Qabil Hüseynli: "Rusiya Ermənistana həm də kəşfiyyat məqsədilə NATO təlimlərində iştiraka icazə verir"
Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov deyib ki, Ermənistanın NATO ilə əməkdaşlığı genişləndirməsi onu göstərir ki, Yerevan iki cəbhə boyunca oynamağa çalışır.
Onun sözlərinə görə, Gürcüstanda başlayan və NATO-nun himayəsi altında keçirilən çoxmillətli hərbi təlimlərdə iştirak etməklə Ermənistan, Rusiya ilə yanaşı, Qərb koalisiyası ilə də münasibətləri qoruyub saxlamağa çalışır: "Məlumdur ki, bu gün bir çox ölkə NATO ilə əməkdaşlığı dəstəkləyir. Biz görürük ki, Gürcüstan tam şəkildə alyansın müttəfiqidir. Azərbaycan, Qazaxıstan, Belarus Qərb koalisiyası ilə sıx münasibətlər saxlayır. Bununla belə, bu ölkələrin heç biri NATO təlimlərində iştirak etmir".
S.Markov qeyd edib ki, Ermənistan isə Rusiya ilə müttəfiq olduğunu desə də, əslində, başqa siyasət, digər sözlə, NATO ilə geniş əməkdaşlıq siyasəti yeridir.
Onun sözlərinə görə, Ermənistan öz müttəfiqi qismində Rusiyadan mənafeləri üçün istifadə edir. "Bu yolla da Ermənistan rəhbərliyi nümayiş etdirir ki, onlar Rusiyanın Azərbaycanla əməkdaşlığından, xüsusilə də Rusiya silahlarının Azərbaycana satışından məmnun deyil".
Qeyd edək ki, Gürcüstanda NATO-nun "Layiqli tərəfdaş-2017" çoxmillətli hərbi təlimləri start götürüb. Bu təlimlərdə erməni hərbçiləri də iştirak edir.
Göründüyü kimi, Ermənistanın ikili oyuna girməsini sadə bir adam iddia etmir. Markov eyni zamanda Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi sayılır. Belə olan təqdirdə, Ermənistanın NATO-ya doğru reverans etməsi ilə Rusiya siyasi rəhbərliyinin də qəzəbinə tuş gəldiyini iddia etmək olarmı?
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Markovun açıqlaması ciddi mətləbdən xəbər verir: "Rusiya Ermənistanla birgə ordu yaradır. Elə bu sənədin ratifikasiya olunduğu dönəmdə ölkə NATO təlimlərinə qatılır. Təbii ki, Rusiya və NATO ölkələrin ya onların yanında, ya da önündə olmasını istəyir. Bir-birilə antoqonist mövqedə olan bu iki qüvvə ilə eyni parametrlər üzrə dostluq etmək olmaz. Ermənistan həm siyasi, həm də hərbi cəhətdən Rusiyanın patronajı altındadır. Bunu NATO gözəl bilir. Hətta Alyans onu da dərk edir ki, Rusiya Ermənistan ərazisindən Türkiyədəki NATO bazalarının önünü kəsmək üçün istifadə edir. Elə bu baxımdan da ilk sual NATO-ya verilməlidir. Ermənistanda hansı etibarlı tərəfdaş axtarır? Mən inanmıram ki, Ermənistan bu addımı Rusiyanın icazəsi olmadan atsın. Markov məsələlərə rəsmi şəxsdən daha çox siyasi ekspert kimi münasibət bildirir. Bəlkə də onun prosesin dərinliyindən xəbəri yoxdur. İstənilən halda, Rusiyadan icazəsiz Ermənistanın belə bir addım atması ona baha başa gələ bilər. Fikrimcə, Rusiya Ermənistana həm də kəşfiyyat məqsədilə NATO təlimlərində iştiraka icazə verir. Yəni NATO-nun onun sərhədləri yaxınlığında nə niyyət güddüyünü bilmək üçün".
Məhəmmədəli QƏRİBLİ