Yaxın Şərqdə son geosiyasi proseslər Azərbaycanın əsas strateji mütəffiqi sayılan qardaş Türkiyə üçün getdikcə daha təhlükəli bir mərhələyə qədəm qoyur. Söhbət Türkiyənin terrorçulardan təmizləmək istədiyi Menbiç şəhərindən gedir. Qeyd edək ki, bu vaxta qədər Menbiçdə yerləşən kürd yaraqlıları Türkiyənin buradan çıxmaqla bağlı tələblərinə qarşı çıxıb.
Onlar Menbiçdə olan ABŞ hərbçilərinə görə Türkiyənin buranı Afrin kimi təmizləyəcəyinə inanmır. Ankara isə ABŞ-a da xəbərdarlıq edib ki, terrorçular Menbiçi tərk etməsə, şəhərə hücum qaçılmaz olacaq və buna Amerika hərbçiləri müqavimət göstərsə, onlar da zərbə hədəfi olacaq. ABŞ isə indiyə qədər Menbiçdə kürdləri yalnız qoymayacaqlarını bildirir və Ankaranı şəhərə hücumdan çəkindirməyə çalışırdı. Amma Ankaranın israrlı olması fonunda ABŞ taktikanı dəyişərək Menbiçdə Fransanı Türkiyə ilə üz-üzə qoymaq kimi təhlükəli bir gediş edir.
Türkiyənin “Sabah” qəzeti ki, ABŞ Suriyadakı boşluğun Fransa tərəfindən doldurulmasını istəyir: “Fransa prezidenti Emmanuel Makron ABŞ-ın bu xüsusda mesajını almış kimi görünür. Belə vəziyyətdə Fransa, Türkiyənin terrorla mübarizəsinə dəstək olmaq əvəzinə, Suriyada PKK və YPG-nın yeni himayəçisi olaraq prosesə daxil olacaq. Amma Türkiyə buna icazə verməyəcək. Prezident Rəcəb Tayyib Ərdoğan da Fransaya açıq şəkildə cavab verib: “Biz terrorçulara ad qoymaqla deyil, onları məhv etməklə məşğuluq. Bundan başqa deyiləcək bir söz varmı?”.
Məhz belə bir vaxtda bəlli olub ki, Ankaranın istəklərinin əksinə olaraq,
Fransa kürd silahlılarına kömək məqsədilə Menbiç bölgəsinə ordu göndərməyi qərara alıb. Artıq Fransanın Menbiç şəhərinə 50 zabit göndərdiyi bildirilir. Türkiyə mediası fransız zabitlərin 4 hərbi təyyarədə yola düşdükləri barədə xəbər yayıb. Halbuki, bundan əvvəl Fransa Xarici İşlər Nazirliyi Parisin Suriyanın şimalında müstəqil hərbi əməliyyatlar planlaşdırmadığını qeyd etmişdi. Amma görünən odur ki, Fransa vədinə xilaf çıxıb. Türkiyə mediası yazır ki, bütün bunlar Fransa prezidenti Emmanuel Makronla ABŞ prezidenti Donald Tramp arasında Suriya mövzusundakı danışıqlardan sonra baş tutur.
