Akif Nağı: “Ortada belə bir qanun olmadığı üçün, özbaşınalıqlar davam edir”
Bu günlərdə Azərbaycanın işğal altındakı ərazilərində baş verən hadisə ciddi rezonansa səbəb oldu. Söhbət həmin ərazilərdə minaların təmizlənməsi fəaliyyəti ilə məşğul olan “HALO Trust” beynəlxalq təşkilatının avtomobilinin minaya düşərək partlamasından gedir. Hadisə zamanı təşkilatın üç əməkdaşı ölüb, ikisi yaralanıb. Onların şəxsiyyəti və hansı ölkənin vətəndaşları olduqları barədə isə erməni mətbuatı dəqiq məlumat vermədi.
Apardığmız araşdırma nəticəsində məlum olub ki, “HALO Trust” beynəlxalq humanitar minatəmizləmə fəaliyyəti ilə məşğul olan Britaniya təşkilatıdır. Bu təşkilat əvvəlcə Britaniya hökuməti tərəfindən maliyyələşdirilirdi, lakin Azərbaycan tərəfinin diplomatik səyləri və etirazları nəticəsində maliyyələşmə dayandırılıb. Hazırda təşkilat fərdi donorlardan və digər mənbələrdən əldə etdiyi vəsaitlər hesabına Azərbaycanın işğal altındakı ərazilərində minatəmizləmə fəaliyyəti göstərir. Bildirilir ki, təşkilatın Qarabağdakı əməkdaşları əsasən ermənilərdir. Son vaxtlar təşkilatın Dağlıq Qarabağın inzibati hüdudlarından kənara çıxaraq, ətraf rayonlarda - Laçın, Zəngilan və Kəlbəcərdə də minatəmizləmə işləri aparmasına dair də məlumatlar var. Təbii ki, bu, yalnız həmin ərazilərdə qanunsuz məskunlaşmanı genişləndirmək məqsədi daşıya bilər.
Bu, beynəlxalq qurumların Dağlıq Qarabağ ərazisində gördüyü ilk qanusuz fəaliyyət deyil. Məhz analoji fəaliyyətinə görə rəsmi Bakı ATƏT-in İrəvan ofisinin bağlanmasını tələb edirdi. Azərbaycan tərəfinin əsaslandığı arqumentlər və təqdim etdiyi faktlarda bildirilirdi ki, ATƏT-in İrəvandakı ofisi Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağ ərazisində minaların təmizlənməsi və başqa layihələrin icrasını həyata keçirirmiş. Həmin əsaslı etirazlardan sonra ATƏT-in missiyası Ermənistandakı fəaliyyətinə son qoydu. Hazırda biz daha bir biabırçı faktla üzləşirik. Həmin təşkilatın işğal altında olan ərazilərimizə Azərbaycanın icazəsi olmadan mina təmizləməkdə hansı marağı və məqsədi ola bilər?
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının sözlərinə görə, hadisənin baş verməsi bir daha sübut etdi ki, bəzi beynəlxalq təşkilatlar işğal altındakı ərazilərdə qanunsuz fəaliyyətlə məşğul olurlar: “Bəlli oldu ki, Dağlıq Qarabağın minalardan təmizlənməsi işlərini rəsmi Bakının icazəsi olmadan həyata keçirən Britaniyanın "Halo Trust” təşkilatının əməkdaşları minaya düşüblər. Hesab edirəm ki, bu cür halların qarşısını almaq üçün, işğal edilmiş ərazilər haqqında qanun qəbul edilməlidir. Hazırda hansısa beynəlxalq təşkilatın nümayəndələri Dağlıq Qarabağa qanunsuz səfər edən zaman o şəxslər Xarici İşlər Nazirliyinin "qara siyahı”sına salınır və həmin təşkilata rəsmi nota göndərilir. Bütün bunlar lazımi effekt vermir. Gördüyümüz kimi, Azərbaycanın işğal olunmuş rayonlarına edilən qanunsuz səfərlər aktual olaraq qalır. Bu işləri sistemli şəkildə görmək lazımdır. Ehtiyac var ki, "Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” qanun layihəsi qəbul olunsun. Bu məsələ dəfələrlə Milli Məclisdə gündəmə gətirilsə də, layihə bu günədək müzakirəyə çıxarılmayıb. Qanunvericilik bazası yaradılmalıdır ki, Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərə heç bir ölkə vətəndaşı səfər etməməli, heç bir hərəkət həyata keçirilməməlidir. Hətta Minsk Qrupunun həmsədrləri belə Azərbaycanın icazəsi olmadan işğal rayonlarına baş çəkməməlidirlər. Ortada belə bir qanun olmadığı üçün, özbaşınalıqlar davam edir. Azərbaycan tərəfi də məsələyə bir qədər də sərt yanaşmalıdır. Güman edirəm ki, sözügedən şirkət minatəmizləmə adı altında orada başqa işlərlə də məşğul olur. Qanun olsa, bütün bunlara hüquqi qiymət verilər. Həmçinin də həmin qanuna qondarma “respublika rəhbərliyi”nin xarici ölkələrə səfərləri barədə maddə də əlavə olunmalıdır. Onlar haqqında məhkəmə qərarları çıxarılmalı, İnterpol xətti ilə axtarışa verilməlidirlər. Səfər etdikləri ölkələrdə həbs olunaraq Azərbaycana təhvil verilməlidirlər”.
Məhəmmədəli QƏRİBLİ