Rasim Bayramov: “KİVDF-nin yaradılması dövlətin mediaya yüksək qayğısının növbəti real təzahürü oldu” Bahəddin Həziyev: “Mətbuatın indiki ağır durumunda fondun fəaliyyəti mühüm yer tutur” Rauf Arifoğlu: “KİVDF Azərbaycan mətbuatının xilas kəməridir” Şakir Ağayev: “KİVDF-nin var olmasının bu gün Azərbaycanda çap mediasının ayaqda qalmasında böyük rolu var” İlham Quliyev: “KİVDF ölkənin və xalqın gələcəyi üçün vacib olan mövzuları daim diqqət mərkəzində saxlayır” Rəşad Məcid: “KİVDF-nin Azərbaycan jurnalistikasının, yazılı medianın həyatında misilsiz rolu var” Akif Aşırlı: “Ənənəvi medianın ağır dönəmində fondun yaradılması dövlətin mediaya dəstəyidir” Aqil Camal: “Fond yaradılmasaydı, Azərbaycanda ənənəvi mətbuat məhvolma təhlükəsi ilə üzləşə bilərdi”
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasından 9 il ötür. Ölkə ictimaiyyətinin gözləri qarşısında formalaşan, inkişaf edən, ərsəyə çatan KİVDF, sözün əsl mənasında, öz missiyasını layiqincə yerinə yetirir. Bu qurum yaradılmasaydı, çap mediasının fəaliyyəti bugünkü səviyyədə olmazdı. Bəlkə də mövcud qəzetlərin əksəriyyəti tarixə qovuşardı.
9 yaşlı KİVDF-nin keçdiyi yol, gördüyü işlər media kapitanlarının analizlərində necə görünür?
Bu sualla çap mediasının kapitanları ilə əlaqə saxladıq.
"Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyevin sözlərinə görə, KİVDF yaranmasaydı, bu gün media orqanlarının böyük bir hissəsi fəaliyyətini dayandıra bilərdi, yerdə qalan hissəsi isə müxtəlif beynəlxalq mərkəzlərin təsirinə düşərək ziyanlı bir tendensiya altında fəaliyyət göstərmiş olardılar: “KİVDF-nin yarandığı ərəfədə beynəlxalq dairələr, maliyyə mərkəzləri Azərbaycanda müxtəlif media orqanlarını, xüsusilə çap mediasını, eləcə də jurnalistləri dolayı yolla ələ almağa, öz təsir dairələrinə salmağa, onların köməyi ilə ölkədə mənafelərinə xidmət edən informasiya kursu aparmağa cəhd edirdilər. Bunun artıq ilkin əlamətləri özünü göstərməyə başlamışdı. Dünyada müxtəlif dövlətlərin informasiyalarının idarə olunması ilə ölkələrin daxili işlərinə müdaxilə texnologiyaları da işə salınırdı. Belə bir şəraitdə çox vacib idi ki, Azərbaycanın mediasına dövlətin maliyyə dəstəyi mexanizmləri planlı şəkildə işə salınsın. Bununla da mediamız ziyanlı təsirlərə düşməkdən xilas olunsun. Bu nöqteyi-nəzərdən KİVDF çox vacib bir dövlətçilik missiyasını yerinə yetirdi və mediamıza dövlətin maliyyə dəstəyinin qanuni mexanizmlərini tətbiq etməklə, əslində, mediamızı və ayrı-ayrı jurnalistləri beynəlxalq şübhəli dairələrin təsiri altına düşməkdən xilas etdi.
Eyni vaxtda həm qəzetlərin, həm də jurnalistlərin vəziyyəti yaxşılaşmağa başladı. Bu mexanizmin təsiri altında bu gün bizim mediamız daha çox dövlətçilik mövqeyindədir. Bu gün də dövlətçilik mövqeyindən öz dəstəyini verməklə xarici qüvvələrin təsirinin qarşısının alınmasına dəstək verir. Bir sözlə, KİVDF yaranmasaydı, bu gün media orqanlarının böyük bir hissəsi fəaliyyətini dayandıra bilərdi, yerdə qalan hissəsi isə müxtəlif beynəlxalq mərkəzlərin təsirinə düşərək ziyanlı bir tendensiya altında fəaliyyət göstərmiş olardılar. Təkcə bu iki təhlükənin qarşısının alınması KİVDF-ni dövlətçilik sistemində ideal bir tapıntı olan struktura çevirir. “Bakı-Xəbər” qəzeti KİVDF yarandığı gündən həm fondun altı aylıq müsabiqələrində iştirak edir, həmçinin də jurnalistlərimiz fondun il ərzində həyata keçirdiyi yazı müsabiqələrində fəal iştirak edirlər. Fondun bu istiqamətdə media orqanları üçün açdığı imkanlardan jurnalistlər öz istedadları çərçivəsində yararlana bilirlər. Məncə, KİVDF-nin fəaliyyətinə Azərbaycanın dövlətçilik sistemində hələ uzun müddət ehtiyac olacaq. Çünki hələ də bizim informasiya orqanlarımızı xaricdən təsir dairəsinə salmaq istəyən qüvvələrin planları ortadan çıxmayıb”.
