Dünyanın geosiyasi müstəvisində cərəyan edən hadisələrin Dağlıq Qarabağ münaqişəsinə də bu və ya digər formada təsir göstərdiyi danılmaz həqiqətdir. Xüsusən də bu geosiyasi proseslərdə əsas iştirakçılardan birinin Rusiya olduğu nəzərə alındıqda olayların Qarabağ konfliktinə təsirinin qaçılmazlığını daha aydın təsəvvür etmək olar.
Belə vəziyyətdən ciddi şəkildə narahat olanlardan biri isə işğalçı Ermənistandır. Çünki Ermənistan bütün sahələr üzrə sırf Rusiyadan asılıdır və Moskvanın zəifləməsi nəticə etibarı ilə İrəvanın çöküşünün də sürətlənməsi deməkdir.
Məsələnin maraq doğuran başqa bir tərəfi isə Qərb və Rusiyanın münasibətlərinin getdikcə kəskinləşməsi fonunda Ermənistanın da sanksiyalarla üzləşmə ehtimalının artmasıdır. Artıq Qərbdə belə fikirlər səslənməyə başlayıb ki, Rusiyaya qarşı addımlar fonunda Ermənistan da sanksiyalar hədəfi ola bilər. İrəvanın ABŞ sanksiyaları fonunda Moskvadan silah alışını rəsmən bəyan etməsi isə Ermənistanın da sanksiyalar üçün hədəf olmasını qaçılmaz edir. Xatırladaq ki, elə bu günlərdə Ermənistanın müdafiə nazirinin müavini, Hərbi Sənaye Komitəsinin rəhbəri David Paxçanyan Rusiyadan silah alışını davam etdirəcəklərini bildirib: “Ermənistan Rusiyadan silah almaqla öz maraqlarına xidmət edir və bundan sonra da, sanksiyalar təzyiqinə rəğmən, əməkdaşlığı davam etdirəcək. Sözsüz ki, sanksiyalar problemdir. Bizim qarşımızda təhlükəsizliyin təminatı məsələsi dayanır və biz öz maraqlarımızdan çıxış edəcəyik. Rusiya ilə münasibətlər kifayət qədər effektiv inkişaf edir. Birinci müdafiə krediti ilə bağlı tədarük, demək olar ki, tam başa çatıb. Bu işin davamı ilə bağlı razılaşma var. Bu bizim ordunun təchizatının ciddi hissəsidir”. Beləliklə, ABŞ və digər Qərb ölkələrinin mövqeyinə rəğmən, Ermənistan birbaşa onlara qarşı çıxır və bu şəraitdə, ABŞ-ın Xarici Siyasət Şurasının analitiki Stiven Blankın qeyd etdiyi kimi, sanksiyalarla üzləşmə ehtimalını daha da artırır. O, bu durumun Qarabağ məsələsinə də təsirsiz ötüşməyəcəyini vurğulayır. Ekspert qeyd edir ki, ABŞ-ın yeni sanksiyaları digər dövlətləri Rusiya silahları almaqdan çəkindirə bilər: “Rusiya silahlarının Cənubi Qafqaza gəlməsinin dayandırılması pis olmazdı, heç olmasa bu, tərəflərin sülh əldə etməsinə yardım göstərərdi. Rusiya silahları alanlara dövlət səviyyəsində müəyyən istisnalar olunsa da, Moskvadan böyük həcmdə silah alan Ermənistan surprizlərlə rastlaşa bilər. Ümumiyyətlə, bir dövlətə sanksiyalar tətbiq etmək mümkündür”.
