Rauf Zeyni: “Beynəlxalq təşkilatın bu cür obyektiv mövqeyini biz çox normal dəyərləndiririk”
ATƏT DTİHB-nin Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə missiyası aralıq hesabatını açıqlayıb. Hesabatın mətni qurumun saytında yerləşdirilib. Hesabat 9-24 mart tarixlərini əhatə edir. Hesabatda bildirilir ki, uzunmüddətli müşahidə missiyası martın 9-da keçirilmiş mətbuat konfransından sonra rəsmən fəaliyyətə başlayıb. Qeyd olunur ki, seçki komissiyalarının tərkibi parlamentdəki siyasi qüvvələrin sayına əsasən təşkil olunub. Hesabata əsasən, məntəqə seçki komissiyalarına yaxşı treninq keçilib.
Missiyaya rəsmi qurumlardan məlumat verilib ki səsvermə hüququna malik insanların qeydiyyatı tam aparılıb. Lakin, eyni zamanda, bəzi müsahiblər ölkədə səsvermə yaşına çatmış insanlarla qeydiyyata alınmış seçicilər arasında fərq olduğunu bildirir.
Hesabata əsasən, namizədlər üçün müəyyənləşdirilmiş pulsuz efir vaxtı debatlar üçün istifadə olunur və ictimai yayımla efirə verilir.
Sənəddə qeyd olunur ki, məhkəmə və Mərkəzi Seçki Komissiyasına müşahidə dövrü ərzində heç bir şikayət daxil olmayıb. Müşahidə missiyası seçki ilə bağlı çox az şikayətin olacağını düşünür.
Bir sıra partiyalar seçkiləri boykot edərək, seçkilərdə iştirak etməyəcəklərini bəyan ediblər, bəziləri isə seçkilərdə iştirak etmək üçün kifayət qədər vaxt olmadığını, buna görə seçkilərə qatılmadıqlarını bildiriblər.
Lakin missiyanın Yeni Azərbaycan Partiyasından olan müsahibləri bu səbəbləri tənqid edərək onların seçkilərin 2018-ci ildə keçiriləcəyindən əvvəldən xəbərdar olduqlarını qeyd ediblər.
ATƏT DTİHB-nin aralıq hesabatını necə dəyərləndirmək olar?
Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni qəzetimizə açıqlamasında bildirdi ki, sözügedən qurumun aralıq hesabatını ümumən qənaətbəxş saya bilər: “Xırda iradlar da var ki, mən məsələni onların üzərinə fokuslamaq istəmirəm. Çünki onlarla razılaşmaq və razılaşmamaq da olar. Ancaq aralıq hesabatda biz müsbət tendensiyalara işarələrin edildiyinin şahidi oluruq. Hiss olunur ki, ATƏT-in DTİHB adlı qurumu da seçkilərlə bağlı obyektiv, qərəzdən uzaq monitorinqlər aparıb və onlar bizə seçkilərin demokratik keçirilməsi istiqamətində öz töhfələrini verməyə hazırdırlar. Beynəlxalq təşkilatın bu cür obyektiv mövqeyini biz çox normal dəyərləndiririk. Bizim təşkilat da yerli müşahidəçiləri özündə birləşdirir və bütün seçki dairələri, məntəqələrində, hətta MSK-nın özündə belə müşahidə aparacağıq. Biz hesabatda qeyd olunan bütün prosedurları yaxından müşahidə edə bilmişik. Bütün mərhələlər və yaradılan şərait beynəlxalq standartlara tam cavab verir. Dünyanın bir çox ölkəsində olmayan texniki imkanlar da bizdə mövcuddur. İstənilən ölkədən videokamera vasitəsilə bizdə olan seçkiləri müşahidə etmək mümkün olacaq. Belə detallar hesabatda qeyd olunmasa da, mən bunu vurğulamağı lazım bildim. Bizdə baş tutacaq seçkilərin azad və ədalətli keçirilməsinə zərrə qədər də şübhə ola bilməz. İnanırıq ki, bu seçkilər də bütün dünyaya örnək olacaq səviyyədə keçiriləcək. Əminəm ki, seçkilərdən sonra indi barəsində danışdığımız missiya ilə yanaşı, digər təsisatlar da yekun nəticə barədə obyektiv fikirlərini söyləyəcəklər. Təşkilatın aralıq hesabatında qeyd olunan müsbət çalarlar da bunları söyləməyə əsas verir ki, nəticə qənaətbəxş olacaq”.
Məhəmmədəli QƏRİBLİ