Əli Orucov: "O bu cür radikal məzmunlu açıqlamalar verməklə ictimai rəyi öz xeyrinə kökləməyə çalışır"
Dağlıq Qarabağla bağlı aparılan danışıqların dalana dirənməsi Ermənistanın yeritdiyi barışmaz aqressiv siyasətin nəticəsidir. Görünən odur ki, Sarkisyan rejimi bundan sonra da güzəştə getməyəcəyini bəyan edir.
Ötən il Sarkisyan ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələrini prezident iqamətgahına toplayaraq onların qarşısında çıxışı zamanı bildirmişdi ki, canını verər, amma Dağlıq Qarabağ məsələsində güzəştə getməz. Sarkisyan Qarabağ məsələsi haqda danışaraq "birtərəfli güzəştlərin olmayacağını" demişdi: "Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq. Bu istisnadır. Bir daha təkrar edirəm ki, istisnadır. Mən bütün şüurlu həyatımı bu problemə həsr etmişəm. Və öz xalqım üçün məqbul varianta nail olmaq üçün mən nəinki istənilən vəzifəni, öz canımı da qurban verməyə həmişə hazıram".
Ötən ay Sarkisyan keçirilən tədbirlərin birində növbəti dəfə güzəştsiz mövqe tutacağını bildirmişdi. O, 20 il keçsə belə, güzəştlərin olmayacağını demişdi. Bu arada Sarkisyan İrəvanda keçirilən növbəti tədbirlərin birində bir daha açıq şəkildə bəyan edib ki, Dağlıq Qarabağ məsələsində heç bir güzəştdən söhbət gedə bilməz.
Sözügedən məsələni "Bakı-Xəbər"ə şərh edən AMİP Siyasi Şurasının üzvü Əli Orucovun sözlərinə görə, bu, Sarkisyanın növbəti həyasızlığıdır: "Sanki Sarkisyan bəri başdan bəyan edir ki, gözlənilən danışıqlara kimsə ümid etməsin. Ermənistan tutduğu mövqedən geri çəkilməyəcək. Hesab edirəm ki, son günlər cəbhədə vəziyyətin gərginləşməsi də bunun işartısıdır. İşğalçı tərəf vəziyyəti qəsdən gərginləşdirir ki, danışıqlara kimsə ümid etməsin. Söhbət nəticəyə hesablanmış danışıqlardan gedir. Ermənistan maraqlıdır ki, uzun-uzadı, nəticəsiz danışıqlar aparılsın və bu minvalla da vaxtı uzatsın. Ancaq son dövrlər Azərbaycanın danışıqların konkret məsələlər üzrə aparılmasını tələb etməsi bir qədər fərqli mənzərə yaradıb. O səbəbdən Ermənistan bundan yayınaraq vaxtı uzadır. Digər tərəfdən, Sarkisyan bu cür radikal məzmunlu açıqlamalar verməklə ictimai rəyi öz xeyrinə kökləməyə çalışır. Gələn il Ermənistanın parlamentli respublika sisteminə keçməsi Sarkisyanın yenidən hakimiyyəti ələ keçirmək niyyətindən xəbər verir. O hesab edir ki, bu cür barışmaz mövqe sərgiləməklə parlamentdə yerlərin çoxunu ələ keçirəcək. O üzdən, son dövrlər radikal məzmunlu açıqlamaların dozasını bir az da artırır".
Vidadi ORDAHALLI