Məhəmməd Əsədullazadə: “Bütün bunlar ölkənin tam nəzarətə götürülməsinə hesablanıb”
İşğalçı Ermənistanın marionet dövlət olması bu gün heç kəsə sirr deyil. Ermənistan bir sıra atributlara sahib olsa da, faktiki olaraq, bu dövlətin müstəqil siyasət yeritməsindən danışmaq yersizdir. Həmişə olduğu kimi, Ermənistan hansısa dövlətin yedəyində gedir.
Məlum olduğu kimi, Rusiyanın Cənub Hərbi Dairəsinin Ermənistanda yerləşdirilmiş hərbi bazasında hərbi polis bölmələri formalaşdırılır. Hərbi polis bölmələrinin yaradılmasında məqsəd hərbi intizamın saxlanması, yol hərəkətinin təhlükəsizliyini və Gümrüdəki hərbi qarnizonda obyektlərin mühafizəsini təmin etməkdir. Şəxsi heyət xüsusi ləvazimat və hərbi texnika ilə təchiz olunacaq. Həmçinin, şəxsi heyətə müqavilə üzrə xidmət edən zabit, çavuş və əsgərlər cəlb olunacaq.
Ermənistan müxalifəti hadisələrin bu cür inkişafından narahatdır. Onlar hesab edirlər ki, əvvəlcə Rusiya hərbi polisi Ermənistana gələcək və yalnız bundan sonra bu haqda saziş bağlanacaq. Bununla yanaşı, müxalifət hesab edir ki, Rusiya hərbi polisinin Ermənistan ərazisində mövcud olması üçün heç bir əsas yoxdur. Rusiya tərəfi bununla bağlı vurğulayır ki, hərbi polis Ermənistandakı Rusiya hərbi bazası və qarnizonu çərçivəsində fəaliyyət göstərəcək. Ermənistan müxalifəti isə buna cavab olaraq bildirib ki, Ermənistan və Rusiya arasında 1995-ci ildə imzalanan müdafiə və hərbi əməkdaşlıq haqda sazişlərdə Rusiya hərbi polis hissələrinin İrəvan və Gümrüdə yerləşdirilməsi haqda heç nə qeyd olunmayıb.
Hərbi polis birləşmələrinin Naxçıvan və İranla sərhəddə, o cümlədən Mehridə də yerləşdiriləcəyi yayılan məlumatlar sırasındadır.
Bütövlükdə, ölkə ictimaiyyətində Rusiyanın məlum addımı birmənalı qarşılanmır. Belə fikirlər səslənir ki, ölkədə 2 Rusiya hərbi bazası olduğu halda buna nə ehtiyac var?! Bununla yanaşı, sözügedən addım Ermənistana Rusiyanın təsir imkanlarının daha da artmasına gətirib çıxaracaq. Bütün hallarda, Rusiyanın Ermənistanda yerləşdirilmiş hərbi bazasında hərbi polis bölmələri formalaşdırılmasında rəsmi Moskvanın məqsədi nədir?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə prizmadan yanaşdı: “Ermənistan Rusiyanın satelleti və forpostudur. Sarkisyan rejiminin Ermənistanda hakimiyyətdə olduğu müddətdə bu ölkə tam olaraq Moskvanın nəzarətinə keçib. Demək olar ki, bütün mənalarda bu özünü göstərir. Rusiya bu ölkənin sərhədlərini qorumaqla, havadan müdafiə sistemi, birləşmiş qoşun növü yaratmaqla Ermənistanı öz hərbi əyalətinə çevirdi. Rusiya bununla kifayətlənmir və öz hərbi iştirakını artırmaq üçün bu ölkədə hərbi qruplaşmalarını inkişaf etdirir. Gümrüdəki 102-ci bazası və İrəvan ətrafında aviasiya polku var. Bundan əlavə, digər ərazilərdə hərbi bazalar yaratmaq planına malikdir. Moskva indi də öz hərbi polisini Ermənistanda yerləşdirməyi planlaşdırır. Hərbi polisin əsasən sərhəd ərazilərdə yerləşdirilməsi nəzərdə tutulur. Ermənistanda Rusiya hərbi polisinin fəaliyyəti təkcə təhlükəsizlik məsələləri ilə bağlı deyil. Burada həm də müəyyən siyasi məqsədlər var. Hərbi polis sistemi Rusiyanın yeni təhlükəsizlik sistemidir. Bu qüvvələrdən Suriyada istifadə edən Kreml indi bunu Ermənistanda tətbiq edir. Bütün bunlar Ermənistanın tam nəzarətə götürülməsinə və siyasi prosesləri nəzarətdə saxlamağa hesablanıb. Azərbaycan çalışmalıdır ki, hərbi polis qüvvələrinin işğal olunmuş ərazilərə yerləşdirilməsinə imkan verməsin. Göründüyü kimi, Ermənistanın Rusiya tərəfindən nəzarətdə saxlanması hər keçən gün daha da artır. Sarkisyan rejiminin siyasəti erməni xalqının miqrasiyasına və ölkədə rus hərbi rejiminin yaranmasına aparır. Hərbi polis sistemi Rusiyanın yeni ordu növüdür. Sülh və təhlükəsizlik üçün yaradılsa da, əsasən işğalçı siyasəti pərdələməyə hesablanıb”.
Vidadi ORDAHALLI