Zakir Əhmədov: "Orada istehsal olunan ət məhsullarının əksəriyyətinə donuz piyi qatılır"
Ermənistan prezidenti Serj Sarkisyan avqustun 5-də Həsən Ruhaninin andiçmə mərasimində iştirak etmək üçün Tehrana səfər edəcək. Sarkisyan səfər ərəfəsində İRNA agentliyinə müsahibə verib. O vurğulayıb ki, Tehran və İrəvan arasında münasibətlər çoxillik tarixə malikdir.
Sarkisyanın sözlərinə görə, enerji və qaz sahəsində əməkdaşlıq təkcə iqtisadi deyil, həm də iki ölkənin enerji təhlükəsizliyi baxımından guya vacib əhəmiyyət kəsb edir. O bunu müəyyən "arqumentlərlə" əsaslandırmağa çalışıb: "Bu gün Ermənistan İranı Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələrlə əlaqələndirə bilər. Biz Aİİ çərçivəsində güzəştli ticarətlə bağlı İranla danışıqlar aparmışıq. Bu cür əməkdaşlıq İran iş adamlarına Aİİ bazarına, Birliyin üzvlərinin isə İran bazarına daxil olmasına imkan verir".
Diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, Sarkisyan "Halal standartları" ilə bağlı şirnikləndirici və eyni zamanda real görünməyən vədlər verib. Onun sözlərinə görə, sözügedən standartlara riayət olunması çərçivəsində Ermənistandan İrana bir sıra məhsullar ixrac oluna bilər. O bununla bağlı Ermənistanda mərkəzin yaradılacağını da vəd edib. Ümumilikdə bu nə dərəcədə realdır?
Məsələyə münasibət bildirən ekspert Zakir Əhmədovun sözlərinə görə, Ermənistanın bu cür vədlə çıxış etməsi absurddur: "Əvvəla Ermənistan xristian ölkəsidir. Eyni zamanda, monoetnik dövlət olan Ermənistanda müsəlman dininə ibadət edən əhali yaşamır. Orada tarixən yaşayan azərbaycanlıların sonuncu hissəsi 1988-ci ildə qovulub. Belə olan halda, əlbəttə ki, bunun reallaşmasından söhbət gedə bilməz. İran İslam Respublikası olduğundan, orada bu kimi məsələlərə xüsusi diqqət yetirilir. Ermənistanda istehsal olunan ət məhsullarının əksəriyyətinə donuz piyi qatılır. Belə ki, müsəlman ölkələrində sözügedən heyvanın məhsulundan istifadə olunması haram hesab olunur. Bu baxımdan Sarkisyanın belə yağlı vədlər verməsinə rəğmən, praktiki olaraq, bunu Ermənistanda reallaşdırmaq mümkün deyil. Ona görə də düşünmürəm ki, Ermənistanın bununla bağlı təşəbbüsü həyata keçirilsin".
Vidadi ORDAHALLI