Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması problemin hərb yolu ilə çözülməsi ehtimalını hər keçən gün daha da artırır. Hesab edilir ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri yaxın tezlikdə məsələ ilə bağlı artıq nəticə verən konkret addımlar atmasa, yeni müharibənin başlanması qaçılmaz olacaq. Çünki Azərbaycan mövcud status-kvonun davam etməsini istəmir və Ermənistana da bu xüsusda istəyinə nail olmasına imkan verməyəcək. Məsələyə bu rakursdan nəzər salan Rusiyadakı MDB İnstitutunun direktor müavini, hərbi məsələlər üzrə ekspert Vladimir Yevseyev də müharibə ehtimalının gedərək artdığını vurğulayır.
Yevseyev hesab edir ki, Qarabağ məsələsinin sülh yolu ilə çözümünə ümidlər gedərək azalır və savaş daha sürətlə yaxınlaşır: "Mən vaxtaşırı olaraq müxtəlif münaqişə zonalarında oluram: Əfqanıstanda, Pakistanda, Suriyada... Müntəzəm olaraq Qarabağa gedirəm. Məndə Qarabağda müharibə olacağı hissi daha böyükdür, nəinki Şimali Koreyada". Bu mövqe ABŞ-ın özəl kəşfiyyat araşdırmaları mərkəzi sayılan "Stratfor"un Qarabağla son məruzəsində də təsdiq olunur. "Stratfor" bildirir ki, Azərbaycan münaqişənin nizamlanmasından ümidini üzüb silahlanmanı davam etdirir, öz arsenalını gücləndirir: "Azərbaycan Rusiya və İsraildən milyardlarla dollarlıq silah alır. Ermənistan isə münaqişəyə görə getdikcə daha çox təcrid vəziyyətinə düşür. Hələ ötən ilin aprelində olan dördgünlük müharibə Rusiyanın dəstəyinin hüdudlarını göstərdi, İrəvanın Moskvanın dəstəyi məsələsində ümidləri doğrulmadı. Azərbaycan regionda Rusiyanın əsas tərəfdaşı olmaq məsələsində Ermənistanı sıxışdırdıqca İrəvanda narahatlıq artır ki, Moskva Dağlıq Qarabağ üzərində nəzarəti Bakıya verə bilər. Buna cavab olaraq Ermənistan özünün xarici siyasətini şaxələndirmək üzərində işləyir, Avropa İttifaqı ilə sıx əlaqələr yaratmağa çalışır. NATO ilə əməkdaşlığı genişləndirir. Amma bunun əvəzində İrəvan Moskvadan daha sərt zərbələr ala bilər". Təşkilat xüsusi olaraq vurğulayır ki, Qarabağda yeni müharibə risqi heç vaxt olmadığı qədər yüksəkdir.
Müharibənin qarşısını almağın yeganə yolu isə İrəvanın danışıqlar masasında Azərbaycanla razılığa gəlməsidir. Rəsmi Bakı əslində proseslərin məhz bu istiqamətdə inkişaf etməsini istəyir. Amma Ermənistanın təcavüzkar siyasətini davam etdirməsi Azərbaycana hərb variantından başqa seçim imkanı qoymur. Siyasi təhlilçilər hesab edir ki, yeni savaşın başlaması əslində konfliktin çözümündə vasitəçilik edən ölkələrin özləri üçün də ciddi mənfi nəticələrə, itkilərə gətirib çıxara bilər. Məhz bu səbəbdən onlar münaqişənin dinc müstəvidə nizamlanması üçün daha çevik fəaliyyətə başlamalıdırlar. Bunun səbəbini ukraynalı ekspert, Ukrayna İqtisadi Elmlər Akademiyasının prezidenti Anatoli Peşko belə izah edir: "Dağlıq Qarabağda münaqişənin alovlanması qlobal müharibəyə gətirib çıxara bilər. Axı, Dağlıq Qarabağ ətrafında mübahisələr təsadüfi deyil. Münaqişə qlobal hökmranlıq əldə etmək istəyən ölkələr tərəfindən yaradılıb". Onun sözlərinə görə, münaqişə zonalarında zərgər dəqiqliyi ilə siyasət yürütmək lazımdır: "Hazırda Rusiya və Birləşmiş Ştatlar arasında ciddi mübarizə gedir və Qarabağda vəziyyət kəskinləşərsə, maraqlı tərəflər burada sərt şəkildə toqquşacaq. Ümumiyyətlə, diqqət