Vüqar Qədirov: "Onda biz vahid standartın mövcudluğunun şahidi olarıq"
Beynəlxalq ictimaiyyət, ilk növbədə BMT və Avropa İttifaqı (Aİ) Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağda baş verən beynəlxalq hüquq pozuntularına biganə qalmamalıdır.
Bunu Avropa Parlamentinin üzvü, Sloveniya parlamentinin deputatı İvo Vayql deyib: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz, amma diplomatik laqeydlik və passivlik beynəlxalq nizamlı təməl prinsiplərinə əsaslanan sülh nizamlanmasına gətirib çıxarmır. Bu cür həll yolu tapılmayanadək dinc sakinlər arasında ölüm halları davam edəcək".
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədində yerləşən yaşayış məntəqələrini atəşə tutması və vətəndaşların qəsdən hədəf alınması nəticəsində avqustun 7-də Qaralar kənd sakini, 13 yaşlı Ramin Yusifov xəsarətlər alıb.
Avroparlament üzvünün bu çağırışını necə dəyərləndirə bilərik?
Ekspert Vüqar Qədirov qəzetimizə bildirdi ki, bu çağırışa çox normal yanaşa bilərik: "Bilirsiniz ki, Azərbaycan sülh danışıqlarına sadiqdir. ATƏT-in Minsk Qrupuna vasitəçilik mandatı verilsə də, uzun illərdir nəyəsə nail ola bilmir. Ermənilər status-kvonun belə də qalmasını istəyir. Vasitəçilər və dünyanın digər nüfuzlu qurumları yalnız bəyanat verməklə kifayətlənir. Bu isə münaqişənin həlli istiqamətində tərpənişin olmasına yetərli deyil. Çünki qeyri-konstruktiv mövqe tutan ölkəyə mütləq mənada təzyiq göstərilməlidir. Bunu da deputatın qeyd etdiyi təsisatlar edə bilər. Avroparlament və BMT-nin əlində kifayət qədər əsas və resurs mövcuddur. Hər iki təsisat sanksiyalar tətbiq etmək kimi gücə, səlahiyyətə malikdir. BMT üçün bunu etmək lap əlverişlidir. Çünki o cür mötəbər qurumun - Təhlükəsizlik Şurasının icra olunmamış 4 qətnaməsi var. Həmin qətnamələrin məğzi Ermənistanın işğal etdiyi torpaqları boşaltmaq kimi tələbdən ibarətdir. Ermənistan bütün bunlara məhəl qoymursa, üstəlik də işğalı davam etdirirsə, deməli, dünya buna laqeyd yanaşır. Bəli, deyilən nüfuzlu qurumların məsələyə öz mandatları çərçivəsində müdaxilə etməsi lazımdır. Məhz bu biganəliyin olmasıdır ki, Ermənistan silahlı qüvvələri artıq Dağlıq Qarabağın hüdudlarından kənarda belə dinc əhalini öldürməklə məşğuldur. Yaxşı olar ki, BMT və Avropa Parlamenti oxşar vəziyyətdə necə davrandıqlarını bu münaqişəyə də tətbiq etsinlər. Onda biz vahid standartın mövcudluğunun şahidi olarıq. Belə olmayan təqdirdə isə ikili standartların hökm sürdüyünü deyə bilərik".
Məhəmmədəli QƏRİBLİ