ABŞ-la Rusiya arasında gedərək kəskinləşən münasibətlər öz geosiyasi və geoiqtisadi nəticələrini kifayət qədər geniş coğrafiyada göstərir. Yəni tərəflər arasında ziddiyyətlər təkcə bu ölkələrin özləri ilə məhdudlaşmır. Məsələn, sirr deyil ki, 2014-cü ildən başlayaraq Rusiyaya tətbiq edilən sanksiyalar MDB ölkələrinə də bu və ya digər dərəcədə təsir göstərdi. Amma bu təsir ölkələr üzrə fərqləndi.
Yenə də konkret nümunələrdən bəhs etsək, deyə bilərik ki, Rusiyaya tətbiq edilən sanksiyalar Azərbaycana hansısa formada ciddi təsir göstərmədi. Çünki Azərbaycanda əhalinin maddi rifah halı, iqtisadiyyatın vəsaitlə təmin edilməsi Rusiyadan daxil olan transfertlərdən qəti şəkildə asılı deyil. Əksinə, Rusiyanın Avropaya tətbiq etdiyi embarqo fonunda Azərbaycan şimal istiqamətində daha çox məhsul satışını həyata keçirə bildi.
Amma Ermənistan barəsində eyni sözləri söyləmək mümkün deyil. Əvvəla Ermənistan, digər sahələrdə olduğu kimi, iqtisadi sferada da əhəmiyyətli dərəcədə Rusiyadan asılı ölkədir. Ölkənin bütün aparıcı iqtisadi müəssisələri Rusiya şirkətlərinin əlindədir. Erməni əhalisinin dolanışıq səviyyəsi, maddi rifah halı isə yenə Rusiyadan göndərilən pullardan asılıdır. Son dövrlərdə həmin pulların azalması erməni əhalisinin vəziyyətini daha da pisləşdirib. Bu mənada aydındır ki, Rusiyada vəziyyətin pisləşməsi öz təsirini dərhal Ermənistanda da qabarıq şəkildə büruzə verir. İndi erməniləri qorxudan əsas məqamlardan biri Rusiyaya qarşı yeni sanksiyalardır. Hesab edilir ki, bu hal ermənilərin durumunu daha da ağırlaşdıracaq və belə vəziyyət öz növbəsində Dağlıq Qarabağ münaqişəsinə də təsirini göstərəcək. Yəni Ermənistanın daha zəif dövlətə çevrilməsi ilə onun Azərbaycan ərazilərini yenidən uzun müddət işğal altında saxlaması müşkül məsələyə çevriləcək. Digər tərəfdən erməniləri qorxudan həm də odur ki, ABŞ-ın Rusiyaya qarşı sanksiyaları yenidən gündəmə gətirməsi, ardınca Rusiyanın 755 amerikalı diplomatı ölkədən çıxarması ilə başlanan böhran Qarabağda yeni müharibəni tətikləyə bilər. Çünki yeni sanksiyalardan əziyyət çəkən Rusiya Qarabağ savaşını durdurmaq imkanlarını da itirmiş olacaq, Ermənistana yetərincə yardım göstərə bilməyəcək. Erməni siyasi şərhçi Sarkis Artsruni isə hesab edir ki, Rusiya-Amerika böhranı ATƏT-in Minsk Qrupunun fəaliyyətini daha da effektsiz edəcək: "Bu, mövcud status-kvonun möhkəmləndirilməsi baxımından Ermənistanın xeyrinə görünə bilər. Lakin ən böyük təhlükə münaqişənin həlli ilə bağlı ümidlərin boşa çıxmasından sonra Azərbaycanın güc variantına əl atmasıdır. Bu baxımdan, Qarabağda yeni müharibə risqləri artır". Erməni şərhçi əlavə edir ki, Rusiya dünyada sıxışdırıldıqca Qafqaz siyasətini sərtləşdirə bilər: "Rusiyanın Qarabağ məsələsində Ermənistanı qurban verərək, Qafqazda möhkəmlənə biləcəyi variantı bu gün ön plana çıxıb".
