Vüqar Qədirov: "Bu səbəbdən də onun nəyəsə zəmanət verə biləcəyi absurd görünür"
ABŞ-ın Rusiyaya qarşı qəbul etdiyi sanksiyalar təkcə bu ölkəyə deyil, həm də Ermənistana ünvanlanıb. Bu haqda müsahibəsində Atlantika Şurasının analitiki Con Herbst bildirib. Herbst Rusiya iqtisadiyyatında baş verəcək qaçılmaz böhranın eyni zamanda yeni sanksiyaların tətbiq edilməsini izləyəcəyini bildirməklə yanaşı, bu prosesin bilavasitə Ermənistan iqtisadiyyatına təsir edəcəyini qeyd edib.
"Ermənistan, Qazaxıstan və Avrasiya İqtisadi Birliyinin digər üzvləri üçün mənfi nəticələrin öncədən düşünülməməsi mümkündür və bu üzücüdür". Erməni politoloq Gevorq Melikyanın sözlərinə görə, Ermənistan Rusiya iqtisadiyyatından asılıdır və rus iqtisadi böhranının mənfi təsirləri bu ölkə üçün qaçılmazdır.
"İdxal məsələləri və transferlər haqqında danışarkən bu prosesin Ermənistana birbaşa təsiri var" - Melikyan deyib.
Daha bir erməni politoloq Suren Sarkisyan da sanksiyaların Rusiyaya qarşı qəbul olunmasına baxmayaraq, bu qərarın Ermənistana da təsir edəcəyinə əmin olduğunu söyləyib: "Sanksiyalar Ermənistana birbaşa təsir göstərməsə də, Rusiya üçün birinci iqtisadi tərəfdaş olan Ermənistana bilavasitə təsirləri olacaq".
Pentaqonun keçmiş analitiki, Amerika Sahibkarlıq İnstitutunun baş mütəxəssisi Maykl Rubin də deyilənləri təsdiqləyib və Ermənistan üçün daha dəhşətli proqnoz verib. O qeyd edib ki, qəbul edilən sanksiyalar əsasən Rusiyanın neft sənayesi sahələrinə aiddir.
Analitik prosesin bilavasitə Ermənistana təsiretmə imkanları ilə yanaşı, onun daha dəhşətli nəticələrə gətirib çıxarmasını vurğulayıb. "ABŞ və Rusiya arasında artan gərginlik Cənubi Qafqazda heç bir ölkənin maraqlarından ortaya çıxmayan genişmiqyaslı ticarət müharibəsinə çevrilə bilər".
Rubin yaranan gərginlik səbəbilə Rusiyanın öz blokunda olan ölkələrdən Qərblə əlaqələrini məhdudlaşdırmağı tələb edəcəyini diqqətə çatdırıb. "Belə ki, Rusiya qonşularından onun apardığı siyasəti izləməyi və bu yöndə istiqamətlənməyi tələb edə bilər. Bu halda, Ermənistan özünü çətin vəziyyətdə tapa bilər".
Həmçinin bildirilir ki, ABŞ-da olan nüfuzlu erməni lobbisi zəmanət verməyə çalışır ki, ABŞ sanksiyalarının Ermənistana təsiri olmayacaq. Erməni lobbisi bu zəmanəti verə biləcəkmi?
Ekspert Vüqar Qədirov qəzetimizə bildirdi ki, erməni lobbisinin ABŞ siyasətinə təsir imkanları əvvəlki həddə deyil: "Bilirsiniz ki, ABŞ-dakı erməni lobbisi bütün gücü ilə Trampın prezident seçilməsinə qarşı çıxdı. Ancaq nəticə onların istədiyi kimi olmadı. ABŞ-ın yeni administrasiyası dönəmində erməni lobbisinin öz qınına çəkildiyi nəzərə çarpır. ABŞ-ın Rusiyaya qarşı tətbiq edəcəyi sanksiyalarla bağlı zəmanətə gəldikdə isə, lobbi belə rəyi vermək gücündə deyil. Çünki həmin sanksiyalar Rusiyaya tətbiq edilir və erməni lobbisinin prosesə təsir imkanının olduğunu iddia etmək gülməli görünər. ABŞ bu addımı çox düşündükdən sonra atır və dünyanın ən böyük dövlətilə baş-başa gəlir. Bu məsələdə erməni faktoru çox kiçikdir. Sanksiyalar iqtisadi sahəni əhatə etdiyi üçün, Ermənistana da təsirsiz ötüşməyəcək. Çünki Ermənistan, faktiki olaraq, sözdə ayrı olsa da, Rusiyanın bir əyalətidir. Avrasiya İqtisadi İttifaqında təmsil olunan bir ölkə kimi həmin sanksiyaların Ermənistana və Rusiyanın digər müttəfiqlərinə mütləq mənfi təsiri olacaq. Bir daha vurğulayıram ki, erməni lobbisi bu məsələyə heç bir təsir imkanına malik deyil. Bu səbəbdən də onun nəyəsə zəmanət verə biləcəyi absurd görünür".
Məhəmmədəli QƏRİBLİ