Cəbhədə Ermənistan silahlı qüvvələrinin atdığı addımlar üzündən getdikcə gərginləşən vəziyyət burada hər an genişmiqyaslı toqquşmaların başlana biləcəyini istisna etmir. Ermənilər həm mülki əhalini atəş altında saxlayır, həm də müxtəlif təxribat cəhdlərindən əl çəkmir.
Yeri gəlmişkən qeyd edək ki, elə avqustun 8-də gündüz saatlarında cəbhənin Xocavənd-Füzuli istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək məqsədilə mövqelərimizə basqın etməyə cəhd göstərib. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, dərhal görülən tədbirlər nəticəsində geri çəkilməyə məcbur edilən təxribat qrupunun bir üzvü sərrast atəşlə məhv edilib. Qoşunlarımız isə heç bir itki verməyib və əməliyyat şəraiti tam nəzarətimizdədir.
Düşmənin bu təxribatı ermənilərin Tovuz rayonunun Qaralar kəndini atəşə tutması nəticəsində 13 yaşlı kənd sakini Ramil Yusifovun ağır qəlpə yaraları almasından dərhal sonraya təsadüf edir. Bütün bunlar Ermənistanın bəd əməllərindən əl çəkməyərək cəbhə zonasında sakit vəziyyətin hökm sürməsində maraqlı olmadığını aydın nümayiş etdirir. Təbii ki, bu vəziyyətdə dünya ictimaiyyətinin düşmənə qarşı sərt addımlar atması günün zəruri tələbinə çevrilir. Amma görünən odur ki, Ermənistana qarşı əməli olaraq beynəlxalq miqyasda hansısa addım atılması gözlənilmir. Bu vəziyyətdə artıq Azərbaycan özü düşməni cəzalandırmaq, ilk növbədə ona hərbi müstəvidə yeni dərs vermək məcburiyyətindədir. Çünki Ermənistan silahlı qüvvələri müharibə qanunlarından kənara çıxaraq mülki əhalini hədəfə almaqdan çəkinmir. Elə daha bir uşağın erməni gülləsinə tuş gəlməsi də göstərir ki, Ermənistan silahlı qüvvələri cinayətkar qruplaşmalardan ibarətdir və bu ölkədəki siyasi rejimin mahiyyətindən irəli gələrək onlar hələ də uşaqları, qadınları, qocaları hədəfə alır. Ramil Yusifovun hədəfə alınması bir daha vandalizm aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətini sübut edir. Bu səbəbdən belə bir cinayətkar dövlətə qarşı müvafiq addımlar atılması artıq ciddi zərurətdir. Ən azı ona görə ki, mülki insanların, o cümlədən uşaqların hədəfə alınması və qətlə yetirilməsi artıq Ermənistanın siyasi-hərbi rəhbərliyinin dövlət siyasətinə çevrilib. Digər tərəfdən Azərbaycan artıq rəsmən bildirir ki, Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının ciddi şəkildə pozulmasıdır. Müasir beynəlxalq hüquqa əsasən, bu əməllərə görə bir dövlət olaraq Ermənistanla bərabər bu ölkənin siyasi-hərbi rəhbərliyində olan şəxslər də bilavasitə məsuliyyət daşıyır. Bu fonda onların cəzalandırılması da zəruri şərt kimi çıxış edir. Özü də bir məqam xüsusi qeyd olunmalıdır ki, Ermənistanın törətdiyi təxribat və hücumların qarşısını almaq üçün Azərbaycanın atmalı olacağı addımların məsuliyyəti tam şəkildə Ermənistanın üzərinə düşür.
