Qulu İsmayılov: "Bunun fonunda İranın qarşısına dolayısı ilə hansısa şərt qoymaq ümumiyyətlə məntiqdən uzaqdır"
Məlum olduğu kimi, Ermənistan prezidenti Serj Sarkisyanın bu günlərdə İrana səfəri reallaşacaq. Onun yeni seçilmiş İran prezidentinin inauqurasiya mərasimində iştirakı gözlənir. Səfər ərəfəsində Sarkisyan İranın İRNA agentliyinə müsahibə verib və həmin ölkəni şirnikləndirici vədlərlə özünə cəlb etməyi hədəfləyib.
Sarkisyan bu xüsusda İran qarşısına şərt qoymağı da unutmayıb. Bildirib ki, onlar İranın Ermənistanın da üzv olduğu Avrasiya İttifaqına daxil olan ölkələrlə əlaqəsini təmin edə bilərlər: "Bunun üçün Ermənistanın Sunik vilayətilə İran arasında azad iqtisadi zonanın qurulması vacibdir. Biz bu istiqamətdə İran rəhbərliyilə bir neçə danışıq aparmışıq".
Ermənistanın İranı Avrasiya İttifaqı ilə şirnikləndirmək cəhdi nəyə hesablanıb?
İqtisadçı Qulu İsmayılov qəzetimizə bildirdi ki, Ermənistanın bu cür məsələlərdə İranı aldada bilməsi mümkünsüzdür: "Bilirsiniz ki, İran özünə sərf edən proseslərə dərhal qoşulur. Hətta yeri gələndə həmin istiqamətdə sona qədər mübarizə aparır. Son vaxtlar isə görürük ki, əli hər yerdən üzülən Ermənistan onu müxtəlif layihələr adı ilə özünə cəlb etmək istəyir. Həmin layihələrdən heç biri reallaşmayıb. Ermənistanın son təklifinə gəlincə isə, onu deyə bilərik ki, İran hələ də Ermənistanla azad iqtisadi zonanı qurmaqda maraqlı görünmür. Müxtəlif siyasi səbəblərə görə İran Ermənistana qucaq açır, ancaq bu heç də o anlama gəlmir ki, onun çaldığı hava ilə oynayır. Avrasiya İttifaqına hələ Ermənistanın özü sözdə qoşulub. Həmin ölkələrlə Ermənistan arasında ticarət dövriyyəsi, demək olar ki, yox səviyyəsindədir. Ermənistanın Avrasiya İttifaqına üzv olan ölkələrin heç birilə birbaşa sərhədi yoxdursa, o necə İrana sarvanlıq edə bilər? Avrasiya İttifaqına aid olan ölkələrə birbaşa ən əlverişli çıxış elə İranın özünə aiddir. Onun Rusiya, Qazaxıstanla birbaşa, vasitəçi və tranzit olmadan əlaqə saxlamaq imkanları mövcuddur. İranın ayrılıqda Avrasiya İttifaqına üzv olan ölkələrlə ticarət dövriyyəsi və münasibətləri Ermənistandan çoxdursa, onda Ermənistan nəyə lazımdır? Bu doğrudan da gülməli təklifdir. Hətta bunun fonunda İranın qarşısına dolayısı ilə hansısa şərt qoymaq ümumiyyətlə məntiqdən uzaqdır".
Məhəmmədəli QƏRİBLİ