Aqşin Əliyev: "Bunu yalnız Türkiyə deyil, Suriyada marağı olan bəzi güclər də istəmirlər"
ABŞ-ın Suriyada PKK/PYD qruplaşması üçün hazırladığı şok xəritə ortaya çıxıb. Mediaya sızan həmin xəritədə Suriyanın şimalının kanton-bölgələrə ayrılması və terrorçuların nəzarətinə keçməsi əks olunur.
Həmin planlaşdırmada bir müddət əvvəl Türkiyə tərəfindən "Fərat qalxanı" əməliyyatı ilə azad edilən bölgənin "Şahba kantonu" adı ilə qeyd edilməsi diqqətdən yayınmayıb.
Bundan əlavə, məlumatda bildirilib ki, nəzərdə tutulan planın tam həyata keçməsi üçün müxaliflərin nəzarətində olan İdlibin də ələ keçirilməsi labüddür. Çünki bu şəhərin ələ keçirilməsindən sonra terrorçular Aralıq dənizinə çıxış əldə edirlər. Qeyd edilir ki, terrorçuların bu planının qarşısını almaq üçün Türkiyə İdlibi ələ keçirmək istiqamətində plan hazırlayır. İdlib şəhəri uğrunda gedən mübarizə Suriya kürdlərinin xeyrinə həll olunsa, nə baş verəcək?
Ekspert Aqşin Əliyev qəzetimizə bildirdi ki, sözügedən şəhər böyük strateji əhəmiyyətə malikdir: "Türkiyə hökuməti ölkə üçün yarana biləcək təhdidlərin aradan qaldırılmasında yeni dövrü əhatə edən "Yol xəritəsi" hazırlayıb. Məlumata görə, bu çərçivədə ölkə daxilində və xaricində terror birləşmələrinə qarşı eyni zamanda həyata keçiriləcək hava, o cümlədən quru əməliyyatlarına hazırlıq görülür. Ölkə ərazisinə sızmaların qarşısını almaq məqsədilə Suriyanın şimalındakı Afrin, Menbiç, Tel Abyad və İdlib bölgələri üzrə nəzarət-müşahidə tədbirləri gücləndirilib.
Qeyd olunur ki, Suriyada vəziyyətin nisbətən stabilləşməsindən sonra Bəşər Əsədin hərbi qüvvələri Rakkanın cənubundan şərqinə doğru irəliləyərək, neft və təbii qaz ehtiyatları ilə zəngin olan Deyr Ər-Zor bölgəsini İŞİD-dən azad ediblər.
Rusiyanın hərtərəfli dəstək verdiyi Əsəd rejimi bununla, İdlib bölgəsi nəzərə alınmasa, möhkəmləndiyi əraziləri tədricən genişləndirməkdədir. Başqa sözlə ifadə olunsa, Suriya xəritəsində Əsədin nəzarətinə keçən ərazilərin daha da genişləndiyi müşahidə edilir.
İdlib bölgəsi Suriyadakı normallaşdırma prosesində sona saxlanan region kimi görünür. 3 milyon əhalinin yaşadığı İdlib şimal-qərbdən Türkiyənin, şimaldan YPG/PYD-nin, digər istiqamətlərdə isə Əsəd qüvvələrinin mühasirəsindədir.
Ancaq bu mühasirə Suriyadakı vətəndaş müharibəsinin yaratdığı iqtisadi, siyasi, hərbi və sosial qruplar tərəfindən müntəzəm "yarılır". Yəni bölgədə mülki əhali, silahlılar, pul və silah dövriyyəsi daim hərəkətdədir.
Suriya böhranının əsas aktorları olan böyük dövlətlərin - ABŞ, Türkiyə, Rusiya və İranın İdliblə bağlı strategiyaları bir-birindən kəskin fərqlənir. Rəsmi açıqlamalardan belə anlaşılır ki, ABŞ-ın bu regiondakı əsas "düşmən"i "Əl-Qaidə"dir. Strateji düşmənlərinin yerləşdiyi İdlib ABŞ-ın əsas hərbi hədəfidir. Bu arada Türkiyənin Suriyadakı perspektiv fəaliyyətinin istiqamətləri də müəyyənləşməkdədir. Qeyd olunur ki, Türkiyə Silahlı Qüvvələri Suriyada həyata keçirməyi planlaşdırdığı quru əməliyyatı hazırlıqları çərçivəsində sərhəddəki hərbi kontingentini gücləndirməkdədir. Bu plana əsasən, Türkiyə ordusunun zirehli qoşun birləşmələri terror qruplaşmalarının sığınacaqlarını darmadağın edəcək. Hava əməliyyatlarından sonra isə Türkiyə xüsusi təyinatlıları ilə Azad Suriya Ordusunun qüvvələri istənilən an lazım olan bölgədə hərəkətə keçəcəklər.
Eyni zamanda, Türkiyə, Rusiya və İran rəhbərliyi Suriya böhranının nizamlanması istiqamətində məsləhətləşmələri davam etdirirlər. Adları çəkilən ölkələrin xarici işlər nazirləri böhrandan çıxış yollarını aramaq üçün Tehranda ciddi müzakirələr apardılar.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun aşağıdakı fikirləri isə İdlibin strateji əhəmiyyətini bir daha təsdiqləyir: "İdlibdə təhlükəsizlik zonasının yaradılması istiqamətində səylər davam etdirilir".
Təbii ki, Türkiyə heç bir vəchlə İdlibin kürdlərin əlinə keçməsinə imkan verməyəcək. Bunu yalnız Türkiyə deyil, Suriyada marağı olan bəzi güclər də istəmirlər".
Məhəmmədəli QƏRİBLİ