“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu Azərbaycan dövlətinin mətbuata yardımını təmin edən qurumdur: “KİV-in inkişafına dövlət dəstəyi konsepsiyası məhz fond vasitəsilə icra olunur. Artıq 9 ildir yazılı mətbuat fonddan davamlı yardım alır. Birmənalı şəkildə demək olar ki, KİVDF olmasaydı, bu gün yazılı mətbuatın ayaqda durması çox çətin olardı.
Fondun ayırdığı yardım təkcə yazılı mətbuatın ayaqda durmasını təmin etmir. Həm də ciddi nəzarət altında həyata keçirilən layihələr çərçivəsində mətbuat o qədər də populyar olmayan, kommersiya baxımdan gəlir vəd etməyən, amma ölkənin və xalqın gələcəyi üçün vacib olan mövzuları diqqət mərkəzində saxlayır.
KİVDF-nin ildə 3 dəfə keçirdiyi fərdi jurnalist müsabiqələri isə sıravi jurnalistlərin sosial durumunun yaxşılaşdırılmasında, yaradıcı fəaliyyətlərinin stimullaşdırılmasında müstəsna əhəmiyyətə malikdir. Xüsusilə də yaxşı qələmi, istedadı olan jurnalistlər il ərzində 1-2 dəfə bu müsabiqələrin qalibi ola bilirlər.
KİVDF həm də müxtəlif dövlət qurumları, nazirliklər, komitələr, icra hakimiyyətləri ilə mətbuat arasında körpü rolunu oynayır. Mütəmadi olaraq fond və dövlət qurumları arasında müsabiqələr təşkil olunur, jurnalistlər mükafatlandırılır”.
İ.Quliyev onu da vurğuladı ki, fond xarici ölkələrin media sahəsindəki təcrübələrinin öyrənilməsi işinə də töhfə verməyə çalışır. İldə azı 1 dəfə media rəhbərlərinin xarici ölkələrə səfərləri təşkil olunur: “Bütün bunlar təbii ki, KİVDF-nin Azərbaycanın yazılı mətbuatının fəaliyyətində müstəsna rolunu göstərir. Ümid edirəm ki, bu rol zaman keçdikcə daha da artacaq və təkmilləşəcək”.
“Mövqe” qəzetinin baş redaktoru Rasim Bayramov qəzetimizə açıqlamasında qeyd etdi ki, KİVDF-nin yaradılması dövlətin mediaya yüksək qayğısının növbəti real təzahürü oldu. Məhz bu fondun yaradılması ilə Azərbaycan mediası, xüsusən də çap mediası ayaq üstə qala bildi və bu gün də uğurlu şəkildə fəaliyyət göstərir: “Bütün bunlar KİVDF-nin uğurlu fəaliyyəti nəticəsində baş verir. Təbii ki, KİVDF-nin fəaliyyətini təkcə yazılı medianın dəstəklənməsi ilə məhdudlaşdırmaq mümkün deyil. Nəzərə almaq lazımdır ki, dövlət KİVDF vasitəsilə jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atdı. Məlumdur ki, artıq 2 bina jurnalistlərin istifadəsinə verilib və növbəti binanın inşası həyata keçirilir”.
