Ermənistanın son addımları - mülki əhalini, o cümlədən uşaqları hədəfə almaları Azərbaycanı düşmənə qarşı görülən tədbirlərin miqyasını genişləndirməyə vadar edir. Belə tədbirlərdən biri də düşmənin atəş nöqtələrinin daha effektiv hərbi texnikaların tətbiqi ilə susdurulmasıdır. Görünən odur ki, Ermənistanın cəbhə təxribatlarından əl çəkməməsi fonunda Azərbaycan belə hərbi texnikaları cəbhə zonasına yeritməyə məcburdur. Amma bunun ermənilər üçün böyük fəlakətlə nəticələnəcəyini düşmən özü də açıq etiraf edir.
Ümumiyyətlə, son dövrlərdə erməni mediasına diqqət yetirdikdə bəlli olur ki, düşmən Azərbaycanın hərbi texnikası və bunların döyüşdə mümkün tətbiqindən ciddi əndişə keçirir. Belə texnikadan biri də TOS-1A "Solntsepek" və TOS-1S odsaçan sistemləridir. Bir neçə on kilometrlik məsafədəki hədəfləri məhv etmək gücünə sahib olan bu sistemlər lokal ərazilərdə müharibənin aparılmasında əvəzolunmaz silahlardır. Xatırladaq ki, Azərbaycan Rusiyadan TOS-1A "Solntsepek" və TOS-1S odsaçan sistemlərini alıb. Ötən ilin aprel döyüşlərində bu silahlar erməni hərbi birləşmələrinə ağır zərbələr endirdi. Bu ilin 10 iyulunda Rusiyada Bakıya gətirilən yeni silah partiyasında bu sistemlərin mərmiləri də var idi. Maraqlıdır ki, dəniz yolu ilə Bakı limanına gətirilən silahlar birbaşa cəbhə xəttinə göndərildi. Həmin vaxt "1in.am" saytı yazırdı ki, bu silah partiyasının Bakıya gətirilməsi Azərbaycanın hədəfini müəyyən edir: "Müharibəyə hazırlıq. Ermənistanın son hücumu (4 iyulda Ermənistan Füzulinin Alxanlı kəndində mülki əhaliyə hücumu), görünür, bütün daşları yerindən oynatdı və Azərbaycan daha ağır zərbəyə hazırlaşır. Bu, həmçinin o deməkdir ki, Bakının son zərbəsi başlanğıcdır". Erməni siyasi şərhçi Akop Badalyan bu fonda Rusiyanın Azərbaycana Qarabağı geri qaytarmağa kömək edəcəyini bildirir: "TOS-1S və TOS-1A sistemləri adi raketlərdən iki dəfə güclüdür. Görünür, bu sistemlər regionda balansı Azərbaycanın xeyrinə dəyişib. Çünki Azərbaycanın bu sistemləri almasından dərhal sonra erməni tərəfi Rusiya ilə yeni silah krediti məsələsini müzakirə etməyə başladı. Görünür, Azərbaycan cavab olaraq bu sistemləri tətbiq edəcək".
Qeyd edək ki, TOS-1A "Solntsepek" "Buratino" TOS-1-in əsasında yaradılıb. "Buratino"lar isə ilk dəfə Əfqanıstanda tətbiq olunub və kifayət qədər effekt verib. Bu silahdan o dövrdə Əfqanıstanda mücahidlərin gizləndiyi mağaraları dağıtmaq üçün istifadə edilib. Elə həmin il silahın daha mükəmməl və daha asan istifadə olunan variantı sayılan TOS-1A "Solntsepek" yaradılıb. Bu sistem atəşin daha mükəmməl idarə edilməsi sistemi, raket lülələrinin sayının 30-dan 24-ə endirilməsi, əla zireh müdafiəsi və yeni sursatları ilə fərqlənir. Yeni sistemdə atəş məsafəsi 6 kilometrə qədər artırılıb, hər raketin dağıdıcı radiusu çoxalıb. Bir TOS-1A "Solntsepek" qurğusu 40 min kvadrartmetr ərazidə bütün canlıları məhv edir. Bütün raketlər cəmi 24 saniyə ərzində buraxılır. 