Mülki insanların, o cümlədən uşaqların hədəfə alınması və qətlə yetirilməsi məqsədi daşıyan qəddar əməllər Ermənistanın siyasi-hərbi rəhbərliyinin yürütdüyü dövlət terrorizm siyasətidir. Bunu baki-xeber.com-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti şərh edərkən deyib.
XİN rəsmisi bildirib ki, Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca yaşayış məntəqələrini atəşə tutması və mülki insanları qəsdən hədəfə alması kimi əməllərinin nəticəsində 7 avqustda Tovuz rayonunun Qaralar kəndinin sakini, 13 yaşlı Yusifov Ramin xəsarətlər alıb: "4 iyul tarixində isə Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini ağır silahlardan hədəfli şəkildə və qəsdən atəşə tutması nəticəsində 51 yaşlı Allahverdiyeva Sahibə və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhra qətlə yetirildi, 52 yaşlı Quliyeva Sərvinaz isə ağır yaralandı. Ermənistanın bu vəhşiliyinin, xüsusilə azyaşlı uşağı və qadınları hədəfə almasının beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə pislənməsinə baxmayaraq, Ermənistan bu çirkin əməllərindən nəticə çıxarmayaraq 7 avqustda 13 yaşı Yusifov Raminin yaralanması ilə nəticələnən növbəti barbar əməli törətdi".
H.Hacıyev qeyd edib ki, 25 ildən artıq dövr ərzində Ermənistanın Azərbaycana qarşı apardığı müharibə nəticəsində Ermənistan tərəfindən çoxsaylı hərbi cinayətlər, soyqırım və bəşəriyyət əleyhinə cinayət əməlləri törədilib: "Xocalı soyqırımı bunun ən dəhşətli və qanlı nümunələrindən biridir. 2016-cı ilin aprelində Ermənistan rəhbərliyinin törətdiyi hərbi avantüra nəticəsində cəbhə xətti boyunca 34 mülki şəxs yaralandı, aralarında uşaq olmaqla 6 nəfər həlak oldu. Mülki Azərbaycan əhalisinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan silahlı qüvvələri əks-həmlə tədbirləri həyata keçirdi, atəş məntəqələrini susdurdu və işğal altında olan bir sıra strateji məntəqələri işğaldan azad etdi. Ermənistanın yenilənmiş hərbi doktrinasında cəbhə xətti boyunca asimmetrik hücumların həyata keçirilməsi və bu xüsusda mülki insanların və obyektlərin hədəfə alınması artıq açıq şəkildə təsbit olunub. Ermənistana münasibətdə hökm sürən cəzasızlığın nəticəsidir ki, Ermənistanın hərbi rəhbərliyi mülki insanlar və mülki obyektlərin hədəfə alınmasından çəkinmədiklərini etiraf edən bəyanatlarla çıxış edirlər".
XİN rəsmisi deyib ki, Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cı il Cenevrə Konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın tələblərinin ciddi şəkildə pozulmasıdır: "Müasir beynəlxalq hüquqa əsasən bu əməllərə görə bir dövlət olaraq Ermənistan Respublikası ilə bərabər, Ermənistanın siyasi-hərbi rəhbərliyində olan şəxslər də bilavasitə məsuliyyət daşıyırlar. Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu danışıqlar prosesinə ciddi maneədir, hərbi risklərin və gərginliyin yaranmasının əsas səbəbidir. İşğala əsaslanan qəbuledilməz və qeyri-davamlı status-kvonun dəyişdirilməsi üçün ilk növbədə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin olunmalıdır. 26 iyul tarixində Xarici İşlər və Müdafiə Nazirlikləri Ermənistanın təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca sistematik şəkildə atəşkəsi pozması, təxribatlar törətməsi və qəsdən yaşayış məntəqələrini və mülki insanları hədəfə alması barədə Ermənistana xəbərdarlıq məqsədi daşıyan birgə bəyanatla çıxış etdilər. Bir daha bəyan edirik ki, Ermənistanın törətdiyi təxribat və hücumların qarşısını almaq üçün Azərbaycanın atmalı olacağı addımların məsuliyyəti tam şəkildə Ermənistanın üzərinə düşür".
Avroparlamentin üzvü BMT və Aİ-ni ermənilərin mülki azərbaycanlılara hücumuna biganə qalmamağa çağırdı
Beynəlxalq ictimaiyyət, ilk növbədə BMT və Avropa İttifaqı (Aİ) Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağda baş verən beynəlxalq hüquq pozuntularına biganə qalmamalıdır. Bunu "Trend"ə Avropa Parlamentinin üzvü, sloveniyalı deputat İvo Vayql deyib.
