2016-cı ilin aprelində qoşunların təmas xəttində məlum qarşıdurmanın növbəti ildönümü fonunda işğalçı Ermənistanda ciddi narahatlıq yaradan başlıca məqamlardan biri iki il öncəki hərbi əməliyyatların yenidən təkrarlana biləcəyi ilə bağlıdır. Qeyd olunan xüsusda maraq doğuran məqamlardan biri Azərbaycanın hərb müstəvisində də Ermənistandan kifayət qədər üstün bir mövqedə olmasına dair düşmən ölkədə etirafların artmasıdır.
Ümumiyyətlə, aprel döyüşlərinin növbəti ildönümü ilə bağlı olaraq işğalçı ölkənin mətbuatında və sosial şəbəkələrdə həmin hadisələrlə bağlı müxtəlif yazılar, şərhlər dərc edilir. Ermənistanda hakimiyyət tərəfindən qarşısını almağa nə qədər çalışsalar da, yenə də mütəmadi olaraq məlum aprel döyüşlərində həlak olan hərbçilərin ailə üzvlərinin, eləcə də yaralananların üzləşdiyi acınacaqlı durum və haqsızlıqlarla bağlı ifşaedici məlumatlar yayılmaqdadır. Bütün bunlar burada hökm sürən kriminal rejimin iç üzünü açmağa və Ermənistan ordusu ilə bağlı ölkədəki saxtakarlıqları ifşa etməyə, həqiqəti ictimaiyyətə çatdırmağa yetərli olduğundan, İrəvanda ciddi narahatlıq predmeti kimi qarşılanır. Yalanlarının ortaya çıxacağından qorxan kriminal rejim belə halların qarşısını almaq məqsədilə ən müxtəlif üsullara əl atır.
Amma bütün bunlara rəğmən, yayılan etiraflardan bir daha aydın görünür ki, hərb cəbhəsində yenidən Azərbaycanla üz-üzə gəlmək indi ermənilərin ən böyük qorxusudur. Ən azından ona görə ki, ortada aprel dərsləri var. Xatırladaq ki, 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib. Həmçinin minlərlə hektar ərazi Azərbaycan ordusunun tam nəzarətinə keçib. Silahlı Qüvvələrimizin həyata keçirdiyi əks-həmlə əməliyyatının məqsədi Ermənistan silahlı qüvvələrinin təmas xəttindəki yaşayış məntəqələrinə törətdiyi təhlükəni aradan qaldırmaq idi. Belə ki, 2016-cı ilin martından başlayaraq, Ermənistan silahlı qüvvələrinin birləşmələri cəbhəboyu zonadakı yaşayış məntəqələrini daha sıx atəşə tutmağa başlamışdı. Vəziyyəti gərginləşdirmək məqsədilə erməni hərbi birləşmələri artilleriya qurğularından həm döyüş mövqelərimizi, həm də təmas xəttinə yaxın olan yaşayış məntəqələrini atəşə tuturdu. Düşmən aprelin 2-nə keçən gecə bütün mövqelərimizi, eyni zamanda mülki əhalini atəşə tutub. Azərbaycan tərəfindən dərhal adekvat tədbirlərin görülməsi ilə bağlı qərar qəbul edilib və qəti cavab zərbələri endirilib. Düşmən müdafiəsinin ön xəttində və dərinliyində yerləşən koordinatlar müəyyənləşdirilib, Ermənistan ordusunun canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Ordumuzun qəti zərbələri nəticəsində düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edilib, 320 hərbçisi öldürülüb, 500-dən artıq döyüşçüsü yaralanıb. Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanması təmin edilib.
