaraq qeydə alınıb. Daha sonra digər namizədlər kimi, seçicilərlə görüşür, öz platformalarını ortaya qoyurlar. Hər bir prezidentliyə iddialı namizəd azad şəkildə öz platformasını cəmiyyətə bəyan edir. Bununla bağlı hansısa maneə yaradılmır. Belə olan halda, əlbəttə ki, hansısa narazılıqdan söhbət belə gedə bilməz. Ona görə ki, bütün namizədlərə siyasi mövqeyindən, baxışlarından asılı olmayaraq, bərabər şərait yaradılıb. Ona görə də seçkiyə hazırlıq prosesi sakit və öz axarı ilə gedir. Hesab edirəm ki, başlıca amil məhz bununla əlaqədardır. Digər tərəfdən onu da nəzərə almaq lazımdır ki, Azərbaycanda seçkilərin azad və sərbəst şəkildə həyata keçirilməsi məqsədilə kifayət qədər müasir tələblərə uyğun qanunvericilik bazası mövcuddur. Bununla yanaşı, seçkilərin keçirilməsi üçün lazımi şərait yaradılıb, seçki komissiyaları müasir texniki avadanlıqlarla təchiz edilib. Bütün bunlar da sözügedən sahədə işlərin düzgün təşkil olunmasına öz müsbət təsirini göstərir. O baxımdan şübhə etmirəm ki, bundan sonra da işlər nizamlı şəkildə olacaq. Namizədlərə bərabər imkanların yaradılması bu qənaətə gəlməyə tam əsas verir”.
Vidadi ORDAHALLI