Aqşin Əliyev: "Azərbaycanın indiki mərhələdə kənarda qalması yaxşıdır"
Rusiya, Türkiyə və İranın xarici işlər nazirləri 8-9 avqust tarixlərində Tehranda görüşüb. Görüşdə Suriyada atəşkəs zonalarında atəşkəsin qorunması və möhkəmləndirilməsi məsələsi müzakirə edilib.
İlk olaraq görüş barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlum verib. O bildirib ki, türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşündə Suriya böhranının tənzimlənməsi ilə bağlı Astana prosesi çərçivəsində əldə olunmuş razılaşmaların yerinə yetirilməsi müzakirə olunub. Eyni zamanda, 8-9 avqust tarixlərində Suriyada atəşkəs zonalarında atəşkəsin möhkəmləndirilməsi ilə bağlı Rusiya, Türkiyə və İran təmsilçilərinin görüşü barədə razılıq əldə olunub.
Suriya probleminin həllində üç ölkənin XİN rəhbərinin Tehran toplantısının mühüm rol oynayacağı ilə bağlı fikirlər səslənməyə başlayıb.
İran-Türkiyə-Rusiya formatında iştirak baxımından Suriya proseslərinə Azərbaycanın da qoşulması mümkündürmü? Çünki bir zamanlar Londonda Suriyanın dostlarınin keçirdiyi Suriyanın bərpa konfransına Azərbaycan da dəvət olunmuşdu. Ekspert Aqşin Əliyevin sözlərinə görə, Suriya ilə bağlı Tehranda keçirilən görüşün formatı olduqca yığcamdır: "Bu görüşlə Londonda keçirilən konfrans arasında ciddi fərq var. Görürsünüz ki, görüşə üç əsas ölkə qatılıb. ABŞ və Qərb ölkələri təmiz oyundankənar vəziyyətə salınıb. Hesab edirəm ki, bu formata Azərbaycanın dəvət edilməsi gözlənilən deyildi. Çünki Tehran zirvəsində iştirak edən ölkələrlə ABŞ və Qərbin gələcək münasibətləri yaxşı nəsə vəd etmir. Bu baxımdan da Azərbaycanın indiki mərhələdə kənarda qalması yaxşıdır.
Türkiyə, Rusiya və İranın Suriya məsələsində əməkdaşlığı səmərə verir. Məhz bu qüvvələr arasında atəşkəsə nail olundu. Atəşkəs bəzən pozulsa da, böyük ölçüdə qorunur. İndi önəmli olan həm atəşkəs rejiminin daimiliyini təmin etmək, həm də hakimiyyətli-müxalifətli bütün qüvvələrin terrorçulara qarşı mübarizəsini təşkil etməkdir. Bu görüş əhəmiyyətli olsa da, Suriyanın gələcəyinin müəyyənləşməsi baxımından həlledici də deyil. Çünki Suriyada Rusiya, Türkiyə və İranın varlığından başqa digər oyunçular da var. Bunlar Səudiyyə Ərəbistanı, Qətər, İordaniya və ABŞ-dır. Bu ölkələrin də Suriyadakı qüvvələrə müəyyən təsir imkanları var. Ona görə də bu ölkələrin maraqlarına cavab verməsə, Türkiyə-Rusiya-İran üçlüyünün planlarını poza da bilərlər. Bu səbəbdən adıçəkilən üçlük başqa oyunçuların da maraqlarını nəzərə almaq məcburiyyətindədir. Əks halda atəşkəs pozula, Suriya rejiminə qarşı silahlı müqavimət güclənə bilər".
Məhəmmədəli QƏRİBLİ