Təhlilçilər hesab edir ki, yaranmış şəraitdə Azərbaycanın düşməni cəzalandırmaq üçün müvafiq addımlar atması düşmən üçün kifayət qədər pis nəticələrə gətirib çıxaracaq. İlk növbədə ona görə ki, ötən dövr ərzində Azərbaycan kifayət qədər gücləndiyi halda Ermənistanda bunun tamam əksi baş verib. Digər tərəfdən, hazırda dünya miqyasında baş verən proseslər də Ermənistanın mövqelərinin daha da zəifləməsi ilə müşayiət edilməkdədir. Xüsusən də Rusiya və ABŞ arasında qarşıdurmanın kəskinləşməsi fonunda bu proses daha açıq müşahidə olunur. Elə erməni ekspertlər də əmindir ki, Rusiyaya qarşı sanksiyalar Ermənistana son dərəcədə neqativ təsir edəcək. Çünki bu ölkənin iqtisadiyyatı Rusiya iqtisadiyyatı ilə sıx bağlıdır. Misal üçün, Ermənistanın ümumdaxili məhsulunun 17 faizi təkcə bu ölkədə fəaliyyət göstərən rus şirkətlərinin payına düşür. Bununla yanaşı, Rusiyada yaşayan milyonlarla erməninin Ermənistana göndərdiyi pullar da iqtisadiyyatın ayaqda qalmasına kömək edir. Bunun kəsilməsi isə sosial problemlərin daha da ağırlaşmasına və ölkəyə gələn pul kütləsinin kəskin azalmasına gətirib çıxara bilər. Erməni politoloq Gevorq Melikyan da Rusiyaya qarşı sanksiyaların Ermənistanı mütləq şəkildə uçuruma sürükləyəcəyini düşünür. Onun sözlərinə görə, Rusiya iqtisadiyyatının zəifləməsi bu ölkədən Ermənistana idxal edilən malların qiymətlərinin qalxması ilə nəticələnəcək. Erməni iqtisadçı Vilen Xaçatryan isə hesab edir ki, Rusiyaya qarşı yeni sanksiyalar paketi bu ölkədəki erməni miqrantlar üçün ciddi problemlər yaradacaq: "Sanksiyalar nə vaxt tətbiq edilirsə, bundan ilk zərər görən miqrantlar olur. Bu, iqtisadi böhranlar zamanı müşahidə olunan dünya təcrübəsidir. Məsələ ondadır ki, Rusiyada işləyən ermənilərin sayı kifayət qədər çoxdur. Bu baxımdan, sanksiyalardan onlar ciddi zərər görəcək". Erməni iqtisadçıın fikrincə, Ermənistanı iki təhlükə gözləyir: "Birincisi, Rusiyada işləyən miqrantların göndərdiyi pul kütləsi azalacaq. İkincisi, Rusiya iqtisadi zəifləmə fonunda işçiləri ixtisar edəcək ki, bu da ermənilərin kütləvi surətdə ölkəyə qayıtması deməkdir. Bizim iqtisadiyyatımız bu yükü qaldıra bilməyəcək".
Daha əvvəl erməni siyasi şərhçi Sarkis Artsruni də bildirmişdi ki, Rusiya-Amerika böhranı ATƏT-in Minsk Qrupunun fəaliyyətini daha da effektsiz edəcək: "Bu, mövcud status-kvonun möhkəmləndirilməsi baxımından Ermənistanın xeyrinə görünə bilər. Lakin ən böyük təhlükə münaqişənin həlli ilə bağlı ümidlərin boşa çıxmasından sonra Azərbaycanın güc variantına əl atmasıdır. Bu baxımdan, Qarabağda yeni müharibə risqləri artır". Onun sözlərinə görə, Rusiya dünyada sıxışdırıldıqca, Qafqaz siyasətini sərtləşdirə bilər: "Rusiyanın Qarabağ məsələsində Ermənistanı qurban verərək Qafqazda möhkəmlənə biləcəyi variantı bu gün ön plana çıxıb". Bütün bunlar Rusiya-ABŞ qarşıdurmasının Ermənistana mənfi istiqamətdə ciddi təsir etdiyini qabarıq surətdə əks etdirir. Erməni mediası yazır ki, böyük ölkələr arasında ziddiyyətlər bir qədər də dərinləşsə, İrəvan daha böyük itkilərə məruz qalmalı olacaq. Məsələn, ilk mərhələdə Rusiyadan erməni miqrantların geri qayıtması gözlənir. Lakin az sonra iqtisadi çətinlik üzündən onların və digərlərinin Ermənistanı kütləvi şəkildə tərk etməsi proqnozlaşdırılır. Eyni zamanda xaricdən, xüsusən də Rusiyadan ölkəyə pul köçürmələri əhəmiyyətli dərəcədə