Aprelin 1-i Qafan şəhərinin azadlıq meydanında Serj Sarkisyana qarşı olan qüvvələr tərəfindən mitinq keçirilib. Mitinq 2 il bundan əvvəl baş vermiş aprel döyüşlərinə həsr olunmuşdu. Aksiyanı təşkil edən Qafan qadınlarının başçısı Tamara Soğovoryan idi.
İlk çıxış edən gənc fəal aktivistlərdən Andranik Merkonyan idi. O, öz çıxışında qeyd edir: “Hörmətli qafanlılar, nə qədər ki, Serj Sarkisyan Ermənistanı tərk etməyib, biz gənclərə Ermənistanda yer yoxdur. Bunu elə bugünkü toplantının iştirakçılarından da görmək olar. Burada, gördüyünüz kimi, gənclər iştirak etmir. Çünki onların hamısı haqlı olaraq xarici ölkələrə üz tutur. Bu gün Ermənistanda işləmək üçün müəssisələr yoxdur ki, gənclər ölkədə qalıb işləsinlər. 1 milyondan çox soydaşımız Ermənistanı birdəfəlik tərk edib. Bundan başqa, gülünc olsa da qeyd etməliyəm ki, 2 gündür yayılan məlumatlara görə, S.Sarkisyan Ermənistanda ev alıb. Guya ki, əvvəllər onun evi olmayıb (Bu an mitinqdə iştirak edən qadınlar isə “ayıb olsun” - deyə qışqırır). Məncə bu yaxşı haldır ki, o ev alıb. O gedib evində dincəlsin, siyasətə baş qoşmasın. Ümid edirəm ki, o zaman erməni xalqının güzəranı düzələr. Həqiqətən ölkə böhran içərisindədir. Siz bir baxın görün Ermənistan Respublikasında nələr baş verib. Serj Sarkisyanın yaxın adamları ölkədə mövcud olan bütün biznes sahələrinin monopoliyasını özəlləşdiriblər. Daha bundan artıq mənəvi soyqrım nə ola bilər ki? S.Sarkisyan elə özü öz xalqının başına soyqırım açır.
O, həmçinin, qeyd etdi ki, sonuncu aprel döyüşləri onu göstərir ki, Ermənistan ordusu heç nəyə qadir deyilmiş. Nəticə etibarilə bu döyüşlərdə yüzlərlə əsgərimiz həlak oldu. Bu bir faktdır ki, son 25 ildə neçə min hektarlarla ərazilərimizdə itkilər verdik. Bunun səbəbini o, Azərbaycan Respublikasının uğurlu siyasətinin nəticəsi olaraq görür. Buna misal olaraq qeyd etdi ki, Azərbaycan Prezidenti Azərbaycanın hərbi büdcəsini ümumi Ermənistanın büdcəsindən daha artıq etdi. Bizim prezidentimiz S.Sarkisyan isə ölkədə polisin sayını və onların maaşını 2 dəfə artırdı. Çünki o, xalqdan qorxur. Buna görə də öz canını qorumağın yolunu polislərdə görür. S.Sarkisyan bildirir ki, Qarabağın təhlükəsizliyi hamımız üçün vacib məsələdir. Görünür, onun Qarabağdan xəbəri yoxdur. Gedib ora baş çəksə yaxşı olardı, çünki artıq orada heç kim qalmayıb. Bu gün prezident seçkiləri iki yolla keçirilə bilər: seçki və mitinq yolu ilə. Seçki yolu ilə Sarkisyan hakimiyyəti tərəfindən bizə şans verilmədiyinə görə biz 2-ci varianta əl atırıq.
Buna görə də o, mitinq iştirakçılarını aprel ayının 9-dan Yerevanda, Gorusda, Sisyanda, Gümrü və başqa ərazilərdə təşkil olunacaq mitinqlərə dəvət edərək bildirdi ki, mitinqlərə qoşulmaqdan qorxmayın və mitinqlərə qoşulun. Ümumiyyətlə, S.Sarkisyan və onun ətrafında olan respublikaçılar qorxsunlar və bizim qarşımızda hesabat versinlər ki, bəlkə prezidentimiz ölkə üçün bizim bilmədiyimiz faydalı işlər görür? O zaman biz onun hakimiyyətdə qalmağına etiraz etmərik.
Şüarımız isə belə olacaq: son 10 ildə Ermənistan.Təbii ki, burada söhbət S.Sarkisyanın son 10 ildə Ermənistanda nələr etdiyindən gedəcək”.
Çıxış edənlərin 2-cisi Qarabağ döyüşlərinin iştirakçısı, müharibə veteranı Samvel Simonyan idi.
O isə çıxışına belə başladı: “Azad və müstəqil Ermənistan istəyirsinizmi?” (Cavab - hə).
O, səhnəyə ağ bayraqla çıxmışdı. Ağ bayraqla çıxmağını isə belə izah etdi: “Mən artıq təsliməm. Ölkəmdə elə bir şərait yaradılıb ki, bizim başqa cür döyüşməyimiz mümkün deyil. Mən müharbə iştirakçısı kimi bu gün burada bir tikə çörək tapıb yeyə bilirəmsə, bunun səbəbi 5 oğlumun ölkəni tərk edib xaricdə işləməsidir. Qoy Sarkisyan və onun partiyası bilsin ki, biz vətənimizi itiririksə, öz kimliyimizi, erməniliyimizi itiririk. Bu vətən təkcə bizim deyil, (əli ilə polislərə işarə edərək) bu, həmçinin, sizin də vətəninizdir”.
S.Simonyan başqa bir məsələyə də diqqət yetirir: “Bu gün bizim 70 % qızlarımız və oğlanlarımız ailə qura bilmir. Bu sadəcə olaraq faciədir. Məsələn, mən bu mitinqdə gənc qızlar və oğlanlar görmürəm. Çünki yoxdurlar, qaçıb gediblər. Elə buradan görünür ki, bizim gələcəyimiz sual işarəsi altındadır. Bizim gənclərə ölkəmizdə o qədər təhdidlər, təhlükələr olur ki, onlar ölkəni tərk etməyə məcbur qalır. Mən hakim dairələrə müraciət edirəm. Mənim ölkəm dağılsa, mən şəxsən özüm gedib kimin lazımsa cəzasın verəcəm (dərisini soyacam). Mənim heç kimdən qorxum yoxdur”.
Aydın Eyvazov, AMEA-nın Qafqazşünaslıq İnstitutunun “Ermənişünaslıq” şöbəsinin əməkdaşı