Qabil Hüseynli: "Türkiyə Azərbaycanı birmənalı şəkildə müdafiə etdiyi səbəbindən, onun çox zəifləməsini istəyirlər"
Ermənistan mətbuatında çıxış edən şərhçilər belə bir iddia irəli sürür ki, son proseslərin fonunda Türkiyənin regiondakı rolu çox zəifləyib. Bu vəziyyət Rusiya ilə ABŞ arasında yaşanan gərginliklə izah edilir: "Bu gərginliyin Cənubi Qafqaza ziyanı var. Türkiyənin belə vəziyyətə düşməsi indiki hakimiyyətin yürütdüyü siyasətlə bağlıdır. Xüsusilə də Almaniya ilə gərginliyin yaşanması bu prosesə əlavə impuls verir".
İddialara görə, Türkiyənin mövqeyini zəiflədən amillərdən biri də onun Suriyada yürütdüyü yanlış siyasətdir. Çünki artıq Bəşər Əsəd hakimiyyəti tam legitim status almaqdadır. Türkiyə isə buna qarşı çıxırdı.
Türkiyənin regionda zəifləməsi barədə səslənən iddiaları nə dərəcədə əsaslı saymaq olar?
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, bunu ermənilərin istəyi kimi qəbul etmək olar: "Düzdür, son dövrlər Türkiyə müxtəlif istiqamətlərdə qalmaqallara qatılıb. Türkiyə ilə Avropa Birliyi ölkələri arasında yaşanan böhranlı vəziyyətdə hər iki tərəf öz reaksiyasını göstərir, Almaniya isə bu prosesdə daha qərarlı davranır. Mübahisə və təhdidlər Türkiyə ilə Avropa İttifaqı arasında 1996-cı ilin martında imzalanmış Gömrük Birliyi sazişinin yenilənməsini yubadıb. Xüsusilə Almaniya və Türkiyənin qarşılıqlı "atışmalarının" hər iki tərəfin zərərinə olacağını düşünürəm. Proses sanksiyalara qədər davam edərsə, bundan hər iki tərəf zərər görəcək. Ona görə müəyyən müddətdən sonra aranın sakitləşəcəyini və iqtisadi əlaqələrin daha soyuqqanlı bir atmosferdə inkişaf edəcəyini düşünürəm. Hazırda Türkiyənin bir sıra Avropa ölkələri, eləcə də Körfəz dövlətlərilə yaxın münasibətləri mövcuddur.
Türkiyə körfəzin digər ölkələri ilə də yaxın münasibətlər içindədir. Körfəz ölkələri Qətəri "terrorizmə dəstək verməkdə" günahlandırarkən, Türkiyə Dohadan müxtəlif səpkili dəstəyini əsirgəmədi. Bundan əlavə, Türkiyə Suriya mövzusunda da fəallıq nümayiş etdirir. Onun rolu zəifləsəydi, hər halda, Tehrandakı Suriya müzakirələrinə qatılmazdı. ABŞ və Qərb ölkələrindən kənar keçirilən həmin formatda Türkiyənin təmsil olunması onun hələ də söz sahibi olmasına dəlalət edir. Ermənilər belə rəyi bilərəkdən yaratmağa çalışırlar. Çünki onların Türkiyə ilə ciddi problemləri var. Həm də Türkiyə Azərbaycanı birmənalı şəkildə müdafiə etdiyi səbəbindən, onun çox zəifləməsini istəyirlər".
Məhəmmədəli QƏRİBLİ