İndiki Ermənistan cəmiyyətində kifayət qədər qorxu və əndişə ilə qarşılanan hallardan biri də Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlana biləcəyi ilə bağlıdır. Çünki münaqişənin həllinin hərb müstəvisinə keçməsi halında ermənilər daha böyük itkilərə məruz qalacaqlarını, həm də Azərbaycanın zərbələri qarşısında duruş gətirmək imkanında olmadıqlarını yaxşı bilirlər. Elə bu səbəbdən indi erməni tərəfi bütün hamilərinə minnətçi düşüb ki, Azərbaycan Qarabağ konfliktini hərbi yolla həll etməsin. Amma rəsmi Bakı dəfələrlə xəbərdarlıq edib ki, problemin güc yolu ilə çözüm variantı masa üzərinədədir və istənilən an işə salına bilər.
Ermənilər isə hələ ötən ilin aprelindən yaxşı bilirlər ki, Azərbaycan güc variantından istifadə etmək niyyətinə düşsə, heç kimdən çəkinməyərək bunu edəcək. Belə vəziyyət erməni ordusunun Azərbaycan silahlı qüvvələri qarşısında tab gətirə bilməyəcəyinə də hər ötən gün ermənilər özləri belə daha qəti surətdə əmin olurlar. Çünki ötən dövr ərzində Azərbaycan hərbi cəhətdən də kifayət qədər gücləndiyi halda, Ermənistanda bunun tamam əksi müşahidə olunub. Ölkənin silahlı qüvvələrində vəziyyət daha da pisləşib, ordunun döyüş qabiliyyəti həddən artıq zəifləyib. Bu xüsusda elə ermənilərin özlərinin təqdim etdiyi kifayət qədər faktlar var. Qeyd edilənlərlə əlaqədar erməni jurnalist Tevos Arşakyanın apardığı araşdırma düşmən ordusunda vəziyyətin gedərək daha da pisləşdiyini aydın surətdə əks etdirir.
Onun araşdırmalarından belə bəlli olur ki, son illərdə hərbi komissarlıqlar orduya çağırışla bağlı ciddi çətinliklərlə üzləşib: "Respublika çağırış komissiyasındakı mənbədən əldə etdiyimiz məxfi informasiyaya görə, son dövrlər saxta sağlamlıq vəziyyətinə görə orduya getməyənlərin sayı artmaqla yanaşı, hərbi xidmətə getməmək üçün ölkədən qaçan gənclərin də sayı sürətlə çoxalır. Bu yaxınlarda deputat Aram Manukyan bildirdi ki, bu ilin başlanğıcında orduda xidmətdən xilas olmaq üçün 2000 insan ölkəni tərk edib. Bununla yanaşı, valideynlər böyük məbləğdə pul verərək övladlarını hərbi xidmətdən yayındırır. Bütün bunlara səbəb isə kasıbların övladlarının Qarabağa göndərilməsi və orada ölməsidir. Misal üçün, ötən ilin aprelində baş verən döyüşlərdə Qriqor Arutunyan öldü. Bundan sonra onun anası Anait Arutunyan ikinci oğlunu - Seryoja Arutunyanı hərbi xidmətə göndərməkdən imtina etdi. Çünki ailəni o dolandırır". Bundan əvvəl isə ölkədə fəaliyyət göstərən Helsinki Vətəndaş Assambleyasının yerli komitəsi də dəfələrlə bəyan edib ki, hərbi komissarlıqlar xəstə və yararsız çağırışçıları zorla hərbi xidmətə göndərir.
