Məhəmməd Əsədullazadə: "Türkmənistan prezidenti regionda dəyişən enerji siyasətinin fərqindədir və Azərbaycanla əməkdaşlıqda artıq öz seçimini edib"
Məlum olduğu kimi, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycana rəsmi səfər edib. Səfərdə tərəflər arasında bir sıra məsələlər üzrə müzakirələr aparılıb, sənədlər imzalanıb. Belə fikirlər səslənir ki, bu səfər həm Türkmənistanın enerji siyasətində, həm də Azərbaycanla münasibətlərində strateji əhəmiyyətli dəyişikliyə səbəb ola bilər.
Belə ki, Azərbaycan və Türkmənistan arasında aparılan danışıqların əsas predmetini neft-qaz və nəqliyyat sahəsində əməkdaşlıq məsələlərinin müzakirəsi təşkil edir. Tərəflər arasında bu məsələlərlə bağlı razılaşma əldə olunarsa, bütövlükdə Xəzər regionu və Cənubi Qafqaz üçün geosiyasi və geoiqtisadi əhəmiyyət kəsb edən ciddi dönüş baş verə bilər.
Ən başlıcası, prezident Berdiməhəmmədovun Bakıya gəlişi Azərbaycanla Türkmənistan arasında 25 ildir davam edən fikir ayrılığının aradan qalxmasına yaxşı imkan yaradır. Söhbət, ilk növbədə, iki ölkə arasında "Kəpəz" (Türkmənistan ona "Sərdar" adını verib) neft yatağı ilə bağlı mübahisənin aradan qalxmasından gedir. Azərbaycan kompromis variant kimi "Kəpəz"in birgə işlənməsini təklif etsə də, rəsmi Aşqabad buna razı olmayıb və həmin yatağın Türkmənistan ərazisinə düşdüyünü iddia edib. Halbuki, "Kəpəz" yatağı 1988-ci ildə Azərbaycan neftçi-geoloqları tərəfindən kəşf edilib. BMT Nizamnaməsinin 38-ci maddəsinə və Beynəlxalq Dəniz Konvensiyasına görə, dənizdəki yataqlar onu kəşf edən dövlətə məxsusdur. Bu baxımdan 80 milyon ton neft və 32 milyard kubmetr təbii qaz ehtiyatına malik "Kəpəz" yatağı ilə bağlı anlaşmanın əldə olunması çox vacibdir.
Q.Berdiməhəmmədovun Azərbaycana səfəri Türkmənistanın mövqeyində dəyişiklik kimi qiymətləndirilir. Hətta Bakıdakı danışıqlardan sonra Türkmənistan qazının Xəzər dənizinin dibi ilə Azərbaycan üzərindən Avropaya nəqlinin mümkün olacağı haqda proqnozlar səslənir.
Bütün bu deyilənlərin fonunda, Türkmənistan prezidentinin səfərindən sonra Xəzərdə mübahisəli Kəpəz yatağının taleyi aydınlaşacaqmı?
Sözügedən məsələni "Bakı-Xəbər"ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Türkmənistan prezidentinin ölkəmizə səfəri iki ölkə arasında problemlərin həllində və gələcək əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb edir: "Xəzərin hüquqi statusu və bundan qaynaqlanan "Kəpəz" yatağı üzərində Bakı və Aşqabad arasında soyuq siyasi münasibətlər davam edirdi. İki ölkə arasında ticari və iqtisadi əməkaşlıqda böyük potensial olmasına baxmayaraq, rəsmi Aşqabad məlum problemlərə görə Bakı ilə əməkdaşlıqda maraqlı deyildi. Azərbaycanın TAP və TANAP layihələrinin gerçəkləşməsi Türkmənistanın da diqqətini çəkməyə bilməzdi. Çünki türkmən qazının alıcısı olan Rusiyanın "Qazprom" şirkəti ABŞ-ın sanksiyalarından ciddi şəkildə zərər görür. Bundan əlavə, Qərb Rusiya vasitəsilə nəql olunan qaz və neftin alınmasında maraqlı deyil. Dəyişən enerji coğrafiyası, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Türkmənistanın Azərbaycanla əməkdaşlıq etməsini şərtləndirir. Türkmənistan prezidenti öz çıxışında şaxələndirilmiş enerji siyasətini vurğulamaqla, Xəzərin dibi ilə "Transxəzər" boru kəmərinin çəkilməsində və öz qazının TAP vasitəsilə Qərbə ixracında maraqlı olduğunu qeyd etdi. Ekoloji problemi önə çəkən Rusiya Xəzərin dibi ilə boru kəmərinin çəkilməsinə hər vəchlə mane olur. "Transxəzər" boru kəmərinin çəkilməsinə mane olan Rusiyanın neytrallaşdırılması, Türkiyə-Azərbaycan və Türkmənistanın ortaq müttəfiqliyi və ABŞ-ın dəstəyi ilə gerçəkləşə bilər. Ekoloji problemi önə çəkən Rusiya isə özü Qara dənizin dibi ilə "Türk axını" boru kəmərini çəkir. Rəsmi Kreml Mərkəzi Asiyanın neft və qaz ixracını nəzarətə götürməyə çalışır. Bununla Mərkəzi Asiyanı öz nəzarətində saxlamağa çalışır.
Türkmənistan Azərbaycanla əməkdaşlıqda maraqlı olarsa, "Kəpəz" yatağının birgə işlənməsinə razılıq verərsə, Qərbin dəstəyini alacaq və TAP-a qoşulmaqla, Rusiyanın inhisarından çıxmaqla öz enerji siyasətində müstəqil ola bilər. Türkmənistan prezidenti, göründüyü kimi, regionda dəyişən enerji siyasətinin fərqindədir və Azərbaycanla əməkdaşlıqda artıq öz seçimini edib. İki ölkə prezidentləri imzaladıqları sənədlərlə yeni əməkdaşlığın və strateji tərəfdaşlığın bünövrəsini qoydu. Qeyd edim ki, bundan sonra Xəzərin statusu və "Kəpəz" yatağı ətrafında mübahisələr də həll ediləcək. Çünki bu məsələlərdə ortaq məxrəcə gəlinib ki, strateji əməkdaşlıq formatının əsası qoyuldu. Artıq Azərbaycan və Türkmənistan siyasətində yeni səhifə açılır. Sonda qeyd edək ki, Türkmənistanın Azərbaycanla əlaqələrinin bərpa olunmasında Türkiyənin mühüm rolu oldu. İran indiyə kimi ciddi şəkildə Türkmənistana təzyiq edərək, Azərbaycanla əməkdaşlığa imkan vermirdi. Xəzərin statusunda İran və Türkmənistan Azərbaycanla razılaşmırdı. Bundan sonra İran öz iddiasında təkləndi".
Vidadi ORDAHALLI