Yeganə Hacıyeva: "Millsin Ermənistana bildirdiyi iradlar da məhz həmin kampaniyanın tərkib hissəsidir"
ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills İrəvanı bir qədər müstəqil qərarlar qəbul etməyə çağırıb. O qeyd edib ki, Ermənistan xüsusilə də milli maraqlarına aid olan məsələlərlə bağlı müstəqil qərarlar qəbul etməlidir: "Ermənistanın həm Rusiya, həm də ABŞ-la geniş əlaqələri ola bilər. Ancaq bunun üçün Ermənistanın müstəqil siyasət yürütdüyü nəzərə çarpmalıdır. İki ölkə arasındakı münasibətlər uzun illərdir davam edir. Hiss edilir ki, Ermənistan həm ətrafında olan ölkələr və NATO ilə sıx təmaslar qurur".
Millsin bu açıqlaması Putinin Rusiya-Ermənistan birgə qoşunu ilə bağlı sənədi ratifikasiya etməsindən sonraya təsadüf etdi. Ermənistan bundan hansı nəticəni çıxara bilər?
Politoloq Yeganə Hacıyeva qəzetimizə bildirdi ki, ABŞ səfirinin bu açıqlaması təsadüfən meydana çıxmayıb: "ABŞ Ermənistanı Rusiyanın cəngindən qoparmaq istəyir. Ancaq görür ki, bu asan məsələ deyil. Çünki Ermənistanın yalnız sözdə müstəqilliyi var. Qalan bütün məsələlər Rusiyanın əlindədir. Rus qoşunları, hərbi bazaları Ermənistandan çıxarılmayıb. Əksinə, iki ölkə arasında birgə qoşun növü də yaradılıb. Səfir Ermənistana mesaj verir ki, heç olmasa ölkənin taleyüklü məsələlərini öz nəzarətində saxlasın və bu istiqamətdə ciddi dəstək də vəd edir. Yadınızdadırsa, oxşar açıqlama ilə Mills bir müddət əvvəl də çıxış etdi. Onda da ABŞ şirkətlərinin Ermənistana investisiya qoymaq kimi marağı vardı. Həmin vaxt da Mills dedi ki, bunu yalnız Ermənistandakı biznes mühitinin tam demokratikləşdiyi zaman edə bilərlər. Bütün bunlarla ABŞ sübut edir ki, Ermənistanla əlaqələri Rusiya faktoru səbəbindən genişləndirə bilmir. Ancaq buna baxmayaraq, ABŞ Ermənistana ciddi təzyiqlər də etmir. Hətta erməni adı ilə Suriyaya yerləşdirilən bəzi terrorçuların maliyyələşməsinə yardım da ayırır. ABŞ-ın bu narahatlıqlarına baxmayaraq, Ermənistanın Rusiyanın cəngindən qoparılması asan olmayacaq. Çünki Sarkisyan hakimiyyəti heç vaxt bunu edə bilməz. Bütün bunlara baxmayaraq, ABŞ Cənubi Qafqazdakı mövqeyi uğrunda savaş aparmağa hazır olduğunu ortaya qoyur. Xüsusilə də Tramp administrasiyasının hakimiyyətə gəlişindən sonra ABŞ Cənubi Qafqaza daha böyük maraq göstərməyə başlayıb. Millsin Ermənistana bildirdiyi iradlar da məhz həmin kampaniyanın tərkib hissəsidir".
Məhəmmədəli QƏRİBLİ