Elşən Həsənov: “Bu islahatların heç bir nəticə verməyəcəyini əminliklə söyləmək olar”
Aprel döyüşləri Azərbaycan Ordusunun hansı imkanlara malik olduğunu nümayiş etdirdi. Bu döyüşlər ermənilərin öz orduları haqqında apardıqları təbliğatın nə qədər əsassız, xülya olduğunu ortaya qoydu. Ermənistan hakimiyyəti belə sərsəm bəyanatı ilə ictimai diqqəti özünə yönəltməyə çalışırdı ki, əgər münaqişənin həllində hərb yolu seçilərsə, Azərbaycan məğlub tərəf olacaq. Ermənistanın güclü ordusu olduğunu böyük həvəslə bildirirdi.
Təbii ki, onun belə sayıqlamasına səbəb Azərbaycanın hərbi büdcəsinin günbəgün artması, ordu quruculuğu istiqamətində davamlı addımların atılması idi. Hər dəfə beynəlxalq aləmdə belə rəy yaratmağa çalışırdılar ki, guya Azərbaycan tərəfi sülh danışıqlarının həyata keçirilməsində maraqlı deyil. Bu səbəbdən ordu quruculuğuna xüsusi önəm verir. Rəsmi Bakının qarşı tərəfin belə sərsəm bəyanatlarına mesajı bu olur ki, ordu quruculuğu suveren hüququmuzdur. Azərbaycanın tam haqqı var ki, işğal altında olan torpaqlarını istənilən yolla azad etsin. Prezident İlham Əliyev bildirib: “Aprel döyüşləri zamanı biz sadəcə olaraq imkanlarımızın cüzi bir faizini nümayiş etdirdik. Bu, bir daha onu göstərir ki, aprel döyüşləri Ermənistanın təxribatı idi. İndi bəziləri müxtəlif versiyalar, fərziyyələr irəli sürürlər ki, Azərbaycan əməliyyat keçirməyi planlaşdırırdı, o da sonra dayandırıldı və sair. Birincisi, biz nəyi etmək istəmişiksə, onu da etmişik. Əks-hücum əməliyyatında qarşımızda hansı hədəflər durmuşdusa, biz o hədəflərə də çatdıq. Bu gün hərbçilər və beynəlxalq mütəxəssislər bilirlər ki, əldə etdiyimiz strateji mövqelər tamamilə vəziyyəti dəyişdirib. Əgər aprel döyüşləri zamanı genişmiqyaslı əməliyyat keçirmək fikrində idiksə, biz öz hərbi potensialımızdan istifadə edərdik.”
Azərbaycanın qazandığı bu hərbi uğurdan sonra Ermənistan öz ordusu daxilində müxtəlif bəzəkli adlarla islahatlar apardığını bəyan etdi. Belə bir islahatların aparılmasına nə səbəb oldu, həmin islahatlar hansı nəticəni verib və ya məlum islahatlardan hansısa nəticəni gözləməyə dəyərmi?
Ekspert Elşən Həsənovun sözlərinə görə, dördgünlük aprel döyüşlərindən sonra Ermənistan rəhbərliyi o qədər ziddiyyətli addımlar atıb ki, ortaya qəribə bir mənzərə çıxıb: “Serj Sarkisyan gah erməni ordusunun ''qələbəsindən'', əsgərlərin ''igidliyindən'' danışdı, gah da generalları vəzifələrindən qovdu. Bir tərəfdən erməni KİV-i ''Arsax' ordusu”nun müqavimət gücündən bəhs etdi, digər tərəfdən isə ordunun acınacaqlı vəziyyətdə olmasını etiraf edən informasiyalar yaydı. Bununla yanaşı, erməni ekspertlər döyüşən ''DQR ordusu”nun olduğunu vurğulayırsa, onda niyə həmin döyüşlərdən sonra islahatlar Ermənistan ordusunu əhatə etdi?
Təcavüzkara endirilən hərbi zərbələr artıq torpaqları qaytarmaq vaxtının gəldiyini onlara xatırlatdı. “Güclü ordu da məğlubiyyətini qəbul edib səhvləri üzərində işləyər”- ermənilər guya bu nəzəriyyəni rəhbər tutub müxtəlif adlar altında orduda islahatlara başladıqlarını bəyan etdilər. Erməni ekspertləri, jurnalist və analitikləri çox zavallı duruma düşüblər. Onlar döyüş zamanı qaçıb gizlənmiş erməni zabitlərinə bəraət axtarmağa, işdən qovulan generalları müdafiə etməyə məcbur qaldılar. Təbii ki, onlar nə qədər 'bəzəsələr də, həqiqət ortadadır -Azərbaycan Ordusunun zərbələri erməni ordusunu pərən-pərən saldı.
Bu vəziyyətdən çıxış yolunu müxtəlif adlar altında həyata keçirdikləri islahatlarda görürlər. Aprel döyüşlərindən sonra Ermənistan prezidenti Serj Sarkisyanın atdığı ilk addımlardan biri nə oldu? O, hərbçi Seyran Ohanyanın əvəzinə 1975-ci il təvəllüdlü, İrəvan Dövlət Universitetində, eləcə də Tafts və Harvard universitetlərində təhsil alan Vigen Sarkisyanı müdafiə naziri təyin etdi.
Aprel döyüşləri göstərdi ki, Ermənistan ordusunun əsgər və zabit heyəti tam komplektləşməyib, ərzaq və geyim təminatı aşağı səviyyədədir. Ordudakı pullar yeyilib, generallar bu pullarla İrəvanda özlərinə villalar tikiblər və s. Yəni Serj Sarkisyan ordudakı bu vəziyyəti dəyişmək üçün müdafiə sistemini keçmiş administrasiya rəhbərinə etibar etdi. Yəqin Sarkisyan düşünüb ki, Qərb təhsili alan Vigen Sarkisyan ordunu mükəmməl menecment əsasında quracaq, maliyyə oğurlanmayacaq. Atılan addımlardan da görünür ki, Ermənistan ordusunda aparılan islahatların heç bir xeyri olmayıb. Ordunun vəziyyəti günü-gündən pisləşir. Əsgər ölümləri, fərarilik durmadan artırsa, hansı islahatdan danışmaq olar? Bu islahatların heç bir nəticə verməyəcəyini əminliklə söyləmək olar. Bunu daha dəqiq yoxlamaq isə Azərbaycan Ordusunun üzərinə düşəcək. Onda dediklərimizin təsdiqinə əmin olarsınız”.
Məhəmmədəli QƏRİBLİ