R.Bayramov onu da bildirdi ki, KİVDF-nin fəaliyyəti nəticəsində media vasitəsilə Azərbaycanda milli-mənəvi dəyərlərin qorunmasından tutmuş, jurnalistlərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atılır: “Bu gün Azərbaycanda milli-mənəvi dəyərlərin qorunmasına ehtiyac, zərurət əvvəlki dövrlə müqayisədə daha böyükdür. Eyni zamanda, KİVDF-nin fəaliyyəti nəticəsində hər il keçirilən çoxsaylı yazı müsabiqələri birbaşa jurnalistlərin sosial-iqtisadi durumunun daha da yaxşılaşmasına təkan verir. Məsələyə bu kontekstdən yanaşanda aydın olur ki, KİVDF-nin fəaliyyəti olduqca zəruridir, mühümdür və Azərbaycan jurnalistikasının çap bölümünü ayaq üstə qaldırır”.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun sözlərinə görə, KİVDF fəaliyyətə başladığı ilk gündən Azərbaycanın yazılı mediası üçün xilas kəməri rolunu oynayıb. Onun yaranması Azərbaycanda (dünya çapında da belədir) çətin günlər yaşayan “print-media”ya böyük dəstək oldu: “KİVDF Azərbaycanda fəaliyyət göstərən ən şəffaf və nümunəvi qurumlardan biridir. Onun fəaliyyəti və fondun vəsaitlərinin xərclənməsi həm media ictimaiyyətinin, həm də cəmiyyətin ikiqat monitorinqi altında həyata keçirilir. KİVDF yazılı mətbuatla ölkə iqtidarı, ən əsası da Prezident arasında uğurlu əməkdaşlıq platformalarından biridir. Dövlətin media siyasətində önəmli yerlərdən birini tutan KİVDF təkcə hüquqi şəxs olan KİV-lər üçün deyil, həm də Azərbaycan jurnalistləri üçün önəmli təsisatdır. Fond jurnalistlərin maddi rifahının, onların mənzil şəraitlərinin yaxşılaşdırılması üçün tətbiq olunan dövlət siyasətinin həyata keçirilməsində uğurla fəaliyyət göstərir. Jurnalistləri yaradıcılığa və araşdırmalara həvəsləndirən müsabiqələrin təşkili, dövlət qurumlarına və icra hakimiyyətlərinə rəhbərlik edən məmurlarla KİV təmsilçilərinin görüşlərində vasitəçi rolunu oynaması, hətta media ilə konfliktdə olan vəzifəli şəxslərin görüş və müzakirələrinin təşkili KİVDF-nin fəaliyyətinin yüksək standartlar əsasında təşkilinin sübutlarıdır”.
R.Arifoğlu onu da bildirdi ki, “Yeni Müsavat” qəzetinin hazırda mövcudluğunu və çapını davam etdirməsində KİVDF-nin və fond üzərindən həyata keçirilən mediaya dəstək siyasətinin böyük rolu var: “Hər ay düzənli şəkildə, unikal media qrantı sayılan vəsaitlərin hesabımıza daxil olması baş verməsə, Azərbaycanın çap mediasının ən yaşlılarından sayılan “Yeni Müsavat” qəzetinin fəaliyyət göstərməsi sual altına düşər. Bu və qəzetimizin indiyə qədər 7 əməkdaşının evlə təmin olunması, bu prosesin hələ də davam etməsi nöqteyi-nəzərindən, KİVDF ümumi qaydada Azərbaycan mediasının, subyekt halında isə, “Yeni Müsavat” qəzetinin taleyində önəmli rol oynayır.
KİVDF-nin yaranmasının 9-cu ildönümü münasibətilə, başda hörmətli Vüqar Səfərli olmaqla, fondun bütün çalışanlarını, o cümlədən Azərbaycan jurnalistlərini təbrik edirəm”.
"Novoye vremya" qəzetinin baş redaktoru Şakir Ağayev qeyd etdi ki, Azərbaycan mətbuatının ağır dönəmində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, mətbuata yardımı təqdirəlayiq haldır: “KİVDF-nin var olmasının bu gün Azərbaycanda çap mediasının ayaqda qalmasında böyük rolu var. KİVDF-nin yaradılması qərarı ilə Azərbaycanda çap mediasının inkişafı dövlət tərəfindən dəstəkləndi ki, ənənəvi mətbuat öz fəaliyyətini davam etdirsin”.
Həmsöhbətimizin sözlərinə görə, KİVDF yaradılandan bu günə kimi medianın inkişafı istiqamətində çoxlu sayda layihə həyata keçirib: “Jurnalistlərin maddi təminatının yaxşılaşdırılması ilə bağlı layihələr həyata keçirir. Bu layihələr əsasında jurnalistlərin sosial təminatı bir qədər yaxşılaşır. Onu da deyim ki, jurnalist təcrübələrinin yaxşılaşdırılması istiqamətində fondun xətti ilə xarici ölkələrə səfərlər təşkil olunub”.
Ş.Ağayev KİVDF-nin yaradılmasının 9-cu ildönümü münasibətilə, başda Vüqar Səfərli olmaqla, bütün media əhlini təbrik etdiyini dilə gətirdi.
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid qeyd etdi ki, KİVDF-nin Azərbaycan jurnalistikasının, yazılı medianın həyatında misilsiz rolu var: “Xatırladım ki, 2008-ci ildə Mətbuat Şurası, media kapitanları kütləvi informasiya vasitələrinə dövlət dəstəyi konsepsiyası hazırlayıb hökumətə təqdim etdilər və Prezident Aparatında xeyli müzakirələrdən sonra Prezident İlham Əliyevin sərəncamı ilə konsepsiya imzalandı. 2009-cu ildə isə fond yaradıldı. Fondun yaradılması yazılı medianı məhv olmaqdan xilas etdi. KİVDF-nin yaradılmasının jurnalistlərin sosial-iqtisadi durumunun yaxşılaşdırılmasında da öz rolu var. Jurnalistlər üçün yazı müsabiqələri keçirilməsi onlara əlavə stimul verir”.
