Yeganə Hacıyeva: "Prosesin uğurla nəticələnməsi digər münaqişə ocaqlarının gələcəyi üçün domino effekti verə bilər"
İraq Kürdüstanı prezidenti Məsud Bərzani Ərbildə islam alim və vaizləri qarşısında çıxış edərək bildirib ki, İraqın kürd bölgəsinin bütün etnik və dini komponentləri bu il sentyabrın 25-də müstəqillik üzrə referendum keçirmək haqda qərar qəbul edib və bu plan təxirə salına və yaxud ləğv edilə bilməz.
Bərzani bu zaman yada salıb ki, müstəqilliyə çağırış Bağdad üçün yeni deyil: kürdlər artıq İraq hökumətinə xəbərdarlıq ediblər ki, Konstitusiya pozuntusu davam edəcəyi halda, Kürdüstan İraqdan imtina edəcək.
Bu mövzuya müxtəlif ölkələrin fərqli münasibəti var. Bəs Azərbaycan Kürdüstanın müstəqil olmaq istəyi ilə bağlı hansı mövqeni ortaya qoymalıdır?
Politoloq Yeganə Hacıyeva qəzetimizə bildirdi ki, kürdlər ilk dəfə İraqın tərkibində 1970-ci ildə ərazi və mədəni muxtariyyət əldə ediblər: "Səddam Hüseynin devrilməsindən sonra isə ilk dəfə siyasi muxtariyyət əldə etdilər. 2005-ci ildə İraq Konstitusiyası kürdlərə muxtariyyət haqqını tanıdı.
Bu illər ərzində Kürdüstan de-fakto müstəqil dövlət kimi formalaşmağa başladı. 1960-cı ildən fəaliyyət göstərən kürd ordusu peşmərgə adı ilə fəaliyyətə başladı. Kürdüstanın bu illər ərzində siyasi və hərbi qanadı inkişaf etdi. Beynəlxalq müstəvidə ünvan olaraq tanındı. Bu da beynəlxalq güclərin maraqlarına tam cavab verirdi və əldə olunan nailiyyətə görə Kürdüstan həmin güclərə borcludur. Kürdüstanın dövlət kimi formalaşmasını istəməyənlər də çox olub. İraq, Türkiyə, İran və Suriya bu plana etiraz edib. Çünki hər 4 dövlətin ərazisində kompakt halda yaşayan kürd toplumu var və həmin hal presedent rolunu oynaya bilərdi.
2014-cü ildə kürd hərbi qruplaşması İraqın neftlə zəngin olan Kərkük şəhərini ələ keçirdi. Bütün bu hadisələrə İŞİD-lə mübarizə adı verildi və ABŞ-ın dəstəyilə baş tutdu. Türkiyənin daxilində isə kürdlərdən separat qüvvə kimi istifadə olunurdu. Beynəlxalq güclərin Kobani ətrafında döyüşlərdə üstünlüyü Türkiyəyə deyil, peşmərgəyə verməsi rəsmi Ankaranı da prosesdən incik saldı. Bu prosesin yekun nəticəsində peşmərgə beynəlxaq koalisiyanın əsas müttəfiqinə çevrildi. Hesab edirəm ki, bu məsələdə bizim mövqeyimiz qardaş Türkiyə ilə eyni olmalıdır. Bu, həmçinin, Azərbaycanın beynəlxalq hüquqa hörmətinin, sədaqətinin göstəricisi olacaq. Çünki Kürdüstanın dövlət olması beynəlxalq səviyyədə ölkələrin tanınan sərhədlərinin pozulması ilə nəticələnə bilər. Prosesin uğurla nəticələnməsi digər münaqişə ocaqlarının gələcəyi üçün domino effekti verə bilər".
Məhəmmədəli QƏRİBLİ