Əli Orucov: "Tamamilə neytral bir mənbəyə istinad etsək görərik ki, Zakir Həsənov tam əsaslı danışıb"
Dağlıq Qarabağdakı separatçı rejimin "müdafiə naziri" bildirib ki, Azərbaycanın onlarda olan "İsgəndər" raketlərini zərərsizləşdirməyə malik olan silahları yoxdur.
Qeyd edək ki, bu yaxınlarda Azərbaycanın müdafiə naziri Zakir Həsənov "RİA Novosti"yə müsahibəsində Ermənistanın Rusiyadan aldığı "İsgəndər" raket kompleksləri haqda danışıb. Belə ki, Z.Həsənov Azərbaycanın "İsgəndər"ləri məhv etmək gücünə malik silahlarının olduğunu deyib: "Müdafiə naziri olaraq bəyan edirəm ki, bizim "İsgəndər" raketlərinə qarşı sistemimiz var. Bizim də raketlərimiz var, onların sayı 50 dəfə çoxdur. Dediklərimə görə tam məsuliyyət daşıyıram. Təsəvvür edin, onlar bunu tətbiq etmək fikrinə düşsələr, hərbi hədəflərə və infrastruktura cavab atəşi necə olacaq?"
Z.Həsənov qeyd edib ki, Azərbaycan həmin raketləri Rusiyadan almasa da, keyfiyyət baxımından analoqlarından geri qalmır: "İsgəndər" yaxşı raket sistemidir. Lakin bir neçə sual var. İlk növbədə bu hansı "İsgəndər"dir? Onların bir neçə növü var. İkincisi, həmin "İsgəndər"lərin vəziyyəti necədir? Üçüncüsü, kim o "İsgəndər"ləri idarə edir? Dördüncüsü, onlar "İsgəndər"ləri tətbiq edə biləcəklərmi? Hərbçi olaraq, biz həmişə ən pis variantı nəzərdən keçiririk, ona hazırıq. Düzdür, biz o raketləri Rusiyadan almamışıq, lakin keyfiyyətinə görə heç də geri qalmır. Mən sizə deyim, biz döyüş atəşləri həyata keçirmişik, nəticə əladır. Əminik ki, yaşayış məntəqələri və Silahlı Qüvvələrimizi müdafiə edə bilərik". Müdafiə nazirinin bu sözləri Ermənistanda ciddi təşvişlə qarşılanıb. Çünki Ermənistan hakimiyyəti erməni ictimaiyyəti qarşısında "İsgəndər" raketləri ilə öyünürdü.
Qondarma qurumun "müdafiə naziri"ni təkidlə Zakir Həsənovu təkzib etməyə nə vadar edib? Azərbaycan "İsgəndər"ləri hansı silahlarla vura bilər?
AMİP Siyasi Şurasının üzvü Əli Orucov qəzetimizə bildirdi ki, Z.Həsənovun müvafiq açıqlaması erməniləri ciddi əndişəyə salıb: "Ona görə də onlar qurduqları "İsgəndər" mifinin dağılmasından qorxur. Hər halda, müdafiə naziri ciddi arqumentlərə əsaslanaraq bu açıqlamanı verib. Ancaq qondarma qurumun rəsmisi yalnız söz yığını olan mövqeyilə guya onu təkzib edir. Tamamilə neytral bir mənbəyə istinad etsək görərik ki, Z.Həsənov tam əsaslı danışıb. Yalan danışan ermənilərdir. Rusiya mətbuatı Azərbaycanın silah arsenalında "İsgəndər"i məhv edəcək raket sisteminin olduğunu yazıb. Misal üçün, bu raketlərin qarşısını kəsə biləcək sistemlərdən biri "Favorit" S-300PMU-2 var. Bu sistem Rusiya istehsalıdır və Azərbaycan Ordusunun arsenalında var. S-300PMU-2 saniyədə 2,8 kilometr sürətlə 40 kilometr uzaqlıqdakı hədəfi məhv edə bilər. Bununla yanaşı, Azərbaycanın İsraildən aldığı orta mənzilli "Barak 8" raket sistemi də "İsgəndər"in qarşısını ala biləcək silahlar sırasında qeyd edilir".
Məhəmmədəli QƏRİBLİ