Bununla yanaşı, Tevos Arşakyan yazır ki, Ermənistanda orduya əsas etibarı ilə kasıbların uşaqları aparılır: "Varlıların, nazirlərin, hökumət adamlarının oğlanları küçələrdə maşın sürür, gecə klublarında əylənirlər. Kasıb ailələrin uşaqları isə Qarabağa göndərilir. Kim bunu görərək öz oğlunu orduya göndərəcək? Bəli, xəstə və kasıb olan Artunyanın rüşvət verməyə pulu yoxdur, buna görə də onun yeganə oğlunu hərbi xidmətə aparırlar". O, bu xüsusda faktların sayının kifayət qədər çox olduğunu da ayrıca qeyd edir. Tevos Arşakyan onu da bildirir ki, qeyri-döyüş şəraitində həlak olan hərbçilərin sayının sürətlə artması orduda idarəçiliyin daha da pisləşdiyini göstərir. Yeri gəlmişkən qeyd edək ki, qeyri-döyüş şəraitində həlak olan erməni hərbçilərinin valideynlərinin etiraz aksiyalının sayı da durmadan artır. Elə bu günlərdə İrəvanda Ermənistan ordusunun qeyri-döyüş şəraitində qətlə yetirilən əsgərlərin anası növbəti etiraz aksiyası keçirib. Ermənistan Müdafiə Nazirliyi qeyri-döyüş şəraitində ölən əsgərlərin çoxunun intihar etdiyini bildirir. Lakin valideynlər bununla razılaşmır və hesab edirlər ki, onların övladları əsas etibarı ilə yüksək rütbəli zabitlər tərəfindən qətlə yetirilib. Ölən əsgər Artur Kazaryanın anası İrina Kazaryan bildirib ki, heç kim onları qəbul etmək istəmir: "Müdafiə naziri Vigen Sarkisyan deyir ki, ona bu ölümlərlə bağlı araşdırma aparmaq səlahiyyəti verilməyib. Bəs niyə o, müdafiə naziri postunda əyləşib?!". Baş verənlər fonunda daha bir erməni jurnalist Romella Mnatsakanyan yazır ki, Ermənistan ordusunda vəziyyət həqiqətən acınacaqlıdır: "Əsgərlərin qeyri-döyüş şəraitində müəmmalı şəkildə ölməsi halları çoxalıb. Bu, müharibənin ən qorxunc nəticəsidir. Lakin müharibə başqa ölkə ilə deyil, ordunun daxilində aparılır və öldürən də, ölən də erməni əsgəridir. Prezident Serj Sarkisyan belə itkiləri gizlədərək cəmiyyəti aldatmağa çalışır. O, insanlara hər şeylə bağlı yalan danışır və onun kadrı olan Vigen Sarkisyan da məntiqi ardıcıllığa uyğun olaraq əsgər analarını qəbul etmək istəmir, onlara "bu mənim işim deyil" deyə bildirir. Bu gün orduda korrupsiyadan tutmuş, əsgərlərin təhqir olunmasına qədər bütün iyrəncliklər var. Orduya döyüşməyə gedən əsgərlər yüksək rütbəli zabitlərin düşmənçiliyi ilə qarşılaşır. Bütün əsgərlər təşviş içindədir və onların xidməti də belə başa çatır". Ölkədəki "Əsgər anaları" İctimai Birliyi və digər qeyri-hökumət təşkilatları da faktları tədqiq edərək bildirirlər ki, orduda nizam-intizam pozuntularının, fərariliyin, ölüm hallarının, digər bu kimi mənfi tendensiyaların miqyası durmadan genişlənir. Ümumiyyətlə, araşdırmalar göstərir ki, hər keçən gün Ermənistan silahlı qüvvələrində fərarilik, ölüm, döyülmə, rüşvət alma, korrupsiya, intihara cəhdetmə, intihar, təcavüz və digər nizamnamədən kənar halların sayı artır. Digər maraqlı məqam odur ki, bir çox hallarda əsgərlər hərbi əməliyyatlarda iştirak etmədiyi halda dünyasını dəyişir və bunun səbəbi Ermənistan ordusunda baş alıb gedən cinayət hallarıdır.
