İyulun 30-dan avqustun 12-dək Gürcüstanda NATO çərçivəsində keçirilən "Layiqli tərəfdaş 2017" təlimləri Cənubi Qafqazda, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ətrafında yeni bir vəziyyətin yaranmasına yol açmaqdadır.
Xatırladaq ki, həmin təlimlərə Ermənistanın qatılması Rusiyada heç də birmənalı qarşılanmır. Erməni mətbuatı Ermənistanın NATO təlimlərinə qatılması ilə Qarabağ məsələsində əlavə dividendlər əldə edəcəklərini yazsa da, Kremldə fərqli düşünürlər. Elə məşhur amerikalı analitik Coşua Kuçer də bildirir ki, Ermənistanın hərəkətləri Rusiyanın xoşuna gəlmir: "Qara dənizdə və Gürcüstanda manevrlər Moskvanın xoşuna gəlmir. Rusiyanın NATO-dakı səfiri bildirib ki, Qara dənizdəki təlimlər təhlükəsizlik durumunu yalnız pisləşdirir və həm də əlavə təhlükə yaradır".
Xatırladaq ki, avqustun 12-dək davam edən təlimlərdə Gürcüstan, ABŞ, Böyük Britaniya, Almaniya, Türkiyə, Sloveniya, Ukrayna və Ermənistandan 2800 hərbçi iştirak edib. Hərbi təlimlərə Almaniyanın "Boxer" zirehli transportyoru, ABŞ-ın "Abrams" tankları, "Bradley" və "Stryker" zirehli maşınları cəlb olunub. Rusiyada hesab edilir ki, NATO belə təlimlərlə bölgədə vəziyyəti sadəcə pisləşdirir. Amma təlimlərə Rusiyanın bölgədə forpostu olan Ermənistanın da qatılmasını Kreml arxadan zərbə kimi dəyərləndirir. Ümumiyyətlə, erməni rəhbərliyinin son gedişləri Moskvada böyük narazılıqla qarşılanır. Həmin rəhbərlik cəmiyyətdə bilərəkdən anti-Rusiya əhval-ruhiyyəsi də yaradır. Erməni politoloq, şərqşünas Karine Gevorqyan da etiraf edir ki, Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi pik həddə çatıb. Onun fikrincə, Rusiyanın Ermənistanda aktivliyi azdır, əvəzində Qərb onun yerini doldurur: "Ermənistanda bir çox fondlar və siyasətçilər ABŞ tərəfdarı kimi çıxış edir. Bu halda Amerikadakı erməni icmasının da rolu böyükdür. Bu gün Ermənistan Maydan dövrünün Ukraynasını xatırladır".
Bu durumda əksər ekspertlər Qərbin Ermənistanda aktivləşməsinin önünü kəsmək üçün Rusiyanın müxtəlif formalarda, hətta hərbi yolla bu ölkəyə müdaxilə edə biləcəyini düşünür.
Rusiyalı politoloq Nikita İsayevin fikrincə, Ermənistanda əsas rusiyayönümlü siyasətçi prezident Serj Sarkisyandır: "Onun reytinqinin aşağı olması da məhz rusiyayönümlü olması ilə əlaqədardır. Ötən ilin yayında Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi 82 faiz idi. Parlament seçkilərindən sonra isə erməni ictimaiyyəti hakimiyyətdən Qərbə istiqamətlənən siyasət aparmağı tələb edir. Bu gün Ermənistanda hakimiyyətin bütün institutları, hərfən də olsa, parlamentə keçib, bu da Rusiyaya münasibətə təsir edir. Avropa İttifaqına inteqrasiya, NATO ilə hərbi əlaqələr və s. Ermənistan hakimiyyətindən bu tələb olunur".
İsayev hesab edir ki, erməni KİV-i də problemi ağırlaşdırır: "Faktiki olaraq, bu ölkədə rusiyayönümlü olan yeganə media orqanı "Sputnik Armenia"dır. Bir qədər də "News Armenia" seçilir. Yerdə qalanların əksəriyyəti qərbyönümlü mövqe tutur, çox az hissəsi isə neytraldır. Burada Qərb xüsusi xidmət orqanlarının, ilk növbədə ingilis, fransız və amerikalı kəşfiyyatçıların rolu da böyükdür. Qərb kəşfiyyatı Ermənistanda Rusiyadan daha fəal işləyir və nəticə əldə edirlər. Mən qorxuram ki, bu proseslərin nəticəsi olaraq biz təkcə Ermənistanı itirmirik, həm də 2-3 il sonra onun timsalında yeni düşmən qazana bilərik". Rusiyalı politoloq qeyd edib ki, bu vəziyyət Moskvanın Cənubi Qafqazda sonuncu qalasını itirməsi deməkdir: "Görünən budur ki, hər şey belə davam edərsə, yaxın dövrdə Rusiya Ermənistanda NATO ilə rəqabətə girəcək. Biz bunun qarşısını almaq üçün iqtisadi sferada və KİV sahəsində yeni addımlar atmalıyıq".
Siyasi Tədqiqatlar İnstitutunun direktoru, rusiyalı politoloq Sergey Markov da məsələyə sərt reaksiya verib. O hesab edir ki, Ermənistan Ukraynanın yolunu gedir: "Ermənistan hakimiyyəti də anti-Rusiya kampaniyasına lazımi reaksiya vermir. Ermənistan artıq Ukraynanın yolu ilə gedir. Bu, Rusiya üçün ciddi risqlər vəd edir. Hər hansı Maydan tipli hadisələr erməni hakimiyyətinə Qərbə üz tutmağa əsas yarada bilər və Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxa bilər. Ermənistan Rusiyaya qarşı potensial düşmən ola bilər. Necə ki, Ukrayna, Baltikyanı ölkələr, yaxud Moldova oldu, ermənilər də buna gedə bilərlər. Hər şey hökumətlərdən asılıdır. Bu baxımdan, İrəvan hakimiyyəti anti-Rusiya əhval-ruhiyyəsinə qarşı nəsə etməlidir". Beləliklə, səslənən fikirlərdən aydın görünür ki, Ermənistanda heç də Rusiyanın xoşuna gəlməyən bir vəziyyət yaranmaqdadır. Aydındır ki, Rusiya Ermənistanda hadisələrin bu səpkidə inkişaf etməsinə imkan verməyəcək. Hətta mümkündür ki, məsələyə Kreml hərbi müstəvidə də müdaxilə etsin. Bundan əlavə, iqtisadi müstəvidə sərt tədbirlərin görülməsi də tamamilə gözləniləndir.
Tahir TAĞIYEV