Elşən Mustafayev: "Bu layihənin "LUKoyl" üzündən sanksiyalara düşməsi Rusiyadan başqa hamıya ziyan ola bilər"
ABŞ Konqresinin Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə dair qəbul etdiyi yeni qanun layihəsi bir sıra sualların yaranmasına rəvac verib. Bəzi ABŞ ekspertləri bildirir ki, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə, o cümlədən sanksiyaların bu ölkənin energetika şirkətlərini də əhatə etməsinə dair yeni qanun layihəsi artıq Senatdan keçib.
Qanun layihəsinə əsasən, Rusiyanın energetika şirkətlərinin yer aldığı istənilən layihə ABŞ-ın sanksiyalarının təsiri altına düşəcək. Bu isə "Cənub Qaz Dəhlizi" layihəsini təhdid edir. Çünki Rusiyanın "LUKoyl" şirkəti bu layihənin tərkib hissəsi olan "Şahdəniz-2" yatağının işlənməsi üzrə konsorsiumda 10 faiz payla təmsil olunub.
Sanksiyaların "Cənub Qaz Dəhlizi" layihəsinə nə kimi təsiri ola bilər?
Beynəlxalq məsələlər üzrə ekspert Elşən Mustafayev hesab edir ki, ABŞ-ın "Cənubi Qaz Dəhlizi"nə hər hansı problem yaradacaq addım atması gözlənilən deyil: "Azərbaycanın böyük qaz layihələri əsasən Avropanın qaz təminatına hesablanaraq, Rusiyadan birbaşa qaz asılılığını azaltmağa xidmət edir və bu layihələrdə Qərbin marağı çox böyükdür. Azərbaycanın böyük layihələrində Rusiyanın payı həmişə çox az faiz olub. Qaz layihələrimizdə də, həmçinin, Rusiya az faizə malikdir. İnanmıram ki, ABŞ bu faizə görə "Cənub Qaz Dəhlizi"nə hər hansı problem yaratsın. Yox, əgər bu layihə ABŞ-ın iqtisadi maraqları çərçivəsində deyilsə, o zaman istənilən bəhanəni, o cümlədən layihənin içərisində Rusiya şirkətinin olmasını səbəb gətirərək müəyyən addımlar atma ehtimalı ola bilər. Amma bunun az ehtimalı var. Digər tərəfdən, unudulmamalıdır ki, "Şahdəniz-2" layihəsinin yüksək faizi olan əsas operatoru BP-dir və bu, BP-nin ən böyük layihəsidir. Bir məsələni unutmaq olmaz ki, ABŞ Konqresinin qəbul etdiyi sanksiyalar yalnız ABŞ şirkətlərinə şamil edilir. Avropa İttifaqı isə sanksiyalarla bağlı ayrıca qərar qəbul etməlidir ki, onlar bunu etməyəcək. Qeyd etdiyim kimi, Avropanın enerji təhlükəsizliyinə xidmət edəcək bir layihənin əleyhinə gedilməsi Aİ-nin strateji maraqlarına ziddir. Ona görə də sanksiya qəbul olunsa belə, "Şahdəniz" layihəsi ilə bağlı xüsusi müddəa öz əksini tapmayıb.
Rusiya Azərbaycandakı layihələrdə heç vaxt iqtisadi maraq güdməyib, siyasi maraqlar güdüb. Bu layihələrdə az faizlə də olsa iştirak etməklə Rusiya regionda özünün mövcudluğunu qoruyub saxlamağa çalışır. Bu layihənin "LUKoyl" üzündən sanksiyalara düşməsi Rusiyadan başqa hamıya ziyan ola bilər".
Məhəmmədəli QƏRİBLİ