2001-ci ildə Rusiya ordusuna verilən bu silah sisteminin ixracına 2008-ci ildə icazə verilib. TOS-1A "Solntsepek" sistemlərini Rusiyadan ancaq Azərbaycan və Qazaxıstan alıb. Rəsmi mənbələrdə yer alan məlumatlara görə, Azərbaycan 2010-cu ildə "Rosoboroneksport"la bağlanmış müqavilə əsasında bir divizion, yəni 18 kompleks "Solntsepek" odsaçan sistemi alıb. "Solntsepek" xüsusən dağlıq ərazilərdə tətbiq olunanda daha dəhşətlidir. Ona görə ki, bu silah sistemindən açılan atəş nəticəsində hətta daşlar belə əriyir. Beləliklə, Azərbaycan bu dəhşətli silah sistemlərinə malik olmaqla Qarabağda düşmən üzərində ciddi hərbi üstünlük əldə etmiş vəziyyətdədir. Onu da xatırladaq ki, ötən ay Azərbaycan "Solntsepek" sistemlərinin Rusiyadan yeni çoxsaylı raketlərini idxal edib. Azərbaycan Müdafiə Nazirliyinin bu xüsusda yaydığı görüntülərdə gəmilərdən çoxsaylı raket konteynerlərinin boşaldıldığı əks olunub. Sonradan bunların məhz TOS-1A "Solntsepek" ağır odsaçan və "Smerç" reaktiv yaylım atəşi sistemlərinə aid raketlər olduğunu müəyyən edilib. Bundan əvvəl isə Rusiyadan Azərbaycana "Xrizantema-S" tank əleyhinə raket komplekslərinin böyük partiyası gətirilmişdi. Məhz bütün bunlar indi Ermənistanda ciddi əndişə yaradıb. Düşmən Qarabağda mümkün döyüş əməliyyatları zamanı "Solntsepek" sistemlərinin tətbiqinin onlar üçün baha başa gələcəyini yaxşı bilir. Digər tərəfdən Ermənistanda hesab olunur ki, belə dəhşətli silahları Azərbaycana verməklə Rusiya İrəvanın onun üçün arxa planda yer aldığını göstərdi. Erməni siyasi şərhçi Sarkis Artsruni bu xüsusda bildirir: "Fikir var idi ki, Ermənistan Avrasiya İqtisadi İttifaqına üzv olmasaydı, Rusiya Qarabağı Azərbaycana qaytaracaq və Bakıya hərtərəfli dəstək verəcəkdi. Erməni cəmiyyəti uzun müddət bu versiyaya inandı, lakin Ermənistan ittifaqa üzv olandan sonra da Rusiyanın Azərbaycana silah satması davam etdi". Onun iddiasına görə, prezident Vladimir Putin Ermənistanı aldadıb və erməni rəhbərliyi öz hakimiyyətini qorumaq üçün bu oyunda iştirak edib: "Ermənistan hakimiyyəti Avrasiya İqtisadi İttifaqının bizə dəstək vermədiyini sirr kimi saxlamağa çalışır, lakin baş verənlər ortada heç bir sirrin olmadığını göstərir. 2016-cı il "aprel müharibəsi" Avrasiya İqtisadi İttifaqının Ermənistanın təhlükəsizliyini təmin etdiyi əfsanəsini dağıtdı. Məlum oldu ki, Rusiya Ermənistanın bu ittifaqda olmasından istifadə edərək Azərbaycanla əməkdaşlığını gücləndirir".
Yaranmış vəziyyətdə Azərbaycanın Rusiyadan alınan yeni hərbi texnikanın bir qismini cəbhə zonasına yeritməsi, yuxarıda qeyd olunduğu kimi, düşmən ölkədə böyük təşviş yaradır. Ermənilər bununla Azərbaycan tərəfindən kifayət qədər sərt və dağıdığı zərbələr ala biləcəklərini yaxşı başa düşürlər. Xüsusən də mülki əhalini atəş altında saxlamaları fonunda. Bunu Azərbaycan Ordusunun sabiq korpus komandiri, birinci Qarabağ müharibəsinin iştirakçısı, general-leytenant Yaşar Aydəmirov da təsdiq edir: "Ermənistan Azərbaycan Ordusunun hər yerdə uğurlarını görür. Həm Rusiyanın Moskva şəhərində, həm də Xəzər dənizində gedən birgə hərbi idman oyunlarında müvəffəqiyyətlərimiz Ermənistanı narahat etməyə bilməz. Görünür, bir daha özləri üçün nəticə çıxarıblar ki, Azərbaycan Ordusu çox yüksək və elit səviyyədə olan ilk ordular sırasındadır. Bunu beynəlxalq ictimai təşkilatlar və analitiklər də təsdiqləyir. Məhz buna görə də ermənilər cəbhədə təxribatlara yol verir, mülki əhalini atəşə tuturlar. Sözsüz ki, Azərbaycan Ordusu ermənilərin hər hansı alçaq hərəkətlərini cavabsız qoymayacaq. Azərbaycan Ordusu yerli əhaliyə atəş açmadan ermənilərin mövqelərinə sarsıdıcı zərbələr endirəcək".
