Vüqar Qədirov: “Aprel döyüşlərilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında Azərbaycan bütün resurslardan düzgün istifadə etdi”
Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı aprel döyüşlərindən iki il ötür. 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib. Həmçinin, minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Azərbaycan Ordusu dördgünlük aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşadıb.
Silahlı Qüvvələrimizin həyata keçirdiyi əks-həmlə əməliyyatının məqsədi Ermənistan silahlı qüvvələrinin təmas xəttindəki yaşayış məntəqələrinə törətdiyi təhlükəni aradan qaldırmaq idi. Belə ki, 2016-cı ilin martından başlayaraq, Ermənistan silahlı qüvvələrinin birləşmələri cəbhəboyu zonadakı yaşayış məntəqələrini daha sıx atəşə tutmağa başlamışdılar. Vəziyyəti gərginləşdirmək məqsədilə erməni hərbi birləşmələri artilleriya qurğularından həm döyüş mövqelərimizi, həm də təmas xəttinə yaxın olan yaşayış məntəqələrini atəşə tuturdular. Düşmən aprelin 2-nə keçən gecə bütün mövqelərimizi, eyni zamanda, mülki əhalini atəşə tutub. Azərbaycan tərəfindən dərhal adekvat tədbirlərin görülməsi ilə bağlı qərar qəbul edilib və qəti cavab zərbələri endirilib. Düşmən müdafiəsinin ön xəttində və dərinliyində yerləşən koordinatlar müəyyənləşdirilib, Ermənistan ordusunun canlı qüvvəsi və hərbi texnikası məhv edilib.
Ancaq maraqlıdır ki, Ermənistan rəhbərliyi Azərbaycan Ordusunun qazandığı bu parlaq qələbəni heç cür həzm etmək istəməyib. Əvvəlcə onlar Azərbaycan Ordusunun heç bir ərazini düşməndən azad etmədiyini bildirdilər. Bunun ardınca isə yalanlarının ifşa olunduğunu gördükdə, ən ali rəhbərlik səviyyəsində məğlubiyyətlərini etiraf etdilər. Bildirməyə başladılar ki, guya Azərbaycan cəmi bir təpəni azad edib və bunu ciddi hərbi uğur saymaq olmaz. Ancaq Azərbaycan təbliğatı, diplomatiyası cəbhədə əldə olunan irəliləyişin əsl mahiyyətini dünya birliyinə, ölkə ictimaiyyətinə çılpaqlığı ilə çatdırmağı bacardı. Aprel döyüşləri ilə bağlı həqiqətlərin hərtərəfli şəkildə ictimaiyyətə çatdırılması yolunda Azərbaycan diplomatik, ictimai-siyasi istiqamətlərdə ermənilər üzərində hansı üstünlükləri əldə etdi?
Ekspert Vüqar Qədirovun sözlərinə görə, bu qələbəyə işğal altında olan torpaqların hansı faizinin azad edilməsi kontekstindən yanaşmaq düzgün olmaz: “Bəli, biz bilirik ki, işğal altında çox böyük ərazilərimiz, rayonlarımız, kəndlərimiz var. Ancaq 2016-ı ildə Milli Ordumuzun uğurlu əməliyyat keçirməsi bir daha göstərdi ki, Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək imkanına malik güclü ordusu var.
Ermənistan uzun illər ərzində öz ordusu haqqında miflər yaradırdı, lakin aprel döyüşləri bu mifləri darmadağın etdi, Ermənistan ordusunun Azərbaycan Ordusu qarşısında nə qədər gücsüz olduğunu göstərdi. Aprel döyüşlərində Azərbaycan əsgəri işğal altında olan bir neçə yüksəkliyi qısa müddətdə ermənilərdən azad etməklə bütün dünyaya sübut etdi ki, Azərbaycan istənilən vaxt torpaqlarını işğaldan azad etməyə qadirdir, lakin biz münaqişənin sülh yolu ilə həllini istəyirik. Aprel döyüşləri Azərbaycan tarixinə şanlı bir səhifə yazdı. Bu döyüşlərin nəticəsi dünyaya çatdırdı ki, Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcək və istənilən halda öz torpaqlarını azad edəcək. Biz, həmçinin, dünyaya diplomatik müstəvidə də çatdırdıq ki, mövcud status-kvo bizi qane edə bilməz. Lələtəpə yüksəkliyinin azad edilməsindən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə böyük köç başladı. Azərbaycan Xarici İşlər Nazirliyinin xətti ilə ölkəmizdə akkreditə olunan bir çox səfirliklərin və diplomatik korpusların təmsilçiləri Cocuq Mərcanlıda oldular. Onlar vəziyyətlə yerində tanış oldular. Hesab edirəm ki, aprel döyüşlərilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında Azərbaycan bütün resurslardan düzgün istifadə etdi. Həm diplomatik, həm də ictimai-siyasi aspektdən biz həmin qələbəni düzgün dəyərləndirməyi bacardıq. Eyni zamanda, biz bununla ermənilərin yalanlarını ifşa etdik. Çünki onlar hadisələrin ilk anında heç bir məğlubiyyətə uğramadıqlarını bildirirdilər. Bu qələbə bizim xalqımızda olan vətənpərvərlik hissini bir qədər də artırdı. Biz bu hadisə ilə bağlı həm hərb meydanında, həm də diplomatik, siyasi müstəvidə düşməni məğlub etməyi bacardıq”.
Məhəmmədəli QƏRİBLİ