Daşdəmir Əliyev: “Bu səbəbdən də deməyə söz tapmır”
Apelin 2-si tarixi yaxınlaşanda avtomatik olaraq bütün fikirlər 2016-cı ildə baş vermiş 4 günlük döyüşlərin nəticələrinə fokslanır. Bu həm Azərbaycanda, həm də Ermənistanda belədir. Ermənistan bütün səylərilə, maksimum dərəcədə həmin hadisə zamanı uğradığı məğlubiyyəti pərdələməyə çalışır.
Ermənistan mətbuatının yaydığı məlumata görə, 2 aprel tarixində həmin ölkənin müdafiə naziri Vigen Sarkisyan məhz bu mövzu ətrafında jurnalistlərin suallarını cavablandırıb. “Ermənistan ordusu 2016-cı ilin 2 aprelində itirdiyi Lələtəpə yüksəkliyini nə zaman qaytaracaq” sualına müdafiə naziri cavab verməkdən yayınıb. Daha doğrusu, yaxın zamanlarda belə bir niyyətlərinin olmadığını demək istəyib. Sitat: “Bizim əsas hədəfimiz “Artsax”ın müdafiəsini etibarlı təmin etməkdir. Hansı ki, gələcəkdə münaqişənin sülh yolu ilə tənzimlənməsinə də maneə törətməyəcək”.
Göründüyü kimi, müdafiə naziri sualdan “ustalıqla” yayınıb. Nazır Lələtəpə ilə bağlı suala niyə cavab vermək istəməyib?
Ekspert Daşdəmir Əliyevin sözlərinə görə, Azərbaycan Ordusunun qazandığı aprel zəfəri hələ də onların özlərinə gəlməsinə imkan vermir: “Qeyd edim ki, aprel döyüşlərində bizim uğurumuz yalnız Lələtəpə ilə bitməyib. Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələtəpə yüksəkliyinin işğaldan azad olunması qazanılan mühüm uğurlardan biridir. Həmin vaxt məğlub duruma düşməsinə baxmayaraq, erməni ordusu verdiyi itkilərlə barışa bilmirdi. Çox sayda canlı qüvvə və silah-sursat itirməsinə baxmayaraq, işğalçı ordu əldən verdiyi mövqeləri qaytarmağa çalışırdı. Nəticədə növbəti həmlədə düşmən daha ağır itkilər verməli oldu. Həmin döyüşlər bir daha Ermənistan ordusunun çox acınacaqlı bir durumda olduğunu sübut etdi. Məlum oldu ki, düşmən ordusunun maddi-texniki bazasını, təchizatını yalnız dünyanın ən geridə qalmış ölkələri ilə müqayisə etmək olar.
Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarıldı. Eyni zamanda, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqəsi Ermənistan silahlı qüvvələrindən tam azad olundu. Düşmənin strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazanın qərargahı dəqiq zərbələrlə dağıdıldı. Aprel döyüşlərində Azərbaycan Ordusunun çox üstünlüyü olub. Maddi-texniki baza, müasir silah-sursatı bir kənara qoysaq, əsas üstünlük ondadır ki, əsgərindən generalına qədər hər kəs öz doğma torpaqlarını azad etmək uğrunda döyüşdüyünü bilirdi. Buna görə hər bir hərbi qulluqçu son damla qanına qədər döyüşməyə hazır olduğunu nümayiş etdirdi.
Azərbaycan Ordusu aprel döyüşləri zamanı 2000 hektardan artıq ərazini işğaldan azad edib və əməliyyat baxımından daha çox ərazi isə Azərbaycan Ordusunun nəzarəti altına keçib. Aprel döyüşləri bir daha Azərbaycan Ordusunun gücünü və döyüş qabiliyyətini Ermənistana, eləcə də bütün dünyaya göstərdi. Azərbaycanın əsgər və zabitləri sübut etdilər ki, Ali Baş Komandanın əmri ilə istənilən an döyüşə atılıb, işğal altındakı torpaqlarımızı azad etmək qüdrətindədirlər. Bütün bunları dərk edən erməni nazir bilir ki, Lələtəpəni qaytarmaq mümkün deyil. Bu səbəbdən də deməyə söz tapmır”.
Məhəmmədəli QƏRİBLİ