Belə vəziyyətdə Ermənistanda Rusiyadan duyulan narazılığın daha da artması gözlənilir. Əslində, bu narazılıq indidən başlayıb. Hətta Ermənistanın üzv olduğu Avrasiya İqtisadi İttifaqından çıxması barədə çağırışlar yenidən artır. Məsələ ilə bağlı verilən məlumata əsasən, Ermənistan Qloballaşma və Regional Əməkdaşlıq üzrə Analitik Mərkəzin rəhbəri Stepan Qriqoryan Moskvanı sərt ittiham edib. O, Rusiyanın Avrasiya İqtisadi İttifaqını Ermənistana heç bir yardım təklif etmədən, yalnız öz maraqlarını düşünərək qurduğunu deyib: "Demokratiya haqqında çoxdan danışırıq və bu gün ABŞ-da gördüyümüz şey demokratiyanın klassik nümunəsidir. Hakimiyyətə gələn prezident Donald Tramp öz siyasətini yürütdü, çoxları onun Rusiya ilə yaxın olduğunu düşünürdü. Amma prezidentin fikirləri Konqres və hətta öz partiyasının üzvləri ilə üst-üstə düşmədi. Nəticədə Rusiyaya sanksiyalar qoydular. İndi çarəsiz vəziyyətdə qalan Rusiya öz oyun qaydalarını tətbiq edir. Bu qaydalara görə isə, ziyan görən Avrasiya İqtisadi İttifaqı ölkələri olacaq. Rusiyada sosial-iqtisadi vəziyyətin pisləşməsinə görə Ermənistan özünə yeni yol xəritəsi cızmalıdır. Çünki ABŞ və ya Rusiya üçün yaxşı olan hər şeyin Ermənistan üçün də yaxşı olması real deyil". Erməni iqtisadçı Vilen Xaçatryan da bu aspektdən çıxış edərək bildirib ki, Ermənistanı ciddi problemlər gözləyir: "Ermənistanın ixracının 22%-i Rusiyaya gedib. Bu olduqca böyük rəqəmdir. Bu onu göstərir ki, Ermənistan Rusiyadan sonra sanksiyadan ən çox zərər görən müttəfiq olacaq. Problem bununla məhdudlaşmır, başqa ölkələrin malları da Rusiya vasitəsilə bura gəlir. Bu da ciddi iqtisadi zərbədir, çünki bu birbaşa məhsulların qiymətinin yüksəlməsi deməkdir".
Ermənistan xarici işlər nazirinin keçmiş müavini Arman Navasardyan da etiraf edir ki, ABŞ-ın tətbiq etdiyi sanksiyalardan sonra İrəvanın işi çətin olacaq. Çünki Ermənistan ABŞ və Rusiya arasında manevr edə bilməyəcək. O, ABŞ-ın dünyada iqtisadi planda liderlik etdiyini, hərbi planda isə Rusiyanın ABŞ-la bir səviyyədə olduğunu vurğulayıb: "Soyuq müharibə"dən sonra Rusiya çökmüşdü, ancaq Vladimir Putin ölkəni bu vəziyyətdən çıxardı, hərbi baxımdan ABŞ-la eyni səviyyəyə qaldırdı. Bu isə ABŞ-ın ürəyincə deyil. ABŞ-ın siyasəti birbaşa Putinə qarşı yönəlib, bu bəzi erməni dairələrində də müşahidə olunur. Putin getsə, Ermənistan indiki gününə şükür eləməli olacaq. Çoxlarını Putin amili çəkindirir: Türkiyə məsələsində, Qarabağ məsələsində və bir çox digər məsələlərdə. Nədir, yoxsa siz hesab edirsiniz ki, Moskvada ancaq müstəsna olaraq erməniyönümlü siyasi xadimlər oturublar? Xeyr, orada Türkiyənin, Azərbaycanın də xeyli müdafiəçiləri var. Ona görə də Putin getsə, biz indiki günümüzə şükür eləməli olacağıq".
Beləliklə, proseslərin gedişi qarşıdakı günlərdə Ermənistanı yeni böyük problemlərin gözlədiyini deməyə əsas verir. Yuxarıda qeyd olunduğu kimi, bu durumda Ermənistanı iqtisadi və digər sahələrdə böyük problemlər gözləyir. Belə vəziyyətdə Ermənistanın Qarabağ məsələsində özünü, belə demək olarsa, yenə ərköyün uşaq kimi aparması da çox çətinləşəcək. Xüsusən də münaqişənin çözümü hərbi müstəvidə olacağı təqdirdə zəif istisadiyyata malik Ermənistanın Azərbaycanla savaşı girməsi intihara bərabər bir hal olacaq. Əslində, bütün bunları Ermənistanda da yaxşı görür və dərk edirlər. Ona görə də Rusiya və ABŞ arasında yeni sanksiyalar savaşından ən çox əndişələnən tərəflərdən biri məhz Ermənistandır.