O da xüsusi qeyd olunmalıdır ki, aprel döyüşlərinin ən böyük tarixi əhəmiyyəti bu qələbə sayəsində “Böyük Qayıdış” prosesinə start verilməsi oldu. Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Burada yenidən doğma torpaqlarına qayıtmış sakinlərin təhlükəsizliyi tam təmin edilir. Yuxarıda qeyd olunduğu kimi, erməni tərəfini hazırda ciddi şəkildə narahat edən məqamlardan biri aprel döyüşlərinin yenidən təkrarlana biləcəyi ilə bağlıdır. Ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov əslində ermənilərin bu narahatlığının əbəs olmadığını bildirir. Onun sözlərinə görə, Azərbaycan ordusu aprel döyüşləri ilə həm Ermənistana, həm də qonşu dövlətlərə öz gücünü, qüdrətini sübut edib. Y.Aydəmirov vurğulayıb ki, ordumuzun bir neçə bölməsi aprel döyüşlərində erməni ordusunun əsl simasını üzə çıxardı: “Döyüşlərdən sonra Ermənistan ordusunun kəşfiyyat, rabitə, döyüş təminatı, maddi-texniki təminat idarələrinin rəisləri tutduqları postlardan qovuldular. Bunlar döyüş zamanı ən lazımlı sahələrdir. Göründüyü kimi, aprel döyüşləri zamanı erməni ordusunda çox ciddi problemlər yarandı. Bundan başqa, zərbə o qədər sarsıdıcı oldu ki, müdafiə naziri, baş qərargah rəisi vəzifələrindən uzaqlaşdırıldı”.
Y.Aydəmirov bildirib ki, ermənilər aprel döyüşlərindən ötən iki il ərzində ordularında heç bir tədbir görməyiblər, görə də bilməyəcəklər: “Çünki bunun üçün vəsaitləri yoxdur. Ancaq son iki il ərzində Azərbaycan ordusu müxtəlif silahları silahlanmaya qəbul edib. Bunlar modernləşdirilmiş silahlardır. Bu silahları hərbi paradda görəcəklər. Bundan başqa, ötən iki il ərzində ordumuz çox sayda təlimlər keçirib. Ona görə də ağılları varsa, öz xalqlarını qırdırmaq istəmirlərsə, işğal etdikləri torpaqlarımızı bu gün tərk etsinlər. Ermənilər üçün başqa çıxış yolu yoxdur”. General vurğulayıb ki, ermənilər hər an yeni döyüşlərə hazır olsunlar: “Ermənilər hər an yeni aprel, may, iyun döyüşlərinə hazır olsunlar. Heç uzaq ayları gözləməsinlər. Azərbaycan ordusunun xidmətdə və ehtiyatda olan hər bir zabiti bu günü səbrsizliklə gözləyir. Çünki Azərbaycan ordusunun qələbəsinə heç kəs şübhə etmir. Elə Ermənistanın özündə də”.
Həqiqətən də ötən iki il ərzində hərb cəbhəsində Ermənistanın lehinə dəyişən heç ən yoxdur. Əksinə, proseslər daha sürətlə Azərbaycanın lehinə inkişaf edir. Məsələn, Stokholmun dünya problemlərini araşdıran Beynəlxalq İnstitutunun (SİRPİ) son hesabatında qeyd olunur ki, Azərbaycan 2016-2017-ci illərdə 551 milyon ABŞ dolları dəyərində silah alıb və dünya üzrə 27-ci yerin sahibi olub. Xatırladaq ki, Azərbaycan bu dövrdə İsraildən 4 ədəd OPV-62 hərbi gəmi, 40 ədəd “Orbiter” PUA, 215 ədəd “Spike-NLOS” tank əleyhinə raket idxal edib. Bununla yanaşı, Azərbaycan Çexiyadan 10 ədəd “RM-70” 122 mm-lik reaktiv yaylım atəş sistemi (RYAS) alıb. Azərbaycan göstərilən dövrdə Rusiyadan 36 ədəd “TOS-1” ağır odsaçan artilleriya sistemi, 40 ədəd "BTR-82A" zirehli nəqliyyat vasitəsi, eləcə də 800 ədəd “Xrizantema” özü hərəkət edən tank əleyhinə raket kompleksi idxal edib. Slovakiyadan isə 18 ədəd 152 millimetrlik “Dana” özü hərəkət edən top-haubitsa satın alınıb. Öz növbəsində, Ermənistan göstərilən dövrdə 124 milyon ABŞ dolları məbləğində silah ixrac etməklə