Beləliklə, səslənən faktlardan, göstərilən etiraflardan bir daha aydın olur ki, Ermənistan ordusunda acınacaqlı vəziyyət hökm sürür. Bu durumda düşmən ordusu həm döyüş qabiliyyətini, həm də döyüşçülərini sürətlə itirir. İndiki vəziyyətdə artıq heç kimə sirr deyil ki, İrəvandakı yüksək çinli məmurların bəyanatlarına baxmayaraq, ciddi iqtisadi böhran yaşayan Ermənistanın ordusunda acınacaqlı vəziyyət hökm sürür. İşğalçı ordunun hərbi qulluqçularının nizam-intizamı, mənəvi-psixoloji, maddi və fiziki vəziyyətinin ötən illərə nisbətən daha da pisləşdiyi haqda ortaya çıxan konkret faktlar düşmənin silahlı qüvvələrinin tənəzzüldə olduğunu üzə çıxarır. Ordunun texniki-təhcizat bazası isə, demək olar ki, yox dərəcəsindədir. Burada bir məqamı da xüsusi olaraq vurğulayaq ki, düşmən ölkə silah və texnikanı əsas etibarı ilə bir mənbədən - Rusiyadan alır. Amma maraqlı məqam odur ki, son illər Ermənistanın Rusiyadan aldığı silah və hərbi texnikanın böyük əksəriyyətinin istismar müddəti çoxdan başa çatıb. Daha bir maraqlı məqam odur ki, uzun illər öncə istehsal edilən və istifadə olunmayan, istismar müddəti bitmiş silahlar və hərbi texnika kredit yolu ilə Ermənistana verilir. Ermənistan rəsmiləri həmin texnikanın müasir olduğunu desə də faktlar bunun tam əksini göstərir. Rusiya öz forpostu olan Ermənistana ancaq köhnə silahları satır. Xatırladaq ki, bu xüsusda erməni mediası özü də dəfələrlə maraqlı faktları ictimaiyyətə təqdim edib. Məsələn, Rusiyanın hələ ötən il Ermənistana çatdırdığı "Smerç" reaktiv yaylım atəşi sistemləri və TOS-1A "Solntsepek" ağır odsaçanları indinin özündə də düşmən ölkədə mübahisə predmetidir. Məsələ ondadır ki, Ermənistana satılan "Solntsepek" 2004-cü il modifikasiyası olan 9M531 raketləri ilə təchiz olunub və T-72 tankının şassisi üzərində yığılıb. Bununla müqayisədə Azərbaycanın Rusiyadan aldığı "Solntsepek" sistemləri tamamilə yenidir və T-90 tankının bazasında yığılıb. Nəticədə çətin keçilən dağlıq ərazilərdə hərəkət etmək imkanlarına malikdir.
Ermənistana satılan "İqla-S" daşınan zenit-raket kompleksi və "Avtobaza-M" passiv radar stansiyası da 2000-ci illərin əvvəllərində istehsal olunub. Qalan silah növləri isə daha köhnədir. Məsələn, "Konkurs" tank əleyhinə kompleksləri 1974-cü ildən istismar olunur, sonuncu dəfə 1991-ci ildə modernizə olunub. Ermənistana satılan silahların içərisində Azərbaycanın Rusiyadan son illərdə aldığı "Pantsir-S" hava hücumundan müdafiə sistemləri, S-300 PMU2 "Favorit" zenit-raket kompleksləri, "Xrizantema" və "Kornet" tank əleyhinə sistemlər, "Msta-S" və "Vena" özüyeriyən artilleriya qurğuları, yaxud Mi-35 və Mi-17 vertolyotları və digərləri yoxdur. Yaxud da məlumdur ki, Rusiya son illərdə Azərbaycana 150 tank, yüzlərlə BMP-3 və BTR-80 satıb. Yəni Azərbaycan şimal ölkəsindən ən müasir silah və hərbi texnika alır. Digər tərəfdən Azərbaycan başqa ölkələrdən, məsələn Pakistandan, İsraildən, Türkiyədən və digərlərindən də ən yeni növ silahlar alır. Ermənistan isə belə imkanlardan məhrumdur. Təbii ki, bütün bunlar orduların döyüş qabiliyyəti, maddi-texniki təminatına da təsir edir. Erməni iqtidarı yaxşı bilir ki, Azərbaycan hərbçiləri əllərində olan müasir texnika ilə erməni ordusunun Qarabağda təmas xəttindən hətta ən arxada yerləşən hərbi infrastrukturunu, o cümlədən kazarmaları, silah anbarlarını, təchizat bazalarını qısa zaman kəsiyində darmadağın etmək iqtidarındadır. Elə bu səbəbdən Ermənistanda, hakimiyyət də daxil olmaqla, bütün cəmiyyət Azərbaycanla müharibənin yenidən başlamasından ciddi narahatlıq və qorxu keçirir. Amma düşmən onu da yaxşı bilir ki, işğal altındakı ərazilərin tezliklə boşaldılması prosesinə başlamasa, Azərbaycan ordusunun sərt zərbələrini görməli olacaq. Özü də bu dəfə başlanacaq hərbi əməliyyatların sonadək davam etməsi də istisna olunmur. Həmin əməliyyatların qarşısını almaq Ermənistanın hərbi gücü xaricindədir. Düşmənin güvəndiyi bir çox hamiləri isə gedərək Ermənistandan imtina edir. Çünki Ermənistan, əvvəllər olduğu kimi, indiki vəziyyətdə də kiməsə əlavə yük olmaqdan, problem yaratmaqdan başqa heç nəyə yaramır.
Nahid SALAYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.