Məlum həqiqətdir ki, bu gün Ermənistanın üzləşdiyi çoxsaylı problemlərin kökündə dayanan əsas faktor Dağlıq Qarabağ münaqişəsidir. Məhz bu münaqişənin mövcudluğu nəticəsində Ermənistan, genişmiqyaslı sosial-iqtisadi çətinliklərlə yanaşı, ciddi miqrasiya problemi də yaşayır.
Ermənilər özləri də etiraf edir ki, Qarabağ münaqişəsi səbəbindən ölkə iqtisadiyyatı gedərək ağır vəziyyətə düşür, Ermənistan bütün əsas regional, transmilli layihələrdən kənarda qalır. Eyni zamanda cəbhə zonasında həyatını itirən erməni hərbçilərinin sayının davamlı şəkildə artması səbəbindən valideynlər övladlarını hərbi xidmətə göndərmək əvəzinə onları ölkədən qaçırmağa üstünlük verir. Bütün bunlar öz növbəsində Ermənistandan miqrasiya edənlərin sayının daha sürətlə artmasına rəvac verir.
Hesab edilir ki, hadisələrin bu səpkidə inkişafı, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin davam etməsi halında miqrasiya Ermənistanda daha sürətli xarakter alaraq fəlakət həddinə çatacaq. İndinin özündə də ölkədə əhalinin sayı sürətlə azalmağa doğru gedir. Belə vəziyyətdə daha bir maraqlı məsələ Ermənistanda dövlət məktəblərinin əhalinin azalmasına paralel olaraq bağlanmasıdır. Belə məktəblər 1404-dən 1389-dək azalıb. Milli statistika xidmətinin sosial və təbiəti mühafizə bölməsinin rəisi Nelli Baqdasaryan bildirib ki, ölkə üzrə dövlət ümumtəhsil məktəblərinin sayı 1404-dən 1389-dək, o cümlədən şəhərdə 533-dən 528-dək, kənd yerlərində isə 871-dən 863-dək azalıb. Onun sözlərinə görə, 2011-ci ildə məzunların sayı 36 590 nəfər olmuşdusa, 2014-cü ildə onların sayı 24 466-ya enib. 2015 və 2016-cı illərdə isə məzunların sayı bir qədər də azalıb. Cari ilin nəticələri isə məzunların sayında azalmaların davam etdiyini göstərir. Bütün bunlar ciddi problem kimi dəyərləndirilsə də, onun qarşısını almaq mümkünsüz sayılır. Ermənistanın "İravnuk" qəzeti yazır ki, region ölkələri ilə normal münasibətlər yaradılmadan, Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmadan miqrasiya, əhalinin sayının azalması sahəsində problemləri həll etmək mümkün olmayacaq. Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi də vəziyyətin çox ağır olduğunu təsdiq edir. Burada etiraf edilir ki, işğalçılıq siyasəti ilə regionda özünü təcrid vəziyyətinə salan Ermənistanda miqrasiya problemi pik həddə çatıb. Qurum bildirir ki, əhali ölkədən qaçır, kəndlər, şəhərlər boşalır.
Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin sədri Artur Sakunts bildirir ki, vəziyyət həqiqətən də kritikdir. Ölkə əhalisinin sayında azalma mənfi miqrasiya saldosuna gətirib çıxarır. Bu isə o deməkdir ki, Ermənistanı tərk edənlərin sayı ölkədə doğulanların sayından çoxdur. Artur Sakunts bütün bunlara görə hazırkı Ermənistan rəhbərliyini günahlandırır. Bildirir ki, məhz Serj Sarkisyanın səriştəsiz idarəçiliyi nəticəsində ölkə saysız problemlər içində boğulur. Bu da miqrasiya tempinin sürətlənməsi ilə nəticələnib. Son 10 ildə Ermənistanı 320 min insan birdəfəlik tərk edib. Onların 160 min nəfərini gənclər təşkil edir. Ölkədən gedənlər əsasən kişilərdir: "Bu isə o deməkdir ki, yaxın gələcəkdə Ermənistanda hərbi xidmətə getməyə adam tapılmayacaq. Çünki azalan doğum sayının fonunda miqrasiya tempi artıb. Ermənistandan köçün artması BMT-nin dünya ölkələrində demoqrafik vəziyyətlə bağlı hesabatında da əksini tapıb. Ölkədə demoqrafik azalma artıq 5 ildir ki, müşahidə olunur. Belə davam edəcəyi təqdirdə isə yaxın illərdə Ermənistan əhalisi 9,6 faiz azalacaq". Erməni politoloq, "Modus Vivendi" mərkəzinin rəhbəri Ara Papyan hesab edir ki, Dağlıq Qarabağda gərginləşən vəziyyət də miqrasiya templərinin güclənməsinə əlavə təkan verib: "Bunun nəticəsi odur ki, ötən il Ermənistandan və Qarabağdan miqrasiya güclənib".
