Əli Orucov: "Hər şeyləri qondarma olduğu kimi, bu da elədir"
Qondarma "DQR" belə xəbər yayıb ki, guya 6 ayda burada sahibkarların sayı 73 faiz artıb. Yəni dünyaya göstərmək istəyirlər ki, guya orada yaxşı biznes mühiti var və sərmayə cəlb etmək istəyirlər. Həmişə olduğu kimi, yalana söykənən təbliğat apararaq dünya ictimaiyyətini aldatmağa çalışırlar. Halbuki, heç Ermənistanın özündə normal biznes mühiti yoxdur. İnvestisiya xaricə axır. Ölkədə sosial-iqtisadi vəziyyət pisləşməkdə davam edir. Bir sıra rəsmi statistik açıqlamalar da bunu təsdiq edir.
Məsələ ondadır ki, indi Ermənistanın dövlət borcu 5,5 milyard dollar təşkil edir, məcmu xarici borcu isə 8 milyard dolları keçir. Ölkənin xarici borcları durmadan artır və bu, Ermənistanı iqtisadi tənəzzülə gətirib çıxara bilər. Son 10 il ərzində ölkədə yoxsulluğun göstəricisi rəsmi olaraq 23 faizdən 30 faizə yüksəlib. Ancaq, əslində, yoxsulluğun real səviyyəsi 41 faiz təşkil edir. Beləliklə, real vəziyyət göstərir ki, Ermənistan yaşadığı iflasın nəticələrini aradan qaldıra bilmir. Keçmiş dissident Paruyr Ayrikyan isə vurğulayır ki, Ermənistan rəhbərliyinin yürütdüyü qeyri-konstruktiv siyasət ölkəni regional və beynəlxalq miqyasda təcrid vəziyyətinə salıb.
Başqa bir tərəfdən, ağır sosial-iqtisadi vəziyyət üzündən bu ilin birinci yarısında Ermənistanın daimi əhalisi 6200 nəfər azalıb. Bu barədə ölkənin Milli Statistika Xidmətinin son açıqlamasında deyilir.
Qurumun məlumatına görə, bu ilin 1 iyuluna Ermənistan əhalisi 2 milyon 979 min nəfər olub. 2017-ci ilin 1 yanvarı üçün isə daimi əhalinin sayı 2 milyon 986 min 100 nəfər təşkil edib. Belə ki, 1 iyul 2017-ci il tarixinə olan vəziyyətə görə, daimi əhalinin sayı 15 200 nəfər azalıb.
Ermənistanda belə acınacaqlı vəziyyətin hökm sürdüyü halda, qondarma "DQR"də guya 6 ayda sahibkarların sayının 73 faiz artdığına kim inanar?
Məsələyə münasibət bildirən AMİP Siyasi Şurasının üzvü Əli Orucovun sözlərinə görə, bu, separatçı qurumun qondarma təbliğat kampaniyasının bir hissəsidir: "Hər şeyləri qondarma olduğu kimi, bu da elədir. İşğal olunmuş Azərbaycan ərazisində yaradılan separatçı qurumda guya sahibkarların sayı artıb. İstər Ermənistan, istərsə də qondarma "DQR" xarici ianələr hesabına bir təhər yaşayır. Daha doğrusu, hər il erməni lobbisi və Ermənistan hakimiyyəti yardım kampaniyası adı altında müxtəlif ölkələrdən, erməni əsilli iş adamlarından dilənir. Eyni zamanda, Ermənistana havadarlıq edən dövlətlər sözügedən ölkəyə dilənçi payı verməklə əhalini düşdüyü ağır vəziyyətdən çıxarmaq istəyirlər. Ermənistan apardığı işğalçılıq siyasəti üzündən faktiki olaraq qismən təcrid olunub. Sahibkarlıq o zaman inkişaf edir ki, bunun üçün əlverişli iqtisadi və biznes mühiti olur. Separatçı qurumda bunların heç biri yoxdur. Orada yaşayan əhali bölgədə qalmağa məhkum edilib. Həmçinin, sayları da böyük deyil. Əmək qabiliyyətli əhalinin çəkisi azdır. Belə olan halda, əlbəttə ki, deyilənlərin çoxu boş təbliğatdan başqa bir şey deyil".
Vidadi ORDAHALLI