Xəzərdə Azərbaycanın qonşularından olan Türkmənistanla bağlı son vəziyyət Aşqabadın enerji nəqli məsələsində ölkəmizə ehtiyacının əhəmiyyətli dərəcədə artdığını göstərir. Xatırladaq ki, Türkmənistan indiyə qədər hasil etdiyi qazı üç istiqamətdə ixrac edirdi. Bunlardan biri İran, digəri Rusiya, üçüncüsü Çin istiqamətində idi. Hazırda Çin istisna olmaqla, digər istiqamətlərə qaz nəql edilmir. Çinin ödədiyi qiymət isə Aşqabad üçün sərfəli sayılmır. Belə vəziyyət Türkmənistanın qaz nəqlindən istədiyi həcmdə gəlir əldə etməsini əngəlləyir.
İndilikdə görünən odur ki, İran və Rusiya bu gedişlə qarşıdakı dövrdə də Türkmənistandan qaz almayacaq. İran parlamentinin deputatı Əsədulla Karehani bu xüsusda bildirib: "İran artıq Türkmənistandan qaz idxalı üçün zərurət görmür". Bu arada gələn həftə İranda yeni 175 kilometrlik boru kəmərinin işə salınması planlaşdırılır. Boru kəməri lazım olan qazı ölkənin şimal regionlarına çatdıra biləcək. Bununla ölkənin şimal rayonları üçün Türkmənistandan qaz almağa ehtiyac qalmayacaq. Əsədulla Karehani isə bu durumda İranın Türkmənistandan qaz çatdırılmasına dair müqaviləni birtərəfli pozmağa görə dəymiş zərərin məhkəmə qaydasında ödənilməsini tələb edəcəyini deyib: "2007-ci ildə Türkmənistan İranı çıxılmaz vəziyyətdə qoyub və İranın qaz idxalı üzrə alternativ variantları olmadığı zamanda qiymətləri qaldırıb. Türkmənistan öhdəliklərə əməl etmədiyinə görə cərimə olunmalıdır". Türkmənistan isə İran tərəfinin iddiaları ilə razılaşmır. Rusiya da şərtlər dəyişməyincə türkmən qazının alışında maraqlı olmadığını bildirir. Bu durumda türkmən qazının Azərbaycandan keçməklə Avropaya nəqlinə imkan verən ən optimal variant kimi "Transxəzər" kəmərinin çəkilişi Aşqabad üçün daha da aktuallaşır.
Türkmənistan indi bu kəmərin mümkün qədər tez çəkilişinə maraq göstərir. Azərbaycan isə ərazisi vasitəsilə türkmən qazını Avropaya nəql etməyə hazır olduğunu bildirir. Qeyd edək ki, bu məsələ Azərbaycan, Türkiyə və Türkmənistanın xarici işlər nazirlərinin bir neçə gün əvvəl Bakıda baş tutan dördüncü üçtərəfli görüşü zamanı da xüsusi diqqət mərkəzində olub. Tərəflərin burada qəbul etdiyi birgə bəyanatda enerji sahəsində əməkdaşlığın inkişafının vacibliyi nəzərə alınaraq, Azərbaycan və Türkmənistan təbii qazının Azərbaycan və Türkiyə vasitəsilə Avropa, eləcə də digər beynəlxalq bazarlara ötürülməsinin xüsusi əhəmiyyəti qeyd olunub. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə məsələ ilə bağlı maraqlı açıqlamalar verib: "Biz enerji sahəsində əməkdaşlığımızı daha da genişləndirmək niyyətindəyik. Bu il Aşqabadda Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin görüşü keçiriləcək. Burada enerji məsələsi də geniş müzakirə ediləcək".
Xatırladaq ki, Türkmənistan qazının Xəzərin dibi ilə "Cənub Qaz Dəhlizi"nə qoşulması istiqamətində həm ABŞ, həm Avropa, həm də Türkiyə tərəfindən cəhdlər edilir. Türkmənistanda qaz ehtiyatları boldur və o bu layihəyə qoşulsa, "Cənub Qaz Dəhlizi" vasitəsilə Avropaya böyük həcmdə qaz sata bilər. Belə vəziyyətdə Aşqabad üzləşdiyi indiki çətin vəziyyətdən də asanlıqla qurtula bilər. Su hövzəsində təbii qaz ehtiyatlarına görə dünyada dördüncü yerdə olan Türkmənistan "Transxəzər" layihəsinin reallaşması ilə enerji gücünü daha sərfəli formada istifadə etmək istəyir. Aşqabadın enerji siyasəti Türkiyəni yaxından maraqlandırır. Elə "Transxəzər" layihəsi də ötən əsrin sonlarında məhz Türkiyə tərəfindən gündəmə gətirilib. Hesab edilir ki, "Transxəzər" layihəsi gerçəkləşəcəksə, bu, Xəzər bölgəsində tamam fərqli bir vəziyyət yarada bilər. Həmin vəziyyət Azərbaycanın həm də tranzit ölkə kimi dünyada mövqelərini daha da gücləndirə bilər. Ən əsası isə, "Transxəzər" layihəsi gerçəkləşərsə, bu, "Cənub Qaz Dəhlizi"nin vacib hissəsi olacaq.
Xatırladaq ki, Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 "Cənub Qaz Dəhlizi" dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Bu zəncirin halqalarını isə "Şahdəniz-2", "Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi" (CQBKG), TANAP və TAP qaz boru kəmərləri layihələri təşkil edir. Bu dəhlizlə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır. Amma Türkmənistanın həmin layihəyə qoşulması ilə həm Türkiyə, həm də Avropaya daha çox həcmdə qaz nəqlini həyata keçirmək mümkündür.
Tahir TAĞIYEV