Arzu Nağıyev: "Rusiya öz kanalları ilə ikibaşlı oyun oynayan Ermənistanın kimə qarşı daha səmimi olduğunu müəyyən edəcək"
Cənubi Qafqazda "Layiqli tərəfdaş-2017" təlimləri çərçivəsində NATO-nun Gürcüstanda keçirdiyi tədbirə münasibət birmənalı deyil. Xatırladaq ki, bu təlimlərə Ermənistanın qatılması Rusiyada birmənalı qarşılanmır.
Erməni mətbuatı Ermənistanın NATO təlimlərinə qoşulması ilə Qarabağ məsələsində əlavə dividendlər əldə edəcəklərini yazsa da, Kremldə fərqli düşünürlər. Amerikalı analitik Coşua Kuçer də bildirir ki, Ermənistanın hərəkətləri Rusiyanın xoşuna gəlmir: "Qara dənizdə və Gürcüstanda manevrlər Moskvanın xoşuna gəlmir. Rusiyanın NATO-dakı səfiri bildirib ki, Qara dənizdəki təlimlər təhlükəsizlik durumunu yalnız pisləşdirir və həm də əlavə təhlükə yaradır".
Xatırladaq ki, avqustun 12-dək davam edən təlimlərdə Gürcüstan, ABŞ, Böyük Britaniya, Almaniya, Türkiyə, Sloveniya, Ukrayna və Ermənistandan 2800 hərbçi iştirak edib. Rusiyada hesab edirlər ki, NATO belə təlimlərlə bölgədə vəziyyəti sadəcə pisləşdirir. Təlimlərə Rusiyanın regionda forpostu olan Ermənistanın da qatılmasını Kreml arxadan zərbə kimi qiymətləndirir. Ümumiyyətlə, erməni rəhbərliyinin son gedişləri Moskvada böyük narazılıqla qarşılanır.
Erməni politoloq, şərqşünas Karine Gevorkyan Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin pik həddə çatdığını etiraf edir. Onun fikrincə, Rusiyanın Ermənistanda aktivliyi azdır: "Yerevanda çoxlu fondlar və siyasətçilər ABŞ tərəfdarı kimi çıxış edirlər. Bu gün Amerikada erməni icmasının da rolu böyükdür".
Təbii ki, bu vəziyyət Rusiyanın Ermənistana qəzəbini artırmış olur. Ermənistanın belə gedişləri iki ölkənin gələcək münasibətləri üçün nə vəd edir?
Ekspert Arzu Nağıyevin sözlərinə görə, Ermənistanın bu addımlarına birmənalı şərh vermək olmaz: "Bu məsələ ilə bağlı bir neçə versiya səsləndirə bilərik. Ermənistanın Qərbə doğru kiçik reverans cəhdi və ya Rusiya ilə razılaşdırılmış gedişi. Bununla Ermənistan öz daxilində yaranmış ictimai-siyasi vəziyyəti nəzərə alaraq, bəzi qərbyönlü qüvvələrin anti-Rusiya meyllərindən istifadə edir. Yəni Moskva İrəvandan imtina edərsə, Ermənistan istənilən an NATO-ya üz tuta bilər. Məhz buna görə də Ermənistan NATO-nun Gürcüstanda keçirilən hərbi təlimlərinə qatılır. Üstəlik, Ermənistan NATO-nun sözügedən təlimlərinə qatılmaqla, təbii ki, Rusiyanın təlimatları əsasında həm də müəyyən kəşfiyyat xarakterli məlumatları da əldə edir. Çünki bütün parametrlərilə Rusiyadan asılı olan, daxilində həmin ölkənin hərbi bazalarını saxlayan bir ölkənin öz sahibinə qarşı birdən-birə arxa çevirməsi də mümkün deyil. Bununla Ermənistan Qərbə öz xarici siyasətində təkcə Rusiya ilə birgə olmadığını nümayiş etdirir. Bir sözlə, Ermənistan hakimiyyəti ölkə daxilində və xaricində ikili standartlara uyğun xətt yürütməyə çalışır. Bu ikili siyasət Ermənistanın öz başına bəla da aça bilər. Yəqin ki, Rusiya öz kanalları ilə ikibaşlı oyun oynayan Ermənistanın kimə qarşı daha səmimi olduğunu müəyyən edəcək və ondan sonra konkret addımlar atılacaq".
Məhəmmədəli QƏRİBLİ