O deyib: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz, amma diplomatik laqeydlik və passivlik beynəlxalq hüquq prinsiplərinə əsaslanan dinc nizamlanmaya gətirib çıxarmır. Bu cür həll yolu tapılmayanadək dinc sakinlər arasında ölüm halları davam edəcək".
"Ermənilər tarix boyu dinc azərbaycanlılara qarşı qırğınlar törədib"
Ermənilərin Tovuz rayonunun Qaralar kəndini atəşə tutması nəticəsində 13 yaşlı kənd sakini Ramin Yusifovun ağır qəlpə yaraları alması ermənilərin xalqımıza qarşı tarix boyu həyata keçirdiyi təxribat hərəkətlərinin davamıdır. Bunu agentliyə Milli Məclisin deputatı Elman Məmmədov deyib.
E.Məmmədov bildirib ki, ermənilərin dinc sakinlərimizə qarşı silahdan istifadə etməsi birinci hal deyil: "Ermənilər həmişə dinc azərbaycanlılara qarşı kütləvi soyqırımlar həyata keçirərək körpə uşaqları, qadınları, qocaları qətlə yetiriblər. Onların xalqımıza qarşı terror siyasəti bu gün də davam edir. Son 2-3 ildə ermənilər nə qədər körpə uşaqlarımızı, dinc insanlarımızı qətlə yetirib, evləri dağıdıblar. Niyə bunun qarşısı alınmır?"
E.Məmmədov vurğulayıb ki, bu günə qədər ermənilərin törətdiyi təxribatlarla bağlı nə beynəlxalq təşkilatlar, nə də böyük dövlətlər sərt reaksiya verib: "Əksinə, erməniləri qoruyurlar. XX əsrin sonlarında ermənilər Xocalı soyqırımını törətdilər, 613 nəfər dinc insan qətlə yetirildi, Qaradağlıda və başqa yerlərdə də soyqırımlar törətdilər. Buna görə ermənilərə bir cəza tətbiq olundumu? Xeyr. 25 ildən çoxdur ki, bir milyondan artıq insanımız qaçqın və məcburi köçkün vəziyyətindədir, torpaqlarımız işğal altındadır. Buna görə ermənilərə qarşı sanksiya tətbiq olunubmu? Xeyr. Ermənilər də bu cəzasızlıqdan ruhlanırlar, havadarlarına arxayın olurlar və təxribat əməllərini artırırlar. Biz gözləsək ki, hansısa beynəlxalq təşkilat ermənilərin bu əməllərinin qarşısını alacaq, bu sadəlövhlük olardı. Ermənilərə qarşı cəza tədbiri görəcək yeganə qüvvə Azərbaycan ordusudur".
Moldovalı siyasi xadim Minsk Qrupunu dinc azərbaycanlıların atəşə tutulmasına görə Ermənistana xəbərdarlıq etməyə çağırdı
Aureliya Qriqoriu: "...Ermənistan rəhbərliyi cinayət məsuliyyətinə cəlb edilməlidir"
Azərbaycanın dinc sakinlərinin atəşə tutulması ilə əlaqədar Ermənistan rəhbəriyi cinayət məsuliyyətinə cəlb edilməlidir. Bunu isə Moldova İctimai Palatasının sədri, siyasi xadim Aureliya Qriqoriu deyib.
O deyib: "Hesab edirəm ki, ilk növbədə ATƏT-in Minsk qrupu hadisəyə münasibət bildirməli və bu addımları pisləməlidir. Onlar atəşkəs rejimini pozan tərəfə xəbərdarlıq etməlidirlər. Dünya ictimaiyyəti bu hadisəni pisləməlidir. Dinc sakinlərin atəşə tutulması kimi hadisələr dünya ictimaiyyətinin diqqətindən kənarda qalmamalıdır".
A.Qriqoriu qeyd edib ki, bu cür hüquqazidd əməlləri törədənlər beynəlxalq cinayət məsuliyyətinə cəlb edilməlidir: "Ermənistan rəhbərliyi törədilən bu hadisəyə görə cinayət məsuliyyətinə cəlb olunmalıdır. Çünki Ermənistan silahlı qüvvələri bu cür əməlləri yalnız komandanın icazəsi ilə həyata keçirə bilər".
