Məhərrəm Zülfüqarlı: "Ermənilər həmişə başqa xalqların adlarını özününküləşdiriblər"
Ermənistanda genişmiqyaslı meşə yanğınları davam edir. Yanğınlar işğalçı respublikanın meşə örtüyünün Vaoçdzor əyalətinin Artavan kəndi yaxınlığını və "Xosrov meşəsi" adlanan dövlət qoruğunu artıq altı gündür əhatə edib. Yanğın sahəsinin ölçüsü yüzlərlə hektardır.
Hadisə ilə əlaqədar hökumət səviyyəsində müşavirə çağırılıb. Ölkənin FHN rəhbəri David Totonyan yanğınların son 14 ilin ən genişmiqyaslı meşə yanğınları olduğunu bildirib. Son məlumata görə, "Xosrov meşəsi" qoruğunun 500 hektardan çox ərazisi yanaraq külə dönüb.
Ermənistan tərəfi Rusiyaya "Xosrov meşəsi" iri dövlət qoruğunda baş vermiş yanğının söndürülməsi üçün xüsusi təyyarə verilməsi ilə bağlı müraciət edib. Məlumata əsasən, hazırda təyyarənin Ermənistana göndərilməsi üçün hazırlıq işləri görülür. Qoruqda yanğın avqustun 10-da başlayıb. Güclü külək nəticəsində yanğın qoruğun digər sahələrinə də yayılıb.
Onu da qeyd edək ki, Ermənistan mətbuatı neçə gündür "Xosrov meşəsi" qoruğunda yanğın barədə yazır. Maraqlıdır, "Xosrov meşəsi" adını haradan götürüb və tarixində nə dayanır?
Sözügedən məsələyə aydınlıq gətirən tarix elmləri üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı bununla bağlı bir sıra məqamlara toxundu: "Azərbaycanın islamdan əvvəlki qədim tarixinə baxsaq görərik ki, burada Sasanilərdən qalma adlar var. Xosrov Ənuşirəvan da bilavasitə Sasani hökümdarının adı olub. Sonradan bu, Qafqaz xalqları içərisində yayılıb. Yəni Xosrov adı daha çox sasanilərdə olub və daha sonra onlardan azərbaycanlılara keçmiş addır. Ermənilər isə həmişə başqa xalqların adlarını özününküləşdiriblər. Çoxlu sayda Azərbaycan adları var ki, ermənilər öz uşaqlarına qoyublar. Ermənistanda çox adlar olub ki, onlar Azərbaycan türk adıdır. Sonradan ermənilər həmin adları dəyişiblər. İndi qoruğun adının da "Xosrov meşəsi" olması bir daha sübut edir ki, sözügedən ərazilər tarixən Azərbaycana məxsus olub. Bunun ermənilərə heç bir dəxli yoxdur. Hesab edirəm ki, sözügedən məsələnin kökündə məhz bu amil dayanır".
Vidadi ORDAHALLI