Qeyd edilən xüsusda ermənilərin narahatlığı Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Qaralar kəndini atəşə tutmalarından sonra daha da artıb. Xatırladaq ki, ermənilər avqustun 8-də saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Tovuz rayonunun Qaralar kəndini iriçaplı silahlardan atəşə tutaraq mülki əhalinin qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədib. Nəticədə Qaralar kənd sakini, 2004-cü il təvəllüdlü Yusibov Ramil Sabir oğlu qəlpə xəsarətləri alıb. Azərbaycan artıq bununla bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırıb. Dünya baş verən bu hadisəni pisləsə də, hələlik Ermənistana qarşı lazımi addımlar atılmır. Elə bu səbəbdən Azərbaycan Ordusu özü Ermənistanın cəzasını lazım bildiyi vaxtda vermək məcburiyyətindədir. Məhz bu zaman ən yeni hərbi texnikaların tətbiqi fonunda Ermənistan tərəfinin böyük itkilərə məruz qalması isə qaçılmazdır. Bunu, verilən açıqlamalardan da aydın görünür ki, ermənilər özləri də kifayət qədər yaxşı bilir. Elə bu səbəbdən indidən həyəcan təbili çalmağa başlayıblar. Hesab edilir ki, Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun zərbələrindən yalnız işğal altındakı əraziləri tərk etməklə xilas ola bilər. İndiki halda işğal altındakı ərazilərin azad edilməsi üçün ən yaxşı vasitə isə beynəlxalq ictimaiyyətin Ermənistana təzyiq göstərməsidir. Bunu Qarabağ konfliktinə həsr edilən "Unudulmuş münaqişə" kitabının müəllifi Andre Vidmer də təsdiq edir: "Yalnız diplomatik dildən istifadə etməklə və real siyasi təzyiq olmadan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətdə dəyişiklik olmayacaq. Təəssüf ki, Suriya, İraq, Yəmən və Ukraynadakı müharibələr və Şimali Koreya böhranı fonunda Qarabağ münaqişəsi sanki beynəlxalq ictimaiyyət tərəfindən unudulub. Belə görünür ki, 2016-cı ilin aprelində qeydə alınan eskalasiyadan sonra əsas oyunçular olan Rusiya və ABŞ münaqişənin həll olunması üçün kifayət qədər güc sərf etmək niyyətində deyil. Halbuki, münaqişənin həlli yolları Moskvanın əlindədir. Rusiyanın iqtisadi və siyasi gücü var ki, Ermənistanı işğalı dayandırmağa məcbur etsin. İlk addım Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonların azad edilməsi ola bilər". Bunlar həyata keçirilməyəcəyi halda isə Azərbaycan güc variantına əl atmağa məcburdur. Məhz bu halda Ermənistan silahlı qüvvələri zəbt olunmuş torpaqları azad etməli olacaq, ancaq böyük itkilərə də məruz qalacaq. Bu səbəbdən seçim indi Ermənistanındır: düşmən ya itkilərlə üzləşmədən, ya da böyük itkilərə məruz qalaraq Azərbaycanın işğal altında saxladığı torpaqlarını boşaltmalıdır. Özü də bütün bunların qısa zaman kəsiyində baş verəcəyini ermənilər özləri də yaxşı bilir. İndilikdə Azərbaycan düşmənə artıq hərəkətə keçməsi üçün müəyyən vaxt verib. Həmin vaxtı səmərəli dəyərləndirmək ermənilərin öz əlindədir. Azərbaycan isə verilən vaxt fonunda cəbhə zonasında mövqelərini daha güclü hala gətirməkdə davam edir. Ermənilər könüllü şəkildə zəbt olunmuş torpaqları tərk etməyəcəyi təqdirdə, son sözü ən müasir hərbi texnika ilə silahlanmış Azərbaycan Ordusu deyəcək.
Nahid SALAYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.