Son aylarda yayılan və kifayət qədər maraq doğuran məlumatlardan biri də Ermənistanda Azərbaycan istehsalı olan məhsulların satılmasıdır.
Qeyd edək ki, MDB məkanına, xüsusən də qonşu Rusiya və Gürcüstana Azərbaycan istehsalı olan məhsulların ixracı gedərək artır. Özü də həmin məhsulların keyfiyyət və digər göstəriciləri kifayət qədər yüksəkdir. Bu fonda erməni, eləcə də rus və gürcü iş adamlarının Azərbaycan məhsullarını Gürcüstan və Rusiyada alıb Ermənistana aparması hallarına da rast gəlinir. Əvvəllər Ermənistanda Azərbaycan məhsulları peyda olanda bunun ətrafında böyük səs-küy qalxırdı. Amma deyəsən, Azərbaycan məhsullarının dadı ermənilərin fikrini gedərək dəyişir. Bunu Ermənistan Dövlət Qida Təhlükəsizliyi İdarəsinin rəhbəri Artur Nikoyanın açıqlamaları da təsdiq edir. Nikoyan ölkəsində Azərbaycan məhsullarının satılmasını mümkün sayır: "Ermənistan qanunvericiliyi Azərbaycan mallarının idxalını qadağan etmir, lakin bəzən qanunsuz vasitələrlə Ermənistana Azərbaycan məhsulları gətirilir".
O bildirib ki, idxal məhsulları Ermənistana müvafiq sənədlər olmadan keçirilə bilməz. Nikoyan bu cür malları ticarət dövriyyəsinə buraxan sahibkar və satıcıları günahlandırıb. O, bu şəxslərin cəzalandırılacağını deyib: "Azərbaycan malları ölkəyə qanuni yolla gətirilibsə, laboratoriyalarda yoxlanmalı, daha sonra bazara buraxılmalıdır. Bu məhsullarda sağlamlığa zərər vuracaq maddə aşkar edilməsə, Ermənistan bazarında onların satışı problem olmayacaq".
Qeyd edək ki, ötən həftələrdə Ermənistanda sosial şəbəkələrdə Azərbaycan istehsalı konfetlərin satılması barədə şəkillər yayılmışdı. Həmin konfetlərin Rusiyadan Ermənistana aparıldığı iddia edilmişdi. Bu məsələ ötən ay gündəmə gəlmişdi. Həmin vaxt yerli telekanallardan birinin redaktoru Lori Narine Avetisyan Azərbaycan istehsalı olan konfetləri qohumlarının evində olarkən gördüyünü bildirmişdi. Məlum olmuşdu ki, qənnadı məhsulları Vanadzor şəhərinin mərkəzi bazarından alınıb. Mərkəzi bazara yollanan jurnalistə həqiqətən həmin konfetlərin satışda olduğunu, lakin satılıb qurtardığını bildirmişdilər.
Xatırladaq ki, bu ilin aprelində İrəvan bazarında "Product of Azerbaijan" nişanı ilə satılan almaların olması səs-küy yaratmışdı. Meyvələrin satışda olması ilə bağlı məlumat yayılandan sonra Ermənistanın Qida Məhsullarının Təhlükəsizliyinə Nəzarət Dövlət Xidməti yoxlama keçirərək meyvələri satışdan yığışdırmışdı. İddia olunurdu ki, almalar təhlükəli ola bilər. Amma Ermənistan Dövlət Qida Təhlükəsizliyi İdarəsi yoxlamalardan sonra rəsmi açıqlama yayaraq bildirdi ki, İrəvanın və bir sıra vilayətlərin ticarət nöqtələrində aparılan yoxlamalar zamanı 500 kiloqramdan çox Azərbaycan istehsalı alma təmiz olub. İdarənin açıqlamasına görə, almalardan nümunələr ekspertizaya göndərilib. Ekspertiza nəticəsində almaların tərkibində hansısa zərərli maddələr-deltametrin, dimetoad, metalaksil, tsipermetrin, DDT və onun metabolitləri aşkar edilməyib. Amma buna rəğmən, məhsulun təhlükəsizliyinə zəmanət verən heç bir sənəd olmadığından almaların məhvinə qərar verilib. Elə bunun ardınca Ermənistanın Dövlət Gəlirləri üzrə Komitəsinin mətbuat xidməti Azərbaycan mənşəli bir sıra malların idxalının qarşısının alındığı barədə xəbər yaydı. Xəbərdə bildirilirdi ki, "Bavra" gömrük-keçid məntəqəsinin əməkdaşları Gürcüstandan Ermənistana gəlmiş maşınlarda yarım tondan çox Azərbaycan mənşəli qida duzu və çayı aşkar ediblər.
Ermənistana almalar, duz və çay aparılması ilə bağlı qalmaqallardan sonra orada Azərbaycan istehsalı olan quru südün idxalı üzə çıxdı. Ermənistanın Dövlət Gəlirləri üzrə Komitəsinin sədri Vardan Arutunyan da faktı təsdiqlədi. Maraqlıdır ki, əvvəllər ermənilər Azərbaycan məhsulları ilə bağlı məsələ ətərafında böyük hay-küy qaldırsalar da, indi Artur Nikoyanın açıqlamaları vəziyyətin müəyyən qədər dəyişdiyini göstərir. Belə görünür ki, çətin sosial-iqtisadi problemlər məngənəsində boğulan ermənilər Rusiya və Gürcüstandan daha çox həcmdə Azərbaycan məhsulları alacaq. Amma işğal siyasətinə son qoyduqları halda həmin məhsulları elə Azərbaycanın özündən daha ucuz qiymətə ala bilərlər. Hər halda, ermənilər gedərək daha yaxşı başa düşür ki, regionun aparıcı dövləti olan Azərbaycanla normal münasibətlər qurulmadan hansısa inkişafdan söhbət gedə bilməz. Azərbaycanla münasibət üçün isə işğal siyasətinə son qoyulmalıdır.
Tahir TAĞIYEV