Vəfa Heydərli: "Ola bilər ki, beştərəfli istiqamətə başqa detallar da aiddir"
Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov avqustun 8-də Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması mərasimindən sonra mətbuata açıqlama verib.
Onun sözlərinə görə, Türkmənistanla Azərbaycan arasında ən yüksək səviyyədə danışıqlar aparılıb: "Həmin görüşlər zamanı ikitərəfli münasibətlərin durumu və perspektivləri, regional və beynəlxalq siyasət məsələləri müzakirə olundu, gələcək qarşılıqlı fəaliyyətimizin konkret istiqamətləri təyin edildi. İki ölkə arasında ənənəvi olan qarşılıqlı inam və açıqlıq mühitində keçən danışıqların konstruktiv və məzmunlu xarakterini xüsusilə qeyd edirəm. Görüşlər zamanı bütün istiqamətlərdə - siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə aparılan ikitərəfli dialoqun indiki səviyyəsini yüksək dəyərləndirdik. Azərbaycanla əlaqələrimiz qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri əsasında dinamik və yüksələn xətlə inkişaf edir. Biz Mərkəzi Asiya, Xəzər hövzəsi zonasında sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi, burada səmərəli əməkdaşlıq mexanizmlərinin qurulması üçün müvafiq şəraitlərin yaradılması məqsədilə fəal şəkildə birgə çalışırıq. Türkmənistan və Azərbaycan arasında qarşılıqlı addımlar bu gün strateji sabitlik və regional proseslərin müsbət inkişaf amilidir. Hər iki ölkə Xəzəryanı məkanın Avrasiyada uzunmüddətli sabitliyin mənbəyinə, geniş beynəlxalq tərəfdaşlığın arenasına çevrilməsinin tərəfdarıdır. Keçirilmiş danışıqlarda iki ölkənin nüfuzlu beynəlxalq və regional strukturlar - Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq etməsinə hazırlıq vurğulandı".
Q.Berdiməhəmmədov deyib ki, Türkmənistanla Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyət Xəzər dənizində beştərəfli tərəfdaşlıq çərçivəsində davam edəcək: "Mən bir daha təkrar etmək istəyirəm ki, bu əməkdaşlıq beştərəfli əməkdaşlıqdır. Biz iqtisadi əməkdaşlıq məsələlərini təfərrüatı ilə müzakirə etdik və iki dövlətin güclü sənaye və infrastruktur potensialına uyğun olaraq bu sahədə qarşılıqlı fəaliyyətin artırılmasının zəruriliyi haqqında ümumi rəyə gəldik. Danışıqlar zamanı Türkmənistanla Azərbaycan arasında ticarət sahəsində tərəfdaşlığa, qarşılıqlı mal dövriyyəsinin artırılması və şaxələndirilməsinin zəruriliyinə xüsusi diqqət yetirildi. Biz qarşılıqlı ticarətin genişləndirilməsi, sənaye, xidmətlər və aqrar kompleks sahələrində geniş birgə layihələrin həyata keçirilməsi üçün sərmayə siyasətinin fəallaşdırılması məqsədilə tədbirləri nəzərdən keçirmək barədə razılığa gəldik. Bu baxımdan iki ölkənin biznes qurumlarının xətti ilə qarşılıqlı fəaliyyət mühüm rol oynamalıdır".
Berdiməhəmmədovun "bundan sonra Türkmənistan-Azərbaycan əlaqələri Xəzərdə beştərəfli əməkdaşlıq çərçivəsində davam edəcək" fikrindən hansı nəticəni çıxarmaq olar?
Politoloq Vəfa Heydərli qəzetimizə bildirdi ki, Türkmənistanla sərhəd məhz Xəzər dənizi vasitəsilə olduğu üçün, Berdiməhəmmədovun açıqlamasında dünyanın ən böyük gölü məsələsini qabartması təsadüfi deyil: "İki ölkə arasında münasibətlərdə gərginlik də hökm sürüb. Türkmənistanla Azərbaycan arasında gərginlik yaradan əsas səbəblərdən biri Xəzər dənizindəki "Kəpəz" yatağı idi. Azərbaycan neftçilərinin kəşf etdiyi həmin yatağı Türkmənistan özününkü sayırdı. Münasibətlərin bugünkü vəziyyəti həmin narazılıqların arxada qaldığını söyləməyə əsas verir. Türkmənistan həmin yatağa olan iddiasını, əvvəlki illərdə olduğu kimi, sərt şəkildə gündəmə gətirmir. Bilirsiniz ki, bizi Türkmənistanla həm də türk kimliyi faktoru bağlayır. İki ölkə arasında əlaqələrin genişlənməsinə dair müxtəlif sahələri əhatə edən sənədlər imzalanıb. Ancaq hesab edirəm ki, bütün bunları həyata keçirmək üçün bizim həmin ölkə ilə münasibətlərimiz yalnız Xəzər vasitəsilə reallaşa bilər. Beş istiqamətin konkret olaraq nədən ibarət olması bildirilməsə də, təxminlər irəli sürmək olar. Xəzərin statusu, dənizin sərvətlərinin düzgün istismarı, böyük enerji layihələrinin dəniz vasitəsilə reallaşması, ekoloji balansın qorunması və təhlükəsizlik məsələləri prioritet təşkil edə bilər. Hesab edirəm ki, bu istiqamətlər üzrə real razılaşmalar əldə edilə bilər. Çünki Xəzər dənizi və onun təhlükəsizlik qarantı olmadan bizim münasibətlərimizin yüksək səviyyədə olması mümkün deyil. Ola bilər ki, beştərəfli istiqamətə başqa detallar da aiddir. İstənilən halda, bunların hər biri ölkələrimiz arasında dostluğun, əminamanlığın möhkəmlənməsinə töhfə verəcək".
Məhəmmədəli QƏRİBLİ