Fransalı senator: "Ermənistana sanksiyalar tətbiq etmək lazımdır"
Ermənistanın Azərbaycana qarşı təcavüzünü qəti şəkildə pisləmək və bu ölkəyə qarşı sanksiyalar tətbiq etmək lazımdır. Bu sözlər fransalı senator, Senatın xarici işlər üzrə komitəsinin sədr müavini Natali Quleyə aiddir.
O qeyd edib ki, dinc sakinlər arasında ölüm halları bir çox münaqişələr zamanı hər gün qeydə alınır: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də onlardan biridir. Bu artıq dözülməzdir. Sülh prosesini başlamaq və atəşkəs rejiminin saxlanması üçün beynəlxalq qüvvələri cəlb etmək lazımdır. Dünya ictimaiyyəti bu məsələdə ciddi iradə nümayiş etdirməlidir. Bizə Cənubi Qafqazda növbəti müharibə lazım deyil".
Bir çox beynəlxalq təşkilatın Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını tanıdığını xatırladan N.Qule deyib ki, Rusiyaya qarşı sanksiyalar tətbiq etmiş ABŞ prezidenti Donald Tramp işğalın qurbanı olan Azərbaycanın tərəfində olmalıdır.
Ermənistanın dinc insanlara qarşı təxribatının əsas hədəfi - danışıqları pozmaq və münaqişənin həllini uzatmaq...
Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunun Qaralar kəndini atəşə tutması nəticəsində 13 yaşlı kənd sakini Ramin Yusifovun ağır qəlpə yaraları alması ermənilər tərəfindən məqsədli şəkildə həyata keçirilən təxribatdır. Bunu isə Milli Məclisin deputatı Rövşən Rzayev deyib.
Deputat qeyd edib ki, Ermənistan bu təxribatı həyata keçirməkdə iki məqsəd güdür: "Birinci məqsəd danışıqlar prosesini pozmaq və münaqişənin həllini uzatmaqdır. Digər tərəfdən, qoşunların təmas xəttində deyil, sərhəd zonasında təxribat törətməklə ermənilər çalışırlar ki, Azərbaycan Ordusu bu təxribatlara cavab versin. Ermənilər bu cür təxribatları Dağlıq Qarabağ bölgəsində törətməklə bərabər, Azərbaycanın digər bölgələrində də edirlər ki, bu da beynəlxalq prinsiplərə tamamilə ziddir".
Deputat bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri passiv siyasətdən aktiv siyasətə keçməlidir ki, bu cür təxribatlara yol verilməsin və dinc sakinlər bu cür hadisələrin qurbanı olmasın.
Dövlət Komitəsi Ermənistanın son təxribatı ilə bağlı bəyanat yayıb
Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi Ermənistanın son təxribatı ilə bağlı bəyanat yayıb. Komitədən "Trend"ə verilən məlumata görə, bəyanatda bildirilir ki, 1994-cü ildən atəşkəs rejiminin elan olunmasına baxmayaraq, bu müddət ərzində Ermənistan dəfələrlə Azərbaycanın mülki əhalisinə və mülki obyektlərinə birbaşa və qəsdən hücum edib, qadınları, uşaqları amansızlıqla qətlə yetirib:
"Ötən dövrdə 33 uşaq erməni terrorunun qurbanı oldu. Onlardan on dördü həlak olub, on doqquzu isə yaralanıb. Çox təəssüflər olsun ki, bu gün həmin uşaqların sırasına yaralanan Yusifov Ramil də əlavə olundu. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonunun Qaralar kəndinin mülki əhalisini atəşə tutması nəticəsində 2004-cü il təvəllüdlü Yusifov Ramil Sabir oğlu ağır yaralanıb. Bu bir daha vandalizm aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətini sübut edir. Biz növbəti dəfə hüquqi normalara riayət edilməsi, beynəlxalq sülhün və təhlükəsizliyin müdafiə edilməsi, Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə, Avropa Şurasının, ATƏT-in, digər beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərə əməl edilməsi və Ermənistanın işğalçı siyasətinin dayandırılması üçün beynəlxalq təşkilatlara və dünya ölkələrinə müraciət edirik. Biz bir daha dünya ictimaiyyətinin bu hərbi münaqişənin ədalətli həllinə diqqət yetirmələrini tələb edirik".
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca yaşayış məntəqələrini atəşə tutması və mülki insanları qəsdən hədəfə alması əməllərinin nəticəsində avqustun 7-də Tovuz rayonu Qaralar kəndinin sakini 13 yaşlı Ramin Yusifov qəlpə xəsarətləri alıb.