Ermənistanın Milli Statistika Komitəsi isə bildirir ki, Serj Sarkisyanın hakimiyyəti dövründə, yəni 2008-2017-ci illər ərzində ölkə əhalisi rəsmən 250 min nəfərdən də çox azalıb. Belə ki, 2008-ci il yanvarın 1-ə olan rəsmi məlumata görə, Ermənistan əhalisinin sayı 3 milyon 230 min nəfər, cari il iyulun 1-nə isə 2 milyon 979 min nəfər olub. Sarkisyanın 9 illik hakimiyyəti dövründə ölkə əhalisi 250 min nəfər azalıbsa, bu o deməkdir ki, hər il təxminən 28 min nəfər azalma olub. "Azatutyun" radiosu bildirir ki, hətta hakimiyyətin özü də bu yaxınlarda ölkədəki demoqrafik vəziyyət, doğumun azalması, ölüm halları və emiqrasiyanın artmasından narahatlıq bildirib.
Ermənistan Dövlət Miqrasiya Xidmətinin məlumatına görə, son illərdə ölkədən gedənlərin sayı dönənlərdən xeyli çox olub. 2008-2016-cı illərdə bu fərq 345,9 min nəfər olub. Ötən il isə ən yüksək göstərici qeydə alınıb- 48,2 min nəfər, yəni ölkəni tərk edənlərin sayı dönənlərdən 48,2 min nəfər çox olub. Xidmət bu ilin ilk yarısı üçün də rəsmi məlumat açıqlayıb. Yenə də ölkəni tərk edənlərin sayı dönənlərdən 37,6 min nəfər artıq olub. Ölkədə doğum və ölüm halları sahəsində də vəziyyət dəaürəkaçan deyil. Milli Statistika Komitəsinin məlumatına görə, Sarkisyanın hakimiyyətinin birinci ilində doğulanların sayı ölənlərdən 13,796 nəfər artıq idisə, 2016-cı ildə bu rəqəm təxminən 10 faiz azalaraq 12,509 nəfərə düşüb. Hakim Respublika Partiyasından olan deputat Samvel Farmanyan bildirib ki, ölkədəki demoqrafik vəziyyət Qarabağ münaqişəsi və Azərbaycan, Türkiyə ilə münasibətlərin normallaşdırılması məsələlərindən daha böyük problemdir. O vurğulayır ki, hökumət formalaşanda iqtisadi artım əsas meyar kimi götürülür, amma demoqrafik vəziyyət bu gün hakimiyyət üçün əsas prioritet olmalıdır, yəni bu gün ermənilər öz vətənlərində yaşamırlarsa, iqtisadi artımın mənası yoxdur. Demokrat Partiyasından Ruben Yeganyan isə bildirib ki, hakimiyyətin çoxsaylı bəyanatlarına baxmayaraq, ölkədə demoqrafik vəziyyət pisləşməkdə davam edir və bu neqativ inkişafın nə vaxt dayanacağı bəlli deyil. Amma o da etiraf edilir ki, problemin başlıca həlli Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasından, Qarabağ konfliktinin həllindən keçir. Əks halda Ermənistanda demoqrafiya sahəsində vəziyyətin daha gərgin həddə yüksəlməsi qaçılmaz və labüd sayılır.