Stiven Blank ”The Hill” qəzetində dərc etdiyi məqaladə məsələyə geosiyasi, o cümlədən ABŞ-ın İranla da kəskinləşən münasibətləri fonunda nəzərə salaraq, qeyd olunan xüsusda yazır: ”Ermənistan Azərbaycana münasibətdə dayanıqlı antoqonizmi üzündən İranla olduqca yaxındır. Ermənistan habelə İranla birgə böyük infrastruktur və iqtisadi layihələr gerçəkləşdirir. Bu layihələr Ermənistanın Azərbaycanla müharibəsinə görə Türkiyənin göstərdiyi təzyiqi yumşaltmalıdır. Beləliklə, Ermənistan təkcə ölkədə hərbi bazalara malik Rusiyanın satelliti deyil, həm də İranın bölgədə əsas tərəfdaşıdır. Buna baxmayaraq, Ermənistan Qərblə körpüləri yandırmağı özünə rəva bilməz. İrəvan əvvəlki kimi Qərb dövlətlərilə xarici siyasət əlaqələrini genişləndirməyə cəhd edir. Belə çıxır ki, Donald Tramp administrasiyası üçün yol açıqdır. Qafqaz bölgəsində sülhü təmin etməyə yardım, Moskvanın nüfuzu və Tehranın yaramazlığını cüziləşdirmək üçün stimulları təzyiqlə uyğunlaşdırmaq lazımdır. Amerika administrasiyası Dağlıq Qarabağda münaqişəni tənzimləmək üçün üzərinə öhdəlik götürüb, bu öhdəliyi mənfəət və sanksiyalar sistemilə uzlaşdıraraq bölgədə ABŞ nüfuzunu gücləndirə bilər. Tramp bir tərəfdən Ermənistan və Azərbaycan arasında münasibətlərdə, digər yandan Rusiya və İranla məsafə yaratmaq hesabına bölgədə ABŞ maraqlarını yeridə bilər. Vaşinqton, həmçinin, Ermənistan-İran münasibətlərini pozmaq üçün İrəvana basqını gücləndirə bilər. Hətta yaxşı olardı ki, ABŞ Yaxın Şərqdəki durumdan, həmçinin İranla və ya Gürcüstanla münasibətlərdən ayrıca olmaqla diqqətini Qafqazda öz iştirakını genişləndirməyə cəmləsin. Enerjilərin Qafqaz üzərilə Xəzərdən Avropaya tədarükünün genişləndirilməsi Vaşinqtonun maraqlarında önəmli yer tutur. ABŞ-ın Qafqazda daha fəal varlığı Rusiyanın Türkiyəyə basqısını azaldır və Ankara ilə ABŞ arasındakı alyansın bərkiməsi üçün zəmin yaradır.
ABŞ bölgədə öz maraqlarını və demokratik dəyərləri daha effektli yeritmək üçün Azərbaycanın güvənliyinin təminatında dərin maraq sərgiləməlidir. ABŞ potensialca üçqat uduş əldə edə bilər. Birincisi, ABŞ Qafqazda nüfuzunu genişləndirərək Azərbaycanla münasibətləri möhkəmləndirib sülhə yardım edə bilər. İkincisi, ABŞ Rusiya və İranın Qafqazda və qonşu bölgələrdə nüfuzunu azaltmaq imkanı əldə edir. Ekspertlərin çoxu hesab edir ki, ABŞ-ın bölgədə xeyli başqa marağı və prioritetləri var. Amma Vaşinqton doğrudan da Tehrana və Moskvaya basqı etmək istəyirsə, məhz Qafqazdan başlamağına dəyər”. Diqqət həm də ona yönəldilir ki, indiki vəziyyətdə Ermənistan ABŞ-ın istəklərinin əlheyhinə gedərək bölgədə Moskvanın istəyini yerinə yetirir, onun mövqelərini daha da gücləndirir. Digər tərəfdən məhz Ermənistanda, konkret olaraq Gümrüdə və Erebunidə Rusiyanın hərbi bazaları var. İndi isə bəlli olur ki, Rusiya Gümrüdə hərbi polis dəstələri də yaradacaq. Aydındır ki, Rusiya polis dəstələri adı altında Ermənistandakı hərbçilərinin sayını artırır. Erməni şərhçi Naira Ayrumyan bildirir: “Bu hərbi polis Rusiyaya niyə lazımdır? Bu suala Ermənistanın cavabı yoxdur. Rusiyanın Gümrüdən başqa Erebunidə hərbi bazası var. Bundan başqa, Ermənistanın dövlət sərhədlərini Rusiya Federal Təhlükəsizlik Xidmətinin hərbçiləri qoruyur. Rusiya hərbçilərinin əksəriyyətinə xarici pasport verilmir. Onların çoxu daxili pasportla asanlıqla Ermənistana səfər edə bilir”.
