Yeganə Hacıyeva: “Ruhani Qarabağ münaqişəsi haqqında danışarkən regional münaqişələrin həlli yolunda əsas alətin...”
İran prezidentinin ölkəmizə reallaşan budəfəki rəsmi səfəri daha zəngin qrafiki ilə yadda qaldı. Qeyd edək ki, məhz bu səfər çərivəsində ölkələrimiz arasında olduqca vacib razılaşmalar əldə olundu. Həsən Ruhani, həmçinin, Dağlıq Qarabağ münaqişəsi və regional sülhün təmin olunmasına dair maraqlı fikirlər səsləndirdi.
İran prezidenti ölkələrimiz arasında əldə olunan razılaşmadan məmnunluğunu da ifadə edib: “İmzalanan sənədlər də tarixi sənədlərdir. İki xalqın mənafeyinə, bütün bölgənin və eləcə də bütün dünyanın xeyrinə ola biləcək sənədlərdir. Tranzit məsələsinə gəldikdə isə, “Şimal-Cənub” dəhlizi İranın cənub bölgəsinin sularını, Fars körfəzini, Oman dənizini və Hind okeanını, həmçinin, avtomobil yolu və dəmir yolu vasitəsilə Qafqaz, Mərkəzi Asiya və Rusiya ilə birləşdirir, eləcə də Şimali və Şərqi Avropanı. Bu onu göstərir ki, “Şimal-Cənub” nəqliyyat dəhlizi nə qədər böyük əhəmiyyət daşıyır. İki ölkənin Rəşt-Astara dəmir yolu barəsində qərarı dövlətlərimizin bu layihəyə nə qədər böyük əhəmiyyət verdiyinin göstəricisidir. Xəzər dənizində bizim çoxlu birgə mənafelərimiz var. Biz gərək elmi, iqtisadi, ticari, gəmiçilik, balıqçılıq, turizm sahələrində əməkdaşlıq etməklə maksimum səmərə əldə edək. Bu gün Xəzər dənizinin mənbələrindən və yataqlarından qarşılıqlı istifadədə əməkdaşlığımız xalqlarımızın mənafeyinə geniş xidmət etmiş olar”.
İran prezidenti, həmçinin, bölgədəki problemlərin həlli yolları ilə bağlı da fikir söyləyib: “Biz bu qənaətdəyik ki, Yəməndəki problem siyasi yolla tənzimlənməlidir və hərbi yolla həll olunmamalıdır. Belə düşünürük ki, Suriya məsələsi də siyasi vasitələrlə həll yollarını tapmalıdır. Bununla əlaqədar bölgədəki ölkələrin göstərdiyi səylərlə bağlı Azərbaycanın və İranın baxışları eynidir. Biz belə düşünürük ki, Qarabağ problemi də siyasi yolla tənzimlənməlidir. Azərbaycan və Ermənistan dövlətlərinin səyi ilə biz bölgədə möhkəm sabitliyin bərqərar olmasının şahidi olmaq istəyirik. Biz şadıq ki, bu müstəvidə diplomatik səylər göstərilir. Dünya ictimaiyyətinin hörmətlə yanaşdığı beynəlxalq prinsiplər məsələnin həlli üçün alətə çevrilməlidir”.
Göründüyü kimi, İran prezidenti münaqişənin həllində dünyanın qəbul etdiyi beynəlxalq prinsiplərin alətə çevrilməsini diqqətə çatdırıb. Bununla Həsən Ruhani nə demək istəyib?
Politoloq Yeganə Hacıyeva qəzetimizə bildirdi ki, İran prezidenti Ruhaninin bu fikirlərini şərh etməmişdən öncə, son illər dövlətlərarası, beynəlxalq münasibətlərin tənzimlənməsində sülhə və əminamanlığa xidmət etməli olan beynəlxalq hüquq və normaların mütəmadi pozulmasının şahidi oluruq: “Zaman-zaman bu addımların qlobal güclər statusunu daşıyan dövlətlər tərəfindən həyata keçirildiyinin şahidi oluruq. Başqa dövlətin sərhədlərinin toxunulmazlığını pozmaq, bir dövlətin ərazisində onun quruluşunun zor yolu ilə dəyişdirilməsinə yönəlmiş təxribatçı, terrorist fəaliyyətin təşkili və yaxud dəstəklənməsi, başqa bir dövlətdə silahlı münaqişəyə müdaxilə kimi addımların həyata keçirilməsi də adi hala çevrilib. Həmçinin, son illər beynəlxalq hüquq və normaların qorunmasına xidmət etməli olan beynəlxalq təşkilatlar və qurumlar tərəfindən dövlətin daxili yurisdiksiyasına aid olan işlərə qarışmaq, dövlətin öz suveren hüquqlarını öz arzu və iradəsinə uyğun həyata keçirməsinə mane olmaq kimi beynəlxalq hüquq və normaların pozulmasının şahidi oluruq.
Beynəlxalq hüququn əsas müddəaları olan dövlətlərin daxili işlərinə qarışmağın yolverilməzliyinin pozulması yönündə super dövlətlər və beynəlxalq təşkilatların addımları qlobal təhlükəsizliyə hədə olaraq qəbul edilməlidir.
Bakıda keçirilən Azərbaycan-İran biznes forumu çərçivəsində ölkəmizdə səfərdə olan İran prezidenti Ruhani Qarabağ münaqişəsi haqqında danışarkən regional münaqişələrin həlli yolunda əsas alətin beynəlxalq hüququn norma və prinsipləri olmasını, münaqişələrin həllində tərəflərin beynəlxalq hüququn əsas prinsiplərinə əməl etməsini və əsas da münaqişələrin sülh yolu ilə həll edilməsinin doğruluğu haqqında fikirlərini söyləyib.
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərində təsbit olunmuş dövlətlərin ərazi bütövlüyü və suverenliyi əsasında həllinə tərəfdardır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ konfliktində isə Ermənistan ölkəmizlə münasibətdə beynəlxalq hüquqa müvafiq olaraq müəyyən olunmuş sərhədlərimizin toxunulmazlığı prinsipini, 20 % torpaqlarımızı işğal etməklə dövlətlərin ərazi bütövlüyü prinsipini, 1 milyon qaçqın düşmüş vətəndaşın beynəlxalq hüquqla təsbit edilmiş əsas insan hüquq və azadlıqları prinsipini pozub.
BMT üzvü kimi Ermənistan beynəlxalq hüququn əsas prinsiplərinə əməl etməli və digər üzv dövlətin sərhədlərinə qarşı qəsdlərdən əl çəkməlidir. Bununla yanaşı, Ermənistan digər üzv dövlətə qarşı ərazi iddiasından imtina etməlidir.
BMT üzvü kimi Azərbaycan üçün isə beynəlxalq hüquq və normalar beynəlxalq hüquqa müvafiq olaraq müəyyən olunmuş sərhədlərinin toxunulmazlığı prinsipini, pozulmuş ərazi bütövlüyünü bərpa etmək haqqını, 1 milyondan çox qaçqın və məcburi köçkün düşmüş vətəndaşın əsas insan hüquq və azadlıqlarını bərpa etmək və nəhayət, özünümüdafiə haqqını tanıyır. Ruhaninin nəzərdə tutduğu prinsiplər bunlardan ibarət ola bilər”.
Məhəmmədəli QƏRİBLİ