Aqşin Əliyev: "Artıq Ermənistan ordusu elə xəstəliyə yoluxub ki, onu müalicə etmək mümkün deyil"
Qayane Avetyan Qarabağda doğulub. O, Vazgen Sarkisyan adına Hərbi İnstitutu bitirib. 3 ildir Madagizdə xidmət edir. Snayper və bölük komandiridir. Avetyan "Hraparak"a müsahibəsində Ermənistan ordusu ilə bağlı ifşaedici faktlar açıqlayıb, prezident Sarkisyanın apardığı uğursuz siyasəti sərt tənqid edib:
"Serj Sarkisyan bu gün ordunu öz şəxsi əmlakına çevirib. Cəbrayıla komandir dostum Armen Gözəlyanın yanına getmişdim. Dedim ki, Ermənistandan Dağlıq Qarabağa hərbi xidmətə xəstə uşaqları göndərirlər, o isə mənə bildirdi ki, "bu normaldır, əgər Ermənistandan uşaqları göndərirlərsə, nəticədə onlar ümumən "ətlik" olurlar. Biz heç nə edə bilmirik".
Mən həkim komissiyasına sual ünvanlayıram ki, uşağın əlilliyi var, 7-ci maddənin "Q" bəndinin tələblərinə uyğundur. Bəs niyə həmin xəstə uşaqları sərhədə göndərirlər?
Ermənistan prezidenti müharibə vəziyyətində hər kəslə manipulyasiya edir. O, təcrübəli polkovniki vəzifəsindən çıxarır, başqa yerə qoyur. İnsan xidmət edib, lakin onu düz danışdığına görə ruhi xəstə hesab edirlər".
Müsahibin sözlərinə görə, Madagizin komandiri Harutyun Əmirxanyanı vəzifəsindən çıxararaq Ermənistanın digər hərbi hissəsində komandir təyin ediblər.
"Əmirxanyanı yaxşı tanıyırıq. Neçə dəfə həyəcan olub, Əmirxanyan hərbi hissədə olmayıb, heç diversiyanın nə olduğunu bilmir. Həmin insanı nəinki məsuliyyətə cəlb etdilər, hətta prezident tərəfindən təltif edildi. O nəyə əsaslanaraq həmin medalı aldı və 3-cü korpusa komandir təyin edildi?
Deyə bilərəm ki, Əmirxanyan S.Sarkisyanın qohumudur. Madagizin digər bir komandiri Qevorq Manqasaryanı da ikinci korpusa komandir təyin etdilər. Manqasaryan da döyüş mövqeyinin nə olduğunu bilmir. Əsgərlərdən istifadə edən, onların valideynlərini aldadan həmin komandirləri məsuliyyətə cəlb etmək lazım idi. Bu sualı prezidentə verin ki, niyə belə yararsız insanları komandir təyin edir.
O, ümumiyyətlə, silahdan anlayışı olmayan Vigen Sarkisyanı müdafiə naziri təyin edib. Təyin edib, çünki V.Sarkisyan da S.Sarkisyanın qohumudur. Sarkisyanın heç nədən xəbəri yoxdur. V.Sarkisyan kimi nazir vəziyyət gərginləşəndə bir dəfə də olsa gəlib hansısa mövqedə dayanıb? Vigen özünü nazir kimi göstərmək istəyir. Bizə bu cür nazir lazım deyil", - Q.Avetyan deyib.
Ermənistan ordusunun zabitinin bu etiraflarından hansı mənanı çıxarmaq olar?
Ekspert Aqşin Əliyev qəzetimizə bildirdi ki, Ermənistan ordusunda olan eybəcərlikləri hazırda xidmətdə olan zabitin dilindən eşitmək əlavə sual üçün yer qoymur: "Bunu bizim ekspertlər deyəndə ermənilər qərəzli olmağımızı bəhanə gətirirlər. Ancaq, faktiki olaraq, ordunun zabiti eybəcərlikləri öz adı ilə ictimailəşdirir. Adlar çəkir, faktları ortaya qoyur. Bu açıqlamadan bizim, əslində, bildiyimiz bəzi həqiqətləri ortaya çıxarmış oluruq. Daha doğrusu, bizim bildiklərimiz erməni mənbələri tərəfindən edilən etirafla təsdiqini tapır. Sübut olunur ki, Ermənistanda orduya çağırışla bağlı vəziyyət çox pisdir. Cəbhə bölgəsinə kasıb və xəstə uşaqlar göndərilir. Zabitlərin yerdəyişməsi, ordudakı rəhbər postlara təyinatlarla bağlı da ciddi narazılıqlar var. Qohumbazlıq, yerlibazlıq digər parametrləri üstələyib. Bu faktorların olduğu yerdə korrupsiya mütləq var. Ən mühüm
nəticə isə budur ki, belə haqsızlıqlar ordunun mənəvi-psixoloji durumuna pis təsir edib. Hazırda Ermənistan ordusunda döyüş əzmi tam sındırılıb. Təbii ki, o cür ordu bizim kiçik bir həmləmizə belə tab gətirə bilməyəcək. Artıq Ermənistan ordusu elə xəstəliyə yoluxub ki, onu müalicə etmək mümkün deyil".
Məhəmmədəli QƏRİBLİ