Xəzər Teyyublu: "Bu fikirləri yalnız xəstə adam səsləndirə bilər"
Azərbaycan ərazisində yaradılmış qondarma qurumun "prezidenti"nin "mətbuat katibi" kimi təqdim olunan David Babayan mediaya açıqlamasında əməlli-başlı sərsəm fikirlər səsləndirib: "Biz müharibədə ona görə qalib gəlmişik ki, millət olaraq, yoqalara bənzəyirik. Bilirsiniz ki, yoqalar adi insanlardan çox fərqlənir. Hətta onların dəriləri, qanlarının tərkibi belə fərqlidir. Buna görə də onlar adi insanların edə bilmədiyini bacarırlar. Çünki güclü daxili potensiala, enerjiyə malikdirlər".
Babayan daha sonra bildirib ki, tarixdə mübarizələr aparan erməni xalqı məhz bu cür göstəricilərinə görə mövcudluğunu qoruyub saxlaya bilib: "Mən millətimi belə olmağa çağırıram".
Özünü "rəsmi" şəxs sayan bir personanın bu cür açıqlama verməsi nəyə dəlalət edir?
Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublu qəzetimizə açıqlamasında bildirdi ki, bu açıqlamanın özü Dağlıq Qarabağdakı separatçıların başında kimlərin durduğundan xəbər verir: "Onların məntiqilə yanaşsaq, onda Babayan separatçıların rəsmisi sayılır. Özü də "prezident"in sözçüsüdür. Yoqa deyilən bir təlim var. Ancaq onun mənbəyi bizim coğrafiya deyil. Yəni həmin təlim Şərq ölkələrinə aiddir və oralarda geniş təbliğ edilir. Bütöv bir millətin yoqa olması isə qeyri-mükündür. Çünki həmin fəlsəfə bir qədər dərin olduğu üçün, təlimlə ayrı-ayrı fərdlər məşğul olur. Ermənilərin özlərini müxtəlif xalqlara, coğrafiyalara calamasının şahidi olmuşuq. Hərədən də bir şey oğurlayıb, özlərinə musiqi, mədəniyyət düzəldiblər. Bu da yəqin yeni cəhddir. Babayan müharibədəki uğurlarını yoqa təlimilə əsaslandırmaqda böyük tələskənliyə yol verir. Çünki müharibə hələ tam qurtarmayıb. Onların özünü indidən qalib elan etməsi çox tezdir. İkincisi isə, ermənilər tarixdə öz mövcudluqlarını cəsurluqları, döyüşkənliklərinə görə deyil, məhz hiyləgər, satqın olmaları ilə qoruyub saxlaya biliblər. Artıq əminliklə söyləmək olar ki, Dağlıq Qarabağdakı separatçıların başında duranlar həm də xəstə düşüncəyə malikdirlər. Bu fikirləri yalnız xəstə adam səsləndirə bilər. Çox güman ki, ermənilərin növbəti hədəfi Yaxın Şərq ölkələridir. Yəqin ki, indi də yoqanın ermənilərə məxsus olduğunu iddia etməyə başlayacaqlar. Babayan gözəl bilir ki, hazırda qazandıqları müvəqqəti uğuru onlar özbaşına əldə etməyib. Bu səbəbdən lovğalanmağa əsas yoxdur".
Məhəmmədəli QƏRİBLİ