bu reytinqdə 54-cü yeri tutub. Göründüyü kimi, ötən iki il ərzinəd Azərbaycan Ermənistandan az qala 5 dəfə çox silah alıb. Eyyi zamanda Azərbaycan daha müasir silahlar aldığı halda, Ermənistan əsas etibarı ilə rus ordusunun istismardan çıxardığı silahlara sahib olub. Ermənistanın aldığı silahların yararsız və effektinin az olmasını bu ölkədə etiraf edənlər də az deyil. Məsələn, erməni hərbi ekspert David Arutyunov bildirir ki, Rusiyadan alınacaq yeni müdafiə krediti Ermənistanda artıq mövcud olan silahların və hərbi texnikanın modernləşdirilməsinə yönəlməlidir: “Ermənistan bundan öncəki 200 milyonluq kreditlə silahlar alıb. Bu kredit xəttilə tədarük keçən ilin sonunda bitib. Yeni vəsaitlə Ermənistan öz hərbi texnikasını, daha çox tanklarını, piyadaların döyüş maşınlarını və zirehli transportyorlarını modernizə edə bilər. Digər istiqamət isə artilleriya qurğuları, tank əleyhinə sistemlərin alınması ola bilər. Son illər ərzində Azərbaycan İsraildən əhəmiyyətli dərəcədə tank əleyhinə komplekslər alıb. Digər istiqamət “2C1 Qvozdika” və “2C3 Akasiya” artilleriya sistemlərinin yenilənməsidir. Bu sistemlərin modernizəsi üçün böyük resursu var. Ümid edirəm ki, bu istiqamətdə nəsə ediləcək. Ona görə ki, Azərbaycan özüyeriyən qurğulara, xüsusilə “2C19 Mcta-C” və “2C31 Vena”ya böyük pullar xərcləyib. Başqa bir məsələ isə aviasiya sistemləri, özəlliklə də hərbi vertolyotların modernləşdirilməsidir”. Amma indiki vəziyyətdə David Arutyunov ölkəsinin bu kimi məsələlərdə Azərbaycan ordusundan çox geri qaldığını bildirir. Elə bu səbəbdən, aprel döyüşləri yenidən təkararlanacı təqdirdə o, nəticələrin Ermənistan üçün daha təhlükəli olacağını vurğulayır. Burada onu da diqqətə almaq lazım gəlir ki, məhz aprel döyüşləri ilə ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib olub. Bu gün həmin strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər imkan verir ki, Azərbaycan ordusu təmas xəttində mövcud vəziyyətə tam nəzarət etsin, savaş anında lazımi tədbirləri görə bilsin. Elə ermənilər bunu da nəzərə alır. Aprel döyüşləri onu da sübut etdi ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayan Ermənistanı və havadarlarını Azərbaycan hərbi yolla cəzalandıra, işğalçı siyasətdən çəkindirə bilər. Hadisələr isə bir daha təsdiqlədi ki, işğalçıya yerini göstərmək üçün ən yaxşı təsir vasitəsi gücdür. Çünki məhz aprel savaşından sonra Ermənistan danışıqlar masasına qayıtdı. İndi zərurət yaranacağı təqdirdə Azərbaycan yenə hərb yolu ilə istəyinə nail ola biləcəyini istisna etmir. lakin hələlik Bakı danışıqlar yolu ilə məsələnin həlliən ümid edir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da bir müddət öncə bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tərəflər prezident seçkilərindən sonra daha intensiv şəkildə müzakirələri davam etdirmək qərarına gəlib: “Hər iki ölkədə yeni hökumət qurulduqdan sonra danışıqları intensiv şəkildə davam etdirəcəyik”. İndi həmin intensiv danışıqlar istənilən nəticəni verməsə, Azərbaycanın ermənilərə yeni aprel dərsləri verməsi qaçılmaz olacaq. Düşmən isə belə dərsin ona nəyə başa gələcəyini yenə iki il əvvəlki aprel döyüşlərindən yaxşı bilir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.