Elşən Həsənov: "Bunu da növbəti erməni uydurması kimi qəbul etməliyik"
Son vaxtlar İran-Ermənistan münasibətlərində nəzərə çarpan mehribanlıq erməniləri daha da ruhlandırıb. Xüsusilə də Ermənistan prezidenti Sarkisyanın İranın yeni seçilən prezidenti Həsən Ruhaninin inauqurasiya mərasimində şəxsən iştirak etməsi və həmin səfər çərçivəsində keçirdiyi görüşlər onlarda böyük inam yaradıb. Hətta vəziyyət o həddə çatıb ki, bəzi erməni siyasiləri deyirlər ki, guya İran bu yaxınlarda Azərbaycanla münasibətlərə yenidən baxacaq. Bu iddiaları necə dəyərləndirmək olar?
Ekspert Elşən Həsənovun sözlərinə görə, bu, inandırıcı görünə bilməz: "İranın Ermənistanla münasibət saxlaması bəllidir. Bunun da niyə belə olmasının səbəbləri bizə aydındır. Ancaq İran bir müsəlman ölkəsi olaraq Azərbaycanla da normal qonşuluq münasibəti saxlayır. Bizi İranla bir çox dəyərlər bağlayır. Ortaq din, dil, mədəniyyətə malikik. Azərbaycan müstəqil olandan sonra İranla münasibətlərini yaxın qonşuluq prinsipinin pozulmaması əsasında qoruyub saxlamaqda maraqlıdır. Düzdür, ara-sıra ölkələrimiz arasında xırda narazılıqlar doğuran hadisələr yaşanıb. Onların da iki qonşu arasında olması labüddür. Ən əsası isə, prinsipial məqamlarda Azərbaycan İrana qarşı aparılan sanksiyalara qoşulmayıb və bəyan edib ki, ərazimizdən İrana qarşı hansısa pis məqsəd üçün istifadə oluna bilməz. Son illər ərzində isə İran-Azərbaycan münasibətlərində daha da yaxınlaşma hiss edilir. Ölkələrimiz arasında ticarət dövriyyəsi xeyli artıb. Hər iki ölkə başçısının qarşılıqlı səfərləri münasibətləri daha da yaxınlaşdırıb. Böyük layihələrlə bağlı birgə iş aparılır və bu istiqamətdə ciddi uğur var. Hiss edilir ki, İran bizimlə qarşılıqlı münasibətlərin daha da genişləndirilməsində maraqlıdır. Təbii ki, bütün bunlar Ermənistana sərf etmir. Bu səbəbdəndir ki, belə həqiqətə uyğun olmayan xəbərləri dövriyyəyə buraxırlar. İranla Azərbaycan arasında heç bir siyasi qalmaqal da yaşanmır ki, onlar bizimlə siyasətə yenidən baxmış olsun. Ölkələrimiz arasında ən prinsipial məsələlərlə bağlı razılaşmalara dövlət səviyyəsində nail olunub. Son illər hər iki ölkə vətəndaşlarının qarşılıqlı turist səfərlərində ciddi artım müşahidə edilir. Deyilən bütün amillər İranın bizimlə münasibətlərə yenidən baxacağı kimi fikrin şayiə olduğunu şərtləndirir. Bunu da növbəti erməni uydurması kimi qəbul etməliyik".
Məhəmmədəli QƏRİBLİ