Baş verənlərə münasibət bildirən erməni demoqraf Ruben Yeganyan deyib ki, onun proqnozuna görə, hər il Ermənistanı 30 min insan tərk edir. O qeyd edib ki, hazırda Ermənistanda doğum əmsalı 1,6-1,7 təşkil edir, ancaq Ermənistan üçün bu gün ən ciddi problem miqrasiya olaraq qalır. Ekspert reallıqda Ermənistanda, rəsmi rəqəmlərdən fərqli olaraq, 2 milyona yaxın insanın qaldığını bildirir: "Ermənistan əhalisi sürətlə azalmağa doğru gedir. Bu gedişlə ölkədə işçi qüvvəsi qalmayacaq və iqtisadiyyat daha da ağır böhran nəticəsində tənəzzül yaşayacaq. Çünki gedən miqrantların böyük əksəriyyəti bir daha geri qayıtmır. Hazırda ölkədə 2 milyondan da az əhali yaşayır. Daha acınacaqlı hal ondan ibarətdir ki, ölkədən "beyin axını" sürətlə davam edir. Avrasiya İnkişaf Bankının keçirdiyi sorğunun nəticələrinə görə, Ermənistan dünyanın yüksək dərəcəli peşəkar mütəxəssislərin ölkəsini tərk etmə siyahısında ikincidir. Bu axın isə tək kəmiyyət deyil, həm də keyfiyyət dəyişikliklərinə gətirib çıxarır". BMT-nin Əhali Fondunun Ermənistan ofisinin icraçı nümayəndəsi Qarik Ayrapetyan isə qeyd edir ki, Ermənistanda miqrasiyanın mənfi saldosu gedərək yüksəlir. Bu da əlavə problemlərə rəvac verir: "Əhalinin azalmasına səbəb olan əsas amillər doğum sayının azalması, miqrasiya və əhalinin qocalmasıdır. İş qabiliyyətli əhalinin təqaüdçülərə nisbəti də təhlükəli göstəricidir. Amma problemin yaxın perspektivdə həlli də görünmür". Beləliklə, qeyd edilənlərdən aydın görünür ki, Ermənistanda əhalinin sayı sürətlə azalır və miqrasiya ciddi problem olaraq qalır. Aydındır ki, bu vəziyyət Qarabağ münaqişəsinin gedişinə də mütləq mənada öz təsirini göstərəcək. Əslində, elə indinin özündə bu hal özünü qabarıq büruzə verir. Məsələn, məlumdur ki, Ermənistan ordusunda hərbçi, xüsusən də sıravi əsgər çatışmazlığı artıq kritik həddə çatmaq üzrədir. Ölkə əhalisinin sayının azalması ilə bu problemin daha ifrat həddə çatması qaçılmaz sayılır. Yalnız və yalnız Qarabağ konfliktinin həllinin tapılması, qonşularla, xüsusən də Azərbaycanla normal münasibətlərin qurulması halında Ermənistanın üzləşdiyi problemlərdən xilası mümkün sayılır. İndilikdə isə düşmən ölkənin üzləşdiyi problemlərin daha da dərinləşməsi qaçılmazdır. Digər tərəfdən bütün bunlar həm də onu tam qətiyyətlə deməyə əsas verir ki, iqtisadi və hərbi imkanlarını artıran Azərbaycan dövlətinin yürütdüyü Ermənistanı təcridetmə siyasəti öz müsbət nəticələrini verməkdədir. Eyni zamanda, mütəmadi olaraq Ermənistanın cəbhə xəttində yaratdığı təxribatların qarşısının Azərbaycan ordusu tərəfindən qətiyyətlə alınması nəticəsində baş verən toqquşmalar, müharibə xofu da erməniləri indiki vəziyyətdə canlarını həm zəbt olunmuş ərazilərdən, həm də Ermənistandan götürüb qaçmağa vadar edir. Aydındır ki, bu gedişlə Ermənistandan əhalinin kütləvi şəkildə köç etməsinin, xarici ölkələrə axının qarşısını almaq mümkün olmayacaq. Əslində, bu reallığı Ermənistan hakimiyyəti daxil olmaqla, ölkə cəmiyyəti də aydın görür. Hakimiyyətdən fərqli olaraq, cəmiyyətdə müəyyən insanlar tərəfindən artıq fikirlər səslənir ki, problemlərin həllinə nail olmaq üçün Dağlıq Qarabağ konfliktinin çözümünə nail olunmalıdır. Ermənistanın Azərbaycanla danışıqlar masası arxasında razılıqlar əldə etməsi çox mühümdür. Yalnız bu halda Ermənistanda yaşanan problemlərin həlli istiqamətində real addımlar atmaq olar. Amma görünən odur ki, Qarabağ münaqişəsi həll olunacağı halda hakimiyyətini itirməkdən qorxan Serj Sarksiyan və komandası konfliktin çözümü üçün əməli addımlar atmağa tələsmir. Bu da öz növbəsində Ermənistanın üzləşdiyi problemlərin daha da kəskinləşməsi, ölkənin tənəzzülünün daha sürətli hala gəlməsi ilə müşayiət olunmaqdadır.
Nahid SALAYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.