Məhəmməd Əsədullazadə: "Belə olan təqdirdə, Avropada bəzi parlamentarilərin erməni lobbiçilərinin təsiri ilə..."
Ermənistan saytlarının yaydığı məlumata görə, qondarma "DQR"in "xarici işlər naziri" Portuqaliya parlamentinin deputatını qəbul edib. Erməni mətbuatı iddia edir ki, tərəflər qarşılıqlı əlaqələrin genişləndirilməsini müzakirə ediblər.
Nəzərə alsaq ki, separatçı qurum tanınmayıb, o zaman xaric ölkə təmsilçilərinin belə görüşlər keçirməsi qanunsuzdur. İstər-istəməz, ortaya belə sual çıxır ki, Portuqaliyanın parlament üzvü hansı əsasla belə bir görüş keçirib?
Başqa bir tərəfdən, onu da nəzərdən qaçırmaq olmaz ki, çox vaxt Ermənistan tərəfinin yaydığı bu kimi informasiyalar ciddi şəkildə təhrif olunur. Yəni erməni tərəfinin özü bilərəkdən təbliğat xatirinə belə təhrif olunmuş informasiyaları dövriyyəyə buraxır. Hər halda, məsələnin bu tərəfini də diqqətdən qaçırmaq olmaz.
Bütün hallarda, baş verənləri ekspertlər necə dəyərləndirir? Belə halların qarşısını necə almaq olar?
Sözügedən məsələni "Bakı-Xəbər"ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə prizmadan yanaşdı: "Ermənistanın Azərbaycanın işğal etdiyi ərazilərində yaratdığı qondarma "DQR" nəinki dünyanın heç bir ölkəsində, İrəvanın özü tərəfindən belə müstəqil bir qurum kimi tanınmır. Belə olan təqdirdə, Avropada bəzi parlamentarilər erməni lobbiçilərinin təsiri ilə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər edir. Beynəlxalq qanunları və dövlətlərin sərhədlərini qəsdən pozan bəzi dövlətlərin deputatlarının hərəkəti birmənalı cinayət tərkibi sayılmalıdır. Hazırda işğal olunmuş Xankəndi şəhərində erməni separatçılarına qarşı mütləq sanksiyalar tətbiq edilməsinə Azərbaycan hakimiyyəti çalışmalıdır. Portuqaliya parlamentinin deputatının işğal olunmuş ərazilərə qanunsuz səfəri və burada separatçılarla görüşünə görə birbaşa Portuqaliya hakimiyyəti məsuliyyət daşıyır. Azərbaycan XİN-i Portuqaliyaya nota təqdim etməli və hüquqi işləmlərə başlamalıdır. Fikir versək görərik ki, bir neçə müddətdir Avropa dövlətlərinin bəzi deputatlarının ermənipərəst fəaliyyəti mənsub olduğu ölkələrə siyasi dividend qazandırmır. Azərbaycan qanunsuz səfərlərin qarşısını almaq üçün mütləq Avropada çox ciddi siyasi-diplomatik fəaliyyətini gücləndirməli və bu istiqamətdə sürətlə işlər aparmalıdır. Portuqaliya hakimiyyətinə nota göndərilməli və deputat İnterpolun axtarışına verilməlidir. İstənilən ölkənin icra və qanunverici orqanı rəsmilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsinin qarşısı ciddi şəkildə alınmalıdır".
Vidadi ORDAHALLI