Samir Adıgözəlli: "Çox maraqlıdır ki, İran heç bu məzmunda ermənilərə müraciət belə etmir"
İran dövləti öz ərazisində olan 450 erməni kilsəsini abadlaşdırmağa hazırlaşır. Bunun üçün hətta ilkin mərhələ üçün 370 min dollar vəsait ayrılıb. Həmin kilsələr hətta UNESCO-nun ümumdünya irs siyahısına daxil edilib. Bu barədə Tehranda dərc olunan "İran bu gün" dərgisində İranın mədəni irs, sənətlər və turizm təşkilatı başçısının müavini Məhəmməd Həsən Talebian məlumat verib. O bildirib ki, turizm sahəsinin inkişaf proqramı çərçivəsində həmin kilsələrin bərpası nəzərdə tutulub.
Talebian deyib: "Ölkənin tarixi kilsələrini qorumaq zəruridir. Ona görə də Mədəni irs təşkilatı onlara ictimaiyyətin diqqətini cəlb etmək istəyir. Bunun üçün dini mərasimlər təşkil edir və bərpa layihələrini reallaşdırır".
Təşkilatın planlarına 450 ədəd erməni və 150 ədəd assuriya kilsəsini qeydiyyatdan keçirmək daxildir.
Müqəddəs Faddey kilsəsi həmişə regionun xristianları və digər sakinləri üçün mühüm mərkəz hesab edilib. 2008-ci ildə bu məbəd və Müqəddəs Stefan monastrı və Dzordzor kilsəsi "İrandakı erməni monastrları" adı altında UNESCO-nun ümumdünya irsi siyahısına daxil edilib.
Dağlıq Qarabağda məscidlərimizin ermənilər tərəfindən dağıdıldığı, içində donuz saxlandığı bir dönəmdə İranın islam yox, erməni kilsələri təəssübkeşliyi prizmasından çıxış etməsi sual doğurmaya bilməz.
Dünya Azərbaycanlıları Konqresi icra aparatının rəhbəri Samir Adıgözəlli qəzetimizə bildirdi ki, özünü islam təəssübkeşi adlandıran bir teokratik ölkənin belə addımı təəccüb doğurmaya bilməz: "Tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan və Dağlıq Qarabağdakı qədim protoxristian alban kilsələri artıq çoxdandır ermənilər tərəfindən "özəlləşdirilib". Güney Azərbaycandakı kilsələrin həqiqətən də "qədim ermənilərə" məxsus olması şübhə doğurur. Çünki ermənilər deyilən ərazilərə xeyli sonra köçüblər. Həmin kilsələrin isə tarixi bir qədər qədimə gedib çıxır. Çox maraqlıdır ki, İran ermənilər tərəfindən dağıdılan müsəlman məscidlərilə bağlı reaksiya verməməklə yanaşı, eyni zamanda, öz ərazisindəki qədim kilsələri onların adına rəsmiləşdirir. Bununla İran düşünülmüş şəkildə ermənilərin tarixən deyilən coğrafiyada yaşadığına don geyindirmiş olur. İranın bu hərəkəti kəskin şəkildə pislənməlidir. Çünki teokratik bir müsəlman rejimi olan ölkə əvvəlcə dağıdılan, təhqir edilən islam abidələrinin təəssübünü çəkməlidir. Çox maraqlıdır ki, İran heç bu məzmunda ermənilərə müraciət belə etmir. Bütün bunlara erməni-fars dostluğunun növbəti təntənəsi prizmasından yanaşmaq lazımdır".
Məhəmmədəli QƏRİBLİ