Xatırladaq ki, bundan əvvəl də tərkibində YPG-nin yer aldığı Suriya Demokratik Qüvvələrinin təmsilçiləri Emmanuel Makron tərəfindən qəbul olunub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Emmanuel Makronun Suriya Demokratik Qüvvələrinin nümayəndə heyətini qəbul etməsinə sərt reaksiya verib. Ərdoğan Ədalət və İnkişaf Partiyasının vilayət təşkilatlarının rəhbərləri ilə görüşündə bildirib ki, terror təşkilatını yüksək səviyyədə qonaq edənlər bunun Türkiyəyə qarşı düşmənçilik mənası daşıdığını bilməlidir: “Ey Qərb! Sizin SDQ dediyiniz Suriya Demokratik Qüvvələri PKK terror təşkilatının aynasıdır. Guya onlar PKK deyilmiş. Bununla bizi aldatmağa çalışırsınız, halbuki, biz onların hamısının təməlini bilirik. Hamısının kimliyi, ünvanları bizdə var. Siz terror təşkilatı ilə masaya otura bilərsiniz, amma Türkiyə terror təşkilatları ilə Afrində olduğu kimi mübarizə aparır. Bunların dostu YPG bölgəmizdəki ən əliqanlı, ən əxlaqsız, insanlıq düşməni terrorçu təşkilatdır. Bu tövründən sonra Fransanın heç bir terrorçudan, terror aksiyasından şikayət etməyə haqqı qalmayıb. Terrorçularla yatıb-qalxan, hətta onları saraylarda qonaq edənlər səhvlərini tez-gec anlayacaq. Suriyada canını qurtaran terrorçular ora doluşduqda ümid edirik ki, bizdən yardım istəməzlər”.
İndilikdə yayılan məlumatlardan o da bəlli olur ki, Menbiçə gətirilən fransalı xüsusi təyinatlılar əməliyyatları ABŞ hərbi komandanlığı ilə əlaqələndirəcək. Bu fonda yenə də Türkiyə Milli Təhlükəsizlik Şurası kürd silahlı dəstələrinin dərhal Menbiçdən çıxarılmasını tələb edib. Tələb yerinə yetirilməyəcəyi təqdirdə Ankara bölgədə “Zeytun budağı”na bənzər irimiqyaslı hərbi əməliyyat keçirəcəyini bəyan edib. Belə vəziyyətdə Türkiyənin Menbiçdə ABŞ-la yanaşı Fransa ilə də üz-üzə gəlməsi artıq qaçılmaz sayılır. Türkiyənin “Yeni Şəfəq” qəzeti isə bildirir ki, istənilən halda türk ordusu Menbiçə girəcək: “Türkiyə Tel-Abyaddan Menbiçə doğru geniş bir dəhliz açacaq. Afrində olduğu kimi, Menbiçə sərhəddən - şimaldan daxil olmayacaq. Geniş təhlükəsizlik dəhlizi ilə həm Fəratın şərqi, həm də Menbiçi nəzarət altına alaraq bir daşla iki quş vuracaq. Bu dəhlizin açılmasının səbəbi kimi Süleyman Şah Türbəsinin əvvəlki yerinə yerləşdirilməsi göstəriləcək. Çünki o bölgə Menbiçin şərqində - Fəratın sahilində yerləşir. Türbə orada yerləşdirildikdən sonra Türkiyə Silahlı Qüvvələri geniş təhlükəsizlik tədbirləri görəcək. Daha sonra dəhliz həm Menbiç, həm də Fəratın şərqinə doğru genişləndiriləcək”. Qeyd edək ki, Süleyman Şah Türbəsi Suriyanın Hələb vilayətinin Karakozak kəndi sərhədləri içərisində yerləşirdi. Bura Türkiyənin öz hüdudlarından kənarda sahib olduğu yeganə torpaq ərazisidir. 2014-cü il martın 13-də Azad Suriya Ordusu ilə İŞİD arasındakı qarşıdurmalar nəticəsində Karakozak kəndi və türbənin olduğu bölgə terror təşkilatı İŞİD-in nəzarətinə keçib. 2015-ci il fevralın 22-də Türkiyə Silahlı Qüvvələrinin 700 nəfərlik heyəti türbədə olan 40 əsgəri ölkəyə geri gətirmək üçün Suriyaya girib. Türbədə olan Süleyman Şahın məzarı və digər mənəvi dəyəri olan əşyalar alındıqdan sonra Süleyman Şah Türbəsi və yaxınlıqdakı polis bölməsi partlayıcılarla havaya uçurulub. Süleyman Şah Türbəsi 2015-ci ildə Şanlıurfanın Birəcik mahalının qarşısında, Suriyanın sərhədə yaxın Əsmə kəndində qurulub.
Tahir TAĞIYEV