Ermənilər yaxşı bilir ki, Rusiyanı zəifləməsi halında onun Qarabağ münaqişəsinə diqqəti də azalacaq. Prioritet hədəflər bu durumda Rusiya üçün ölkədaxili iqtisadi vəziyyəti düzəltmək olacaq. Belə durumda Moskvanın Qarabağ konfliktinə əvvəlki diqqəti ayırması, təbii ki, mümkünsüz hala gəlir. onda yaranmış situasiyada Ermənistan ya danışıqlar yolu iəl Azərbaycanla razılığa gələrək qarabağ konfliktinin həllində maraqlı olduğunu göstərməlidir, ya da savaşa hazır olmalıdır. Amma indinin özündə zəif iqtisadiyyata malik Ermənistanın Azərbaycanla müharibə apara bilməsi də qeyri-mümkün sayılır. Azərbaycan isə lazım bildiyi anda ərazi bütövlüyünü güc yolu ilə bərpa edəcək. Hətta ermənilər indi ondan qorxur ki, Azərbaycan bu varianta yaxın tezlikdə start versin. Erməni politoloq Ayk Martirosyan bu xüsusda bildirir: "Azərbaycanla müharibə yaxındır, bir neçə aya toqquşma başlaya bilər. Bütün hallarda müharibədən qaçmaq imkanı yoxdur". Onun sözlərinə görə, hər şey müharibəyə aparır: "Azərbaycan müharibəyə çox yaxşı hazırlanır. "Aprel müharibəsi" test xarakteri daşıyırdı. Azərbaycan bu testin öhdəsindən uğurla gəldi". Erməni politoloq Ermənistanın yuxulu vəziyyətdə olmasından şikayətlənib: "Təəssüf ki, Ermənistan cəmiyyəti yarıyuxulu vəziyyətdə gəzir. "Aprel müharibəsi" başa çatdı və hər kəs öz şəxsi işinə qayıtdı. Halbuki, böyük müharibə yaxındadır. Müharibənin olmaması variantı artıq aradan qalxıb". Eyni mövqeni Avropada Perspektiv və Təhlükəsizlik İnstitutunun (IPSE) geosiyasətçisi və tədqiqatçısı İlan Syalom da bölüşür. Tədqiqatçı beynəlxalq ictimaiyyətin, bütün diqqətlər Suriya və Şimali Koreyaya yönəldiyi halda, Dağlıq Qarabağ münaqişəsini lazımınca qiymətləndirmədiyini qeyd edib: "İyirmi beş ildir ki, Azərbaycan ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal olunub və nəticədə minlərlə insan həyatını itirib, yüz minlərlə insan qaçqın düşüb. 2016-cı ilin aprel ayında 4 gün davam edən döyüşlər 200-ə yaxın insanın ölümü ilə nəticələnib. 4 iyul tarixində isə Ermənistan silahlı bölmələrinin atdığı top atəşi nəticəsində iki nəfər mülki şəxs - nənə və onun 2 yaşlı nəvəsi dünyasını dəyişib. Top atəşi Azərbaycan ərazisinin tərkibində, sərhəddən 5 kilometr aralıda yerləşən Alxanlı kəndinə qəsdən tuşlanıb. Bu faciəvi hadisəyə reaksiya verənlərin sayı hədsiz çox oldu. Ünvanladığı açıq məktubunda Avropa Parlamentinin vitse-prezidenti Riçard Çarnetski və Azərbaycan üzrə Avropa Parlamentinin məruzəçisi Norika Nikolay Ermənistanın təcavüzünü pisləyərək bildiriblər ki, mülki şəxslərin, qadınların və uşaqların qəsdən qətlə yetirilməsi yolverilməzdir və buna dərhəl son qoyulmalıdır. BMT tərəfindən Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdan çıxmasını tələb edən 4 qətnamənin qəbul olunmasına baxmayaraq, işğal davam etməkdədir. Dağlıq Qarabağ münaqişəsinin həlli vacibdir. ABŞ və Avropa İttifaqının Bakıya siyasi, diplomatik və hərbi dəstək göstərməsi çox önəmlidir. Qafqazda yerləşən Azərbaycan Vaşinqton və Brüsselin reginda ən stabil və etibarlı tərəfdaşıdır. Bu durumda Qərb Qarabağ məsələsinin dinc yolla həllində aktiv olmasa, yaxın tezlikdə müharibə qaçılmazdır".
Aydındır ki, müharibə hər iki tərəf üçün itkilər deməkdir. Amma itkilərin miqyası baxımından ən çox zərər görən tərəf Ermənistan olacaq. İlk növbədə ona görə ki, indiki dağılmış iqtisadiyyatı ilə Ermənistanın hərbi əməliyyatları davam etdirməsi mümkün olmayacaq. İkincisi, Rusiyaya qarşı Qərbin yeni sanksiyaları Ermənistana Moskvanın yardımlarını daha sürətlə azaldacaq. Bu vəziyyət Ermənistanın üzləşdiyi çətinliklərin miqyasının daha da artması deməkdir. Bu səbəbdən ermənilər üçün ən yaxşı çıxış yolu, dəfələrlə deyildiyi kimi, Azərbaycanla Qarabağ məsələsində danışıqlar stolu arxasında razılığa gəlməkdir. Məhz bu vəziyyətdə Ermənistan özünü böyük problemlərdən xilas etmiş olar və Rusiyadan da asılılığı əhəmiyyətli dərəcədə azalar. Bunu Ermənistanda, sayları hələlik az olsa da, bəyan edənlər var.
Nahid SALAYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.