yetirin: Rusiya ilə həmsərhəd bir çox ölkələrdə hərbi münaqişələr yaranıb. Bu da təsadüfi deyil. Xalqlara məşəqqətlər gətirmiş "ərəb baharı" kimi. Bu mənada aydındır ki, ən pis sülh belə ən yaxşı müharibədən yaxşıdır. Hər hansı münaqişəni sülh yolu ilə tənzimləməyə ən kiçicik belə imkan varsa, danışıqlara getmək lazımdır. Minsk formatı ideal deyil, lakin mən xalqların əzab çəkməməsi naminə ölkələr arasında istənilən qarşılıqlı əlaqə variantını üstün tuturam. Yaxşı olardı ki, toplar deyil, insanlar danışsın. Həmişə istənilən, hətta ən az nəzərə çarpan təmas nöqtələrini axtarıb tapmaq lazımdır. Uinston Çörçill deyirdi ki, bütün müharibələr danışıqlar masası arxasında başlayır və elə orada da bitir. Ölkələr və xalqlar nə qədər düşmənçilik etsələr də, son nəticədə gec, ya tez sülh bərqərar olur". Amma o da aydındır ki, sülhün dinc yolla bərqərar olması indiki vəziyyətdə daha çox Ermənistandan asılıdır. Məhz Ermənistan könüllü şəkildə zəbt etdiyi ərazilərdən qoşunlarını çıxarsa, Qarabağ məsələsi də sülh yolu ilə çözümünü tapa bilər. Əks halda Azərbaycan bunu müharibə vasitəsilə etmək məcburiyyətindədir. Elə rusiyalı hərbi ekspert Aleksandr Qolts da bu mövqeni bölüşərək vurğulayır ki, nə qədər ki, bu münaqişə "nə hərb, nə sülh" mərhələsindədir, qurbanlardan yayınmaq çətin olacaq: "Hələlik Qarabağ münaqişəsinin siyasi, güzəştlər yolu ilə həll ediləcəyinə dair heç bir əlamət görünmür. Münaqişənin dondurulmuş vəziyyətdən genişmiqyaslı müharibəyə çevrilmə ehtimalı günbəgün artır".
Beləliklə, münaqişəni kənardan seyr edən xarici politoloqların, araşdırma mərkəzlərinin gəldiyi yekun qənaət bunu göstərir ki, Qarabağda müharibə ehtimalı əvvəlki dövrlərlə müqayisədə indi daha yüksəkdir. Digər tərəfdən o da açıq etiraf olunur ki, Azərbaycan hərbi cəhətdən Ermənistandan çox-çox yüksəkdədir. Bu isə o deməkdir ki, müharibənin yenilənməsi halında Ermənistan daha böyük zərbə alacaq, daha çox itkilərə məruz qalacaq. Elə bu səbəbdən hesab edilir ki, münaqişənin dinc yolla həllini tapması, əslində, Ermənistan üçün daha çox sərfəlidir. Amma Ermənistanda hakimiyyət başında olan hərbi xunta hələ də bu reallığı qəbul etmək istəmir. Bu fonda dünya miqyasında belə bir fikir də qəti şəkildə möhkəmlənir ki, Qafqazda, konkret olaraq Dağlıq Qarabağ münaqişəsi ətrafında sülh prosesini əngəlləyən əsas tərəf də məhz Ermənistandır. Təbii ki, Ermənistanın bu imicinin formalaşmasında Azərbaycanın diplomatik gedişləri də mühüm rol oynayıb. İndi hesab edilir ki, dünya təcavüzkar Ermənistanın işğal siyasətinə son qoyulması və Qarabağ münaqişəsinin hərbi yolla həllinin qarşısının alınması üçün bu ölkəyə qarşı sərt addımlar atmalıdır. Bunun çox önəmli olduğunu beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut da təsdiq edir: "Ermənistan Azərbaycan ərazisinin 20 faizini, o cümlədən Dağlıq Qarabağı və ona bitişik 7 rayonu işğal etmiş təcavüzkar dövlətdir. Ermənistan tərəfindən törədilmiş işğal və etnik təmizləmə nəticəsində bu gün Azərbaycanda bir milyon qaçqın yaşayır. Ən qorxulu və əxlaqa sığışmayan fakt odur ki, Xocalı vəhşiliyinin ideoloqları, təşkilatçıları və günahkarları - Ermənistanın indiki prezidenti Serj Sarkisyan, sabiq müdafiə naziri Seyran Ohanyan, sabiq prezidenti Robert Köçəryan və başqaları bu gün Ermənistanda yüksək vəzifələr tutmaqda davam edir. Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı cinayətdir. Bu tarixi faktdır ki, erməni silahlı qüvvələri və muzdlu dəstələri şəhəri və onun ətraflarını tərk etməyə macal tapmayan Xocalı sakinlərinə aman verməyib". Ekspert xatırladır ki, indinin özündə də Ermənistanın işğal siyasətini davam etdirməsi ilə bağlı olaraq cəbhədə atəşkəs yenə intensiv qaydada pozulur, təxribatlar törədilir. Nəticədə, hərbçilərlə yanaşı, mülki şəxslər arasında da itkilər qeydə alınır. Bütün bunlara son qoymaq üçün Ermənistanın işğal altındakı ərazilərdən öz ordusunu çıxarmasının zərurilyini önə çəkən Arye Qut bildirir ki, dünya ictimaiyyəti bu məsələdə artıq qəti addım atmalıdır. O, İsrailin, eləcə də yəhudi lobbisinin prosesə öz töhfəsini verə biləcəyini də istisna etmir: "İsrail dövləti Azərbaycanın ədalətli mövqeyini müdafiə edir, ərazi bütövlüyünü fəal şəkildə dəstəkləyir və Qarabağ münaqişəsini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etməyə çağırır. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı 25 ildən çoxdur ki, davam edir. Bu təcavüz nəticəsində ölkədə bir milyondan çox qaçqın və məcburi köçkün var. İndiki mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın haqlı mövqeyinin Yaxın Şərqdə İsrail dövləti kimi mühüm strateji tərəfdaş və güclü geosiyasi aktor tərəfindən dəstəklənməsi Azərbaycan üçün çox zəruridir. Bu gün müasir Azərbaycan-İsrail münasibətləri ümumi dəyərlərə və ümumi tarixə dayanır. Sivil deyilən bir çox Avropa ölkələrindən və xalqlarından fərqli olaraq, nə azərbaycanlılar yəhudilərə, nə də yəhudilər azərbaycanlılara nə zamansa xəyanət edib". Bütün bunlar fonunda ekspert erməni işğalına son qoyulması üçün İsrailin Azərbaycanı daha sıx şəkildə dəstəkləməsinin vacibliyini ön plana çəkir.
Azərbaycan isə artıq Ermənistanın təcavüzkar dövlət olduğunu, işğal siyasətindən əl çəkməyərək ərazilərimizin bir hissəsində separatçı rejim yaratdığını bütün dünyaya çatdırıb. İndi əsas gözləntilər dünyanın, xüsusən də Minsk Qrupunun həmsədr ölkələrinin işğalçıya qarşı əməli addımlar atması ilə bağlıdır. Məhz bu vəziyyətdə Qarabağ məsələsinin dinc şəkildə həllini tapması mümkün sayılır. Digər tərəfdən Azərbaycan beynəlxalq hüquq normaları əsasında Ermənistana qarşı tədbirlər görülməsinin önəmini ön plan çəkir. Təkcə BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsi ilə bağlı məlum dörd qətnaməsi kifayətdir ki, Ermənistana qarşı sərt addımlar atılsın. Çünki İrəvan hələ də həmin qətnamələrdə göstərilən tələbləri yerinə yetirməkdən boyun qaçırır. Rəsmi Bakı onu da açıq mətnlə xüsusi olaraq vurğulayır ki, beynəlxalq müstəvidə Ermənistanın işğal siyasətinə son qoyulması üçün təsirli tədbirlər görülməsə, müharibə qaçılmazdır. Müharibənin başlanması və onun nəticələrinə görə bütün məsuliyyət isə Ermənistanın və onun havadarlarının üzərinə düşür. Özü də Azərbaycan artıq məsələnin həllinin yenidən bir neçə ilə uzanmasını istəmir. Bu səbəbdən Ermənistanın işğal siyasətinə son qoyulması üçün yaxın tezlikdə dünya ictimaiyyəti tərəfindən qətiyyətli addımlar atılmasa, Qarabağ uğrunda növbəti savaşın başlanmasına şahidlik etmək olar.
Nahid SALAYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.