Elşən Mustafayev: "Buna qarşı Qərbin tam susqunluq nümayiş etdirməsi heç də normal qarşılanmamalıdır"
Son günlər cərəyan edən proseslər Rusiyanın bərk qəzəbləndiyini üzə çıxarmış olur. Moskvanın qəzəbinə səbəb olan əsas məqamlardan biri də ABŞ-ın Gürcüstanın NATO üzvü olması üçün hərtərəfli dəstək verməsidir. Baş verənləri təhlil edən ekspertlər, əslində, ABŞ-ın bu gedişi fonunda Qafqazda maraqlı vəziyyət yarandığını bildirirlər.
Tanınmış amerikalı analitik Pol Qobl da bu fikirləri paylaşır: "Hesab edirəm ki, ilk mərhələdə Gürcüstanla bağlı ABŞ və Rusiya arasında ciddi qarşılıqlı anlaşma olacaq. Bundan sonra Rusiyanı Qafqazda zəiflətmək üçün ABŞ Ermənistana daha çox diqqət yetirəcək. Azərbaycan müstəqil siyasət yürütdüyündən, onunla ABŞ da, həm də Rusiya indiki münasibətlərini saxlamağa çalışacaq. Yeni sanksiyalar Rusiyanın təşkil etdiyi layihələrdə iştirak edən istənilən ölkəni cəzalandırmağa imkan verir. ABŞ, zaman keçdikcə, İrəvana tez-tez Rusiya-Ermənistan münasibətləri və Rusiya təcavüzü prizmasından baxmağa başlayacaq. Etsin ".
Pol Qobl vurğulayır ki, sanksiyalar əsasən Rusiyanın böyük qaz layihələrinə qarşı yönəlib. Sanksiyaların Moskvanın iqtisadi potensialını azaldacağı və siyasi vəziyyətə zəruri təsir edəcəyi gözlənir. Pol Qobl bu fonda qeyd edir ki, ABŞ-ın yuxarıda adları çəkilən ölkələrə dəstəyi yalnız bəyanatlarda deyil, konkret hərəkətlərdə də görünür: "Sanksiyalar haqqında yeni qanun Rusiyanın layihələrində iştirak edən istənilən ölkənin və ya şirkətlərin cəzalandırılmasına imkan verir. Hazırda Moskvanın müqavimət potensialı yoxdur".
Qobl bildirir ki, Rusiyaya qarşı rıçaqlar iqtisadiyyatla kifayətlənməyə də bilər. O, siyasi faktorun da dövriyyəyə buraxılacağını vurğulayıb: "Tramp administrasiyasının xarici siyasətinin tendensiyaları getdikcə daha aydın olur. Tramp bir neçə dəfə bildirib ki, ABŞ-ın yanında olacaq ölkələr həm iqtisadi, həm də təhlükəsizlik baxımından dəstək alacaqlar. Rusiya-Amerika böhranı ATƏT-in Minsk Qrupunun fəaliyyətini effektiv etməyəcək. Bu, mövcud status-kvonun möhkəmləndirilməsi baxımından Ermənistanın xeyrinə ola bilər. Lakin ən böyük təhlükə münaqişənin həlli ilə bağlı ümidlərin boşa çıxması və sonra Azərbaycanın güc variantına əl atmasıdır. Bu baxımdan Qarabağda yeni müharibə risqi artır. Rusiya Qafqaz siyasətini sərtləşdirə bilər. Rusiyanın Qarabağ məsələsində Ermənistanı qurban verərək Qafqazda möhkəmlənə bilməsi variantı bu gün ön plana çıxdı".
Göründüyü kimi, Pol Qobl deyib ki, Rusiya dünyada sıxışdırıldıqca, Qafqaz siyasətini sərtləşdirə bilər. Bunu nə dərəcədə real saymaq olar?
Ekspert Elşən Mustafayevin sözlərinə görə, Rusiyanın son davranışlarında bu istək hiss edilir: "Öz hərbi gücünü Cənubi Qafqazda artıran Rusiyanın əsas məqsədi quru qoşunlarını Yaxın Şərqə, Türkiyəyə, İrana maksimum yaxınlaşdırmaqdır. Ümumiyyətlə, Rusiya-Ermənistan birgə ordu qruplaşmasının yaradılması və atılan digər addımların səbəbi təkcə Qarabağ məsələsi deyil. Əsas məsələ Rusiyanın Cənubi Qafqazdakı ordu qruplaşmasını gücləndirməsindən və hərbi gücünün artırılmasından ibarətdir. Rusiya hazırda Ermənistanla birgə ordu qruplaşması yaradaraq bunu edir. Onsuz da Cənubi Qafqaza nəzarət edən Rusiya Gürcüstan və Azərbaycanı özündən daha da asılı vəziyyətə gətirmək istəyir. İstəyir ki, Ermənistan kimi, Azərbaycan və Gürcüstan da xarici siyasət məsələlərində, xüsusən də Qərb və NATO ilə münasibətlərdə müstəqil addımlar atmasınlar və bütün proses Kremlin birbaşa nəzarətində olsun. Rusiya bu hədəfinə çatmaq üçün bütün mümkün vasitələrdən istifadə etməyə çalışır. Rusiya Cənubi Qafqazda öz hərbi gücünü durmadan böyüdür və bu zaman Ermənistandan, Cənubi Osetiyadan və Abxaziyadan yararlanır. Bu hələlik ancaq nümayiş formasında həyata keçirilsə də, gələcəkdə, 2008-ci ildə Gürcüstanda olduğu kimi, hərbi gücdən istifadə etməsi də istisna olunmur. Artıq biz Rusiyanın hərbi gücdən istifadə edərək Gürcüstanda yeni əraziləri, yəni Bakı-Supsa neft kəmərinin keçdiyi ərazini nəzarətə götürməsini bir müddət əvvəl müşahidə etdik və buna qarşı Qərbin tam susqunluq nümayiş etdirməsi də heç də normal qarşılanmamalıdır. Rusiyanın bu addımı regiondakı təhlükəli vəziyyəti daha da gərginləşdirir. Sözsüz ki, biz bu vəziyyətdə ilk növbədə Qarabağı fikirləşməliyik. Elə bir şərait yaratmaq olmaz ki, Rusiya Dağlıq Qarabağa öz ordusunu yeritsin. Halbuki, son zamanlar Ermənistanın cəbhə bölgəsində yol verdiyi təxribatlar ancaq buna xidmət edir".
Məhəmmədəli QƏRİBLİ