Bu gün dünyanın nüvə müharibəsi astanasında olması indi beynəlxalq miqyasda kifayət qədər qorxu və həssaslıqla izlənməkdədir. Hadisələrin gedişi və verilən rəsmi açıqlamalar ABŞ və Şimali Koreya arasında yaxın tezlikdə nüvə silahlarının tətbiqi ilə hərbi əməliyyatların başlanmasını istisna etmir. Artıq Şimali Koreyanın ikinci dəfə "Xvason-14" qitələrarası ballistik raketin uğurlu sınağını keçirməsindən sonra ABŞ bu ölkəyə qarşı hərbi müstəvidə konkret addımlar atmağı düşünür.
Yayılan məlumatlara görə, Şimali Koreya ordusu da ABŞ hərbi bazalarını hədəf alan və "Xvason-14" ballistik raketlərin istifadə olunacağı hücumlara hazırlaşır. Bundan əlavə, Şimali Koreya ballistik raket atacağı tək ölkənin ABŞ olduğunu və bu iddianın sözdə qalmayacağını açıqlayıb. Elə bundan sonra ABŞ prezidenti Donald Tramp Şimali Koreyaya sərt xəbərdarlıq edib: "Yaxşı olardı ki, onlar bir daha Birləşmiş Ştatları hədələməsin. Onlar dünyanın indiyədək görmədiyi atəş və qəzəblə üzləşəcəklər. Totalitar kommunist ölkəsi atəş, qəzəb və sözün açığı, dünyanın indiyədək görmədiyi bir qüdrətlə üzləşəcək". Trampın bəyanatından sonra Şimali Koreya ABŞ-ın Sakit Okeandakı ərazisi olan Quamı raketlə vurmağı nəzərdən keçirdiyini bəyan edib. Koreya Xalq Ordusunun dövlət xəbər agentliyi vasitəsilə yaydığı bəyanatda bildirilir ki, rəhbər Kim Conq Un qərar verən an plan icra olunacaq. Pxenyan həm də ABŞ-ı "önləyici müharibə" planları qurmaqda ittiham edib.
Bu durumda "Washington Post" nəşri ABŞ kəşfiyyatındakı mənbələrinə istinadən məlumat yayıb ki, Şimali Koreyada qitələrarası ballistik raketlər üçün miniatür nüvə başlığı hazırlanıb. Nəşrin məlumatına görə, Şimali Koreya nüvə ölkəsi kimi tam formalaşmaq üçün mühüm mərhələni adlamaq üzrədir: "Bu proses Vaşinqtonun gözlədiyindən tez baş verib". Qəzet qeyd edir ki, müvafiq qiymətləndirmə Pentaqonun Kəşfiyyat İdarəsi tərəfindən iyulda aparılıb. Qurum Şimali Koreyanın hazırladığı nüvə başlıqlarının real sayının ABŞ-ın əvvəllər ehtimal etdiyi 60 ədəddən çox olduğunu hesab edir. Qəzet 2006-cı ildən bu vaxtadək Şimali Koreyanın 5 nüvə sınağı keçirdiyini xatırladır. Sonuncu nüvə sınağı 2016-cı il sentyabrın 9-da keçirilib. Sınaqdan keçirilən nüvə başlığının gücünün 1945-ci ildə Xirosimaya atılan bombadan iki dəfə artıq, yəni 20-30 kiloton təşkil etdiyi qeyd olunur.
Bu arada xatırladaq ki, BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın illik ixracatdan 3 milyard dollarlıq gəlirlərini 1 milyarda qədər kəsmək səyləri çərçivəsində Pxenyana qarşı yekdilliklə yeni sanksiyalar qəbul edib. Prezident Donald Tramp bunu razılıqla qarşıladıqlarını bildirib: "Uzun illər fəaliyyətsizlikdən sonra ölkələr nəhayət bir araya gəlib Şimali Koreyanın təşkil etdiyi təhlükə məsələsini qaldırıb. Biz sərt və qəti hərəkət etməliyik!". Lakin ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli bildirir ki, sanksiyalar Şimali Koreya ilə problemlərə son qoymayacaq. Nikki Heyli Pxenyanın raketlərin ABŞ ərazisinə çatmaq qabiliyyətinə malik olduğuna dair iddialarına cavab olaraq Trampın Şimali Koreya təhlükəsinin qarşısının alınması üçün, hərbi hücum da daxil olmaqla, bütün variantların masa üzərində olduğunu dediyini bir daha bəyan edib: "Biz Şimali Koreyanın qarşısını almaq üçün hər şey edəcəyik. Şimali Koreya liderinə gəldikdə, o özü qərar verməlidir: Birləşmiş Ştatlara zərbə endirsə, bununla nə qazanacaq?".
Hələlik isə Şimali Koreya beynəlxaq ictimaiyyətin aqressiv hərbi əməliyyatları dayandırmaq çağırışına əhəmiyyət verməyərək, nüvə silahlarının inkişaf etdirilməsi proqramını davam etdirəcəyini bildirib. Pxenyan həm də BMT-nin raket sınaqlarına cavab olaraq ölkəyə qarşı tətbiq etdiyi sanksiyaları suverenliyinin pozulması adlandırıb. Bildirilir ki, Vaşinqton ölkəyə qarşı hərbi addım atsa, Birləşmiş Ştatlara bütün nüvə strateji gücü ilə dərs veriləjək. Artıq Şimali Koreya 2014-cü ildən bu yana ilk dəfə patrul gəmilərin üzərində gəmivuran raketlər yerləşdirib. Amerika kəşfiyyat mənbələrinə istinadən "Fox News" telekanalı bildirir ki, Şimali Koreyanın şərq sahillərində, Txeydonq limanında 2 qanadlı raket - "Stormpetrel" yerləşdirilib. Bu ərazidə Şimali Koreyanın qərb donanmasının qərargahı yerləşir: "Rəsmi Pxenyanın son hərəkətləri növbəti raket sınaqları ehtimalını göstərir və ya ABŞ silahlı qüvvələrinin Koreya yarımadasına doğru daha çox gəmi göndərəcəyindən ehtiyatlanaraq qoruyucu tədbir xarakteri daşıyır". Buna javab olaraq ABŞ müttəfiqləri ilə birgə, o cümlədən Yaponiya və Cənubi Koreya ilə Koreya yarımadasının sahillərində mütəmadi hərbi təlimlər keçirir. Bu baxımdan, Amerika gəmiləri keşik çəkilməsi üçün vaxtaşırı Şimali Koreya sahillərinə göndərilir ki, bu da, rəsmi Pxenyanı bel ədemək olarsa, hövsələdən şıxarıb. Enyi zamanda ABŞ hərbi qüvvələrini bu ölkə ətrafında jəmləşdirir. ABŞ mediası belə vəziyyətdə istənilən an Şimali Koreyaya zərbə endirləjəyini, bunu isə nüvə müharibəsinə gətirib çıxarajağını yazır.
Tahir TAĞIYEV