Ermənistanın Gömrük Xidmətinin keçmiş rəisi Yerdcanik Abqaryan da etiraf edir ki, ölkədə rus hərbçilərinin sayı artırılır və bu, Moskvaya qarış çıxan Qərb ölkələrinin, o cümlədən ABŞ-ın xoşuna gəlmir. Belə vəziyyətdə o, Ermənistanın Qərb ölkələrinin hədəfinə çevrilə biləcəyini də xüsusi olaraq qeyd edir: “Gümrüdən alınan xəbərlər göstərir ki, rus hərbçilər artıq 102-ci bazaya gəliblər. Bu məsələdə ictimaiyyətin məlumatlandırılmaması Ermənistan-Rusiya hərbi münasibətlərinin bütün razılaşmalarında dominantlıq edib. Ermənistanla Rusiya arasında bərabərhüquqlu razılaşma heç zaman mövcud olmayıb. Hərbi polisin Gümrüdə yerləşdirilməsi məsələsinin hədəfləri çoxdur. Burada rusların siyasi, hərbi, etnik, demoqrafik və digər hədəfləri var. Rusiyanın bu addımı Ermənistanı Qərb sanksiyalarının hədəfi edə bilər. Bununla bağlı ilkin işarə ABŞ-ın İrəvan və Qarabağa edilən illik yardımlarında nümayiş olunub. Rusiyanın yekun olaraq erməni ordusunu idarə etməsi cəhdləri görünür. Əvvəlcədən bəlli idi ki, rusların birgə hərbi qruplaşma yaratma cəhdlərinin hədəfi Naxçıvanla sərhədi nəzarətə almaq idi. Bu gün artıq bəllidir ki, bəzi erməni komandirlər artıq hərbçilərə Azərbaycan tərəfdən olan atəşə reaksiya verməyi qadağan edib və bu istiqamətdə atəş açanları şəxsən özlərinin vuracağını söyləyiblər. Əlavə edək ki, Rusiya hərbi polisi Gümrüdə, İrəvanda, Naxçıvanla və İranla sərhəddə olan Meqridə yerləşdiriləcək. Onların fəaliyyət sferası ilə bağlı çoxlu suallar var. Digər tərəfdən, erməni əhalisinin emiqrasiyası dayanmır. Onlar əsasən Rusiyaya köç edir. Rusiya bu məsələdə keçən əsrdən maraqlıdır. Bu gün biz görürük ki, ermənilərin emiqrasiyasına paralel olaraq Ermənistana artıq rus miqrasiyası başlayıb. İrəvanın küçələrində bunun nəticələri xüsusi olaraq görünür. Ermənistandakı rus zabitlərinin və ailələrinin hesabına Rusiya həmçinin öz vətəndaşlarının ölkədəki sayını artırır. Ruslar və onların satqın, kriminal Qarabağ klanının hədəfləri bunlardır”. Bu mövzuda “1in.am saytı”nda getmiş məqalə də diqqət çəkir: “Rusiya mahiyyət etibarilə Ermənistanda öz hərbi mövcudluğunu artırır. Üstəlik, bu qüvvələrin Gümrüdəki hərbi bazanın funksiya və mandatına, yəni Ermənistanın təhlükəsizliyinə heç bir dəxli yoxdur. Bu da həyəcan doğurur. O mənada ki, həmin polis qüvvələri “lazımi anda” ölkədaxili proseslərə müdaxilə edə bilər. Yeri gəlmişkən, Moskva indiyədək həm rəsmi, həm də ekspertlər səviyyəsində işarə vuraraq bəyan edib ki, postsovet məkanında “rəngli inqilabların” önlənməsi onun borcudur. Problemin ikinci mühüm komponenti var. Bu da odur ki, kəskinləşən Rusiya-Qərb qarşıdurması fonunda Moskva müxtəlif formal və qeyri-formal bəhanələrlə ölkəmizi poliqona çevirir. Heç kim demir ki, Ermənistanın siyasi elitası özünün düşünülməmiş siyasəti ilə İrəvan-Moskva münasibətlərini kəskinləşdirsin və Ermənistanın təhlükəsizliyi üçün yeni risqlər yaratsın. Ancaq başqa yandan, hakimiyyət ikitərəfli münasibətlərdə ölkəmizin subyektivliyini maksimum təmin etməyə borcludur ki, xarici aləm buradakı Rusiya bazalarını Ermənistanın müstəmləkə olmasının utancverici simvolu kimi qəbul eləməsin”.
Beləliklə, qeyd edilənlərdən aydın görünür ki, Moskvanın Ermənistanda özünü istədiyi formada aparması və burada hərbçilərinin sayını artırmasının Qərb tərəfindən İrəvana təzyiq üçün əsas yaratdığını ermənilər özləri də açıq şəkildə etiraf edir. Aydındır ki, Qərb təzyiqlərinin, xüsusən də ABŞ-ın təsir rıçaqlarının işə salınması Ermənistanın bölgədə daha zəif duruma düşməsinə rəvac verəcək. Bu vəziyyət öz növbəsində Qarabağ konfliktinin həllini tezləşdirə biləcək faktorlardan hesab olunur. Yaranmış vəziyyət, əslində Ermənistana qarşı Qərb təsirlərinin işə salınma ehtimalının sürətlə yüksəldiyini göstərir. Azərbaycanın istədiyi də elə budur.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.