R.Məcid arzu edir ki, KİVDF-nin 10 illiyi də yüksək səviyyədə keçirilsin və qurum uzun illər Azərbaycan mətbuatının inkişafına dəstək olsun.
“Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev bizimlə söhbətində qeyd etdi ki, KİVDF-nin yaradılması ilə bağlı təklif zamanında jurnalistlərin və jurnalist təşkilatlarının özlərindən gəlib: “9 il əvvəl bu təkliflər nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb və yüksək səviyyədə fəaliyyət göstərir. Bir sıra mətbu orqanlar fond vasitəsilə layihələr həyata keçirirlər”.
B.Həziyev hesab edir ki, mətbuatın indiki ağır durumunda fondun fəaliyyəti mühüm yer tutur: “Bəllidir ki, mətbuatın çox ciddi problemləri var. Yayım sistemində, reklam bazarında, yaradıcılıq sahəsində, ümumiyyətlə, jurnalist yaradıcılığı azadlığında olduqca ağır vəziyyət var. Bu da son illər ərzində yaranıb. Media ilə bağlı qanunlar getdikcə sərtləşdirilib. Qəzetlərin çapı və yayımı sahəsində heç də ürəkaçan mənzərə yoxdur - qəzet kağızının, çap vasitələrinin bahalaşması, əlavə maneələr və sair var. Bunlar aradan qaldırılmasa, təkcə KİVDF-nin yardımları ilə inkişaf etmək mümkün olmayacaq. Bəli, bu gün KİVDF olmasa, qəzetlərə yardım göstərilməsə, qəzetlər yaşaya bilməz. Ancaq bu faktın özü mediamızın fəlakətli durumundan xəbər verir. Biz bütün problemlərin həllini fondun üzərinə qoya bilmərik. Bu problemlər həllini tapmalıdır, o zaman fond vasitəsilə maliyyələşən layihələr də daha effektiv olacaq. Ümid edirəm ki, fond bundan sonra daha səmərəli fəaliyyət göstərəcək. Uğurlar arzulayıram!”.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının sözlərinə görə, KİVDF yaradılmazdan öncə çap mediasının, ənənəvi medianın yaşam imkanı çox məhdud idi. Həmin ərəfədə çox az sayda qəzetin yaşam imkanı var idi: “Belə bir ərəfədə dövlətin mətbuata dəstəyi olmasa idi, KİVDF yaradılmasa idi, media sahəsində vəziyyət ciddi olacaqdı. Problemin ciddiliyi ondan ibarət idi ki, ənənəvi medianın yaşam imkanı məhdud idi, reklam gəlirləri yox səviyyəsində idi, qəzetlərin yayım imkanı çox məhdud idi. Belə bir vəziyyətdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması dövlətin mətbuata bir dəstəyi idi. Biz bu dəstəyi hiss edirik. Bununla bağlı aidiyyəti şəxslərə təşəkkür edirik”.
“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal bildirdi ki, 9 il öncə Prezident yanında KİVDF-nin yaradılması dövlətin kütləvi informasiya vasitələrinə, xüsusilə çap mediasına dəstəyinin daha effektiv və davamlı müstəviyə keçməsi mərhələsi oldu. KİVDF-nin fəaliyyətində bir neçə əsas istiqamət var ki, ötən 9 ildə bu istiqamətlər üzrə aparılan işlər öz nəticəsini verib: “Bunlardan biri ilk növbədə qəzetlərin layihələrinin fond tərəfindən ilboyu maliyyələşdirilməsidir. Hazırda elektron media ilə çap mediasının kəskin rəqabət şəraitində olduğu, həmçinin, son illər mətbuat yayımı ilə bağlı ortaya çıxan problemlər fonunda, qəzetlərin yalnız özü gücləri hesabına ayaqda qalması qeyri-mümkündür. Bu baxımdan, əminliklə demək olar ki, KİVDF yaranmasaydı və bu illərdə fondun qəzetlərə ayırdığı yardımlar olmasaydı, Azərbaycanda ənənəvi mətbuat məhvolma təhlükəsi ilə üzləşə bilərdi. Bu mənada, fondun yaranmasını həm də dövlətin qəzetləri qorumaq üçün qabaqlayıcı addımı da hesab etmək olar.
Ötən 9 ildə KİVDF-nin fəaliyyəti, həmçinin, jurnalistlər üçün mütəmadi keçirilən yazı müsabiqələri, "reket jurnalistika"ya qarşı mübarizə, Prezidentin sərəncamı ilə jurnalistlər üçün tikilmiş binaların normal qaydada bölüşdürülməsinin təşkili işi, hakimiyyət-mətbuat əlaqələrinin gücləndirilməsi, ciddi mətbuatın nüfuzunun artırılması kimi işlərlə xarakterizə oluna bilər”.
Günel CƏLİLOVA