Qabil Hüseynli: “Ölkəmiz özünün ağıllı və ölçülü-biçili siyasətilə bu məsələləri də nizama salmağı bacaracaq”
Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov martın 30-da Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə “İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: neqativ meyllərə qarşı jurnalist həmrəyliyi” mövzusunda keçirilən tədbirdə olduqca maraqlı bir fikir səsləndirib.
O bildirib ki, bəzi dövlətlər Azərbaycanın milli sərvətlərindən əvəzsiz pay tələb edirlər: “Lakin biz Azərbaycanın milli sərvətlərindən əvəzsiz heç kimə pay vermirik”.
Ə.Həsənov hər prezident seçkisi öncəsi xaricdən Azərbaycana yönələn təhdid və təzyiqlərin artması barədə danışarkən yuxarıdakı sensasiyalı fikri səsləndirib. Prezidentin köməkçisi bildirib ki, bu təzyiqlərin müxtəlif səbəbləri olur. Bəzi dövlətləri Azərbaycanın balanslaşdırılmış xarici siyasəti qane etmir – onlar Azərbaycanı öz yanlarında görmək, müəyyən layihələrə cəlb etmək istəyirlər. Bəzi dövlətlər isə daha da irəli gedərək, hətta Azərbaycanın milli sərvətlərindən əvəzsiz pay tələb edirlər.
Prezidentin köməkçisi bu xüsusda hansı ölkələri və Azərbaycandan nələrin tələb olunduğunu nəzərdə tuta bilər?
Politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, Əli Həsənovun məlum açıqlamasında doğrudan da ciddi məqamlar var: “Biz ölkəmizdə hansı dövlətlərin nə kimi maraqlarının olduğunu bilirik. Ancaq Prezidentin köməkçisinin bu fikri və narahatlığı mühüm dönəmdə elan etməsi doğrudan da düşündürücüdür. Söhbət bizə qonşu olan ölkələrdən gedə bilər. Etiraf etməliyik ki, bizdən Rusiya da, İran da pay umur. Xüsusilə də həmin ölkələr həssas məqamlarda ölkəmizə təzyiqlər edirlər. Hazırda Azərbaycan belə mərhələyə qədəm qoyduğu üçün, bu yöndə olan təzyiqlər çoxalıb. İranla bir yolla kompomis tapa bildik. Xəzərin statusu ilə bağlı tam razılığa gələ bilməsək də, Ruhaninin səfəri zamanı İranın mübahisəli saydığı, əslində isə Azərbaycana məxsus olan seqmentlərin ortaq işlənməsi barədə saziş imzalandı. Rusiya da özünü hakimi-mütləq kimi apararaq, Azərbaycandan umacaqlarının olduğunu gizlətmir. İstəklərini müəyyən vasitələrlə büruzə verdirir. Məsələn, Xəzərin statusu məsələsində Rusiya hərdən bir cür danışır. Transxəzər qaz kəmərinin, yəni Türkmənistan qazının TANAP layihəsinə birləşdirilməsi ilə bağlı layihəyə etiraz edir. Rusiya bu məsələnin həllində də həm strateji məqsədlər, həm də pay qoparmaq marağını güdür. Bir sözlə, Azərbaycanın təbii sərvətlərinə göz dikənlər az deyil. Ölkəmiz özünün ağıllı və ölçülü-biçili siyasətilə bu məsələləri də nizama salmağı bacaracaq. Narahatlıq üçün ciddi əsas görmürəm”.
Məhəmmədəli QƏRİBLİ