azalacaq və bu, Ermənistanda sosial vəziyyəti daha da pisləşdirəcək. Elə maliyyə naziri Vardan Aramyan da etiraf edir ki, son üç ildə Ermənistana pul köçürmələrinin həcmi 830 milyon dollar və yaxud 38,4% azalıb. Bunun səbəblərindən biri də Ermənistandan birdəfəlik ailəsi ilə köçənlərin sayının artması ilə bağlıdır. Ölkədəki demoqrafik vəziyyət Ermənistan ictimai-siyasi şəxslərinin də narahatlığına səbəb olub. Ermənistan parlamentinin üzvü Miqran Akopyan bildirib ki, immiqrasiya və təhlükəsizlik dövlətin və hakimiyyətin başlıca vəzifəsidir: "Qalanları boş söz-söhbətdir". Ermənistan vətəndaşları orduda xidmət etmək istəmir. Çünki sosial cəhətdən aztəminatlı ailələrin övladları işğal altında olan Dağlıq Qarabağ torpaqlarına göndərilir və burada da onlar başqa maraqların qurbanı olur. Bütün bunların nəticəsidir ki, artıq Ermənistan ordusunda xidmətdən yayınma və döyüş mövqelərini özbaşına tərketmə halları kütləvi xarakter alıb. Elə sosial şəbəkələrdə yer alan və aşağıda diqqətə çatdırılan hadisələr də deyilənləri tam sübut edir. Məsələn, sosial şəbəkələrdə yayılan məlumatlardan bəlli olur ki, avqustun 4-də Xocavənd rayonu ərazisində yerləşən Ermənistan silahlı qüvvələrinin hərbi hissəsində Qaragen Piriposyan adlı hərbi qulluqçu hərbi hissəni özbaşına tərk edib. Avqustun 6-da isə eyni vaxtda Madagiz ərazisində yerləşən hərbi hissələrdə Ermənistan ordusunun 4 hərbi qulluqçusu hərbi hissəni özbaşına tərk edib. Sergey Mardanyan, Sagir Avakyan və İvan Vanesyan barəsində nizamnamə çərçivəsində cəza tədbiri görülüb. Hərbi Prokurorluğa bu barədə məlumat verilməyib. Komandanlıq tərəfindən cidd-cəhdlə adı hərbi polisdən gizlədilən 4-cü hərbi qulluqçu isə yaxalanarkən ac olduğunu və yemək üçün getdiyini bildirib. Daha bir insident Füzuli rayonu ərazisində yerləşən Ermənistan ordusunun bölmələrindən birində baş verib. Belə ki, avqustun 7-də gecə saatlarında bölük komandiri Xalatyanın döyüş mövqeyini özbaşına tərk edərək getdiyi bildirilir. Hadisə gizlədilsə də, zabit yoldaşları onun sərxoş vəziyyətdə yaxalandığını bildirir. Ən maraqlı hadisə isə Hadrut rayonu ərazisində yerləşən işğalçı ordunun hərbi hissəsində baş verib. Burada artilleriya divizionunda yuxarı komandanlıq tərəfindən qəfil yoxlama keçirilərkən 3 hərbi qulluqçunun yerində olmadığı aşkarlanıb. Rəhbərliyi aldatmağa cəhd göstərən ermənistanlı zabit onların yerinə başqa əsgərləri yoxlama komissiyasına təqdim edib. Bütün bunlar erməni cəmiyyətində və ordusunda hansı vəziyyətin bərqərar olduğunu aydın şəkildə nümayiş etdirir. İndi bu durumda olan bir ölkə cəbhədə təxribatlardan əl çəkmək istəmir, mülki əhalini bilərəkdən hədəfə alır. Halbuki, Azərbaycanın adekvat cavab tədbirləri halında düşmən kifayət qədər böyük itkilərə məruz qalacağını da yaxşı bilir. Elə bu səbəbdən Ermənistan rəhbərlyinin Qarabağ münaqişəsi ilə bağlı mövcud siyasəti heç bir məntiqi addımla izah olunmur. Belə görünür, düşmən cəbhədə yeni ciddi dərs almayınca sakitləşməyəcək. Azərbaycan isə hələ ötən ilin aprelində Ermənistana istənilən an lazımi dərs verməyə qadir orduya sahib olduğunu sübut edib. Mülki əhalinin, o cümlədən uşaqların hədəfə alınması fonunda isə hesab edilir ki, Ermənistanı yenidən hərb cəbhəsində ağır məğlubiyyətə düçar etmək